Jurnalist: “Bir cəbrayıllının, ağdamlının ata-baba torpağını hansısa şirkət “minalardan təmizlənənə qədər” illərlə əkib-biçməli, faydalı qazıntılardan istifadə etməli deyil”
Deputat: “Şəhərləri dövlət plana uyğun tiksin, buna bir sözümüz yoxdur, amma kəndləri kəndçilərin özləri qurmalıdırlar”
İşğaldan azad edilən ərazilərdə Azərbaycan hökuməti tərəfindən dağıdılan infrastrukturun bərpası istiqamətində bir çox addımlar atılmaqdadır. "Böyük Qayıdış" planına uyğun olaraq ermənilər tərəfindən vəhşicəsinə darmadağın edilən rayonlarda bərpa-quruculuq işləri sürətlə həyata keçirilir. Xüsusən də, yol çəkilişində müsbət nəticələr əldə edilib. Artıq Qarabağ və Şərqi Zəngəzurda hərəkəti təmin etmək üçün bir sıra məntəqələri birləşdirən yol çəkilərək istifadəyə verilib. Hazırda bu işlər davam etməkdədir.
Qısa müddətdə Füzuli Beynəlxalq Aeroportunun tikilib istifadəyə verilməsi, Zəngilanda və Laçında aeroportların inşasının davam etdirilməsi, eyni zamanda, Zəngilanda "Ağıllı kənd" layihəsi çərçivəsində evlərin inşa edilməsi, elektrik stansiyalarının inşası, Suqovuşanda evlərin bərpası və s. kimi sadaladığımız və sadalamadığımız bir sıra işlər onu deməyə əsas verir ki, Azərbaycan hökuməti ərazilərimizə tez zamanda qayıdışda maraqlıdır. Hökumət qayıdışı mümkün qədər tezləşdirmək istəyir.
Ekspertlər, ictimaiyyət nümayəndələri də Qarabağa qayıdışın tezliklə həyata keçirilməsinin, əhalinin yavaş-yavaş öz doğma kəndlərinə, rayonlarına köçürülməsinə başlanılmasının vacib olduğunu bildirirlər. Qeyd olunur ki, əhalinin ərazilərə köçürülməsi həm həm mənəvi-maddi, həm də siyasi baxımdan əhəmiyyətlidir. Necə deyərlər: torpağın əsl sahibləri torpaqlarına qayıtmalı, əkib-becərməli, təsərrüfatları ilə məşğul olmalıdırlar.
Məlumdur ki, Qarabağ və Şərqi Zəngəzurun böyük hissəsi minalarla doludur. Minaların təmizlənməsi, ərazinin təhlükəsiz olması üçün xeyli zaman lazımdır. Bununla yanaşı, o da bəllidir ki, rayonlarımız barbar erməni tayfaları tərəfindən yerlə-yeksan edilib, daş-daş üstündə qoyulmayıb. Köç üçün şəraitin yaradılması, rayon və kəndlərin bərpası milyardlarla vəsait deməkdir.
Bunu Azərbaycan təkbaşına edə bilər, amma uzun müddət lazımdır. Söhbət yüz milyardlarla vəsaitdən gedir ki, dövlətin bir anda bu qədər yükü çəkməsi real görünmür. Çıxış yolu kimi ictimaiyyət nümayəndələrindən, qarabağlılardan maraqlı təklif var. Bəziləri hesab edirlər ki, ərazilərin bərpasında həmin rayonlardan olan şəxslər fərdi şəkildə iştirak edə bilərlər. O mənada ki, insanlara kəndlərdən qayda-qanunla keçmiş həyatyanı sahələri ayrılsın, icazə verilsin ki, özləri özlərinə ev tiksinlər, şərait yaratsınlar. Bununla həm dövlətin yükü azalar, həm də qayıdış sürətlənər.
2-ci Qarabağ müharibəsi iştirakçısı, torpaqların işğaldan azad edilməsində iştirak etmiş və təltif edilmiş jurnalist Məğrur Əli Polad hesab edir ki, Qarabağı heç bir dövlətin imkanları ilə tam bərpa etmək mümkün deyil. Onun sözlərinə görə, "daxili sərhədlər", polis postları götürülməli, insanlar torpaqlarına qayıtmalıdırlar: "Anlamaq lazımdır ki, Qarabağı xalq bərpa edəcək. Xalqın sahib olduğu əmək qüvvəsi, yeri gələndə həm də maliyyə qat-qat daha böyükdür. Yetər ki, azad olunmuş ərazilərdəki iqtisadi imkanlar hamı üçün bərabər olsun, proses şəffaf aparılsın. Daha bir cəbrayıllının, ağdamlının ata-baba torpağını hansısa şirkət "mina təmizlənənə qədər" illərlə əkib-biçib və ya faydalı qazıntılardan istifadə edib qazanmasın. Özü də bu sərvətlərin qanuni sahiblərinə heç nə ödəmədən”.
“Və ya biz qayıdanda ən gözəl yerlərdə kimlərinsə hazır otel-restoranlarını, bulaqları özəlləşdirdiklərini görməməliyik. Bu prosesdə hamıdan öndə məhz yerli əhali olmalıdır və yalnız şəhid ailələri, qazilərə müəyyən üstünlüklər verilə bilər. Çünki bu torpaqlar məhz onların canı-qanı bahasına azad olunub", - deyə jurnalist vurğulayıb.
O, misal gətirib ki, doğulduğu Füzuli rayonunun heç vaxt işğal altında olmamış hissəsindəki Dövlət Ehtiyat Fonduna daxil olan minlərlə hektar ərazi illər boyu cəmi bir neçə nəfər arasında bölüşdürülüb, onların mənafeyinə xidmət edib: “Maraqlıdır ki, bu adamların vurub-yıxan oğlanlarını, qohum-əqrəbalarını müharibədə görən olmadı. Mənim kimi haqqı çatan sadə adamlar, müharibənin birbaşa iştirakçıları torpaq üçün müraciət edəndə isə icra başçısının "yoxdur, hara istəyirsən şikayət elə" kimi özündənrazı cavabı hazırdır”.
“Əgər azad olunmuş ərazilər də bu cür prinsiplərlə bölüşdürüləcəkcə, əlbəttə, sadə insanlarda nə ora qayıtmaq həvəsi olacaq, nə də qurub-yaratmaq. Məcburi köçkün öz torpağına kiminsə otelində xidmətçi və ya kiminsə fermasında çoban işləmək üçün getməyəcək. Dünyanın elə bir ölkəsi qalmayıb ki, ordan Qarabağa, Şuşaya gedən olmasın. Qarabağlılar isə öz ölülərini hələ də başqa yerlərdə dəfn edirlər”, - deyə M.Ə.Polad vurğulayıb.
Və bir foto paylaşaraq fikrinə belə davam edib: "Bu foto 27 il işğalda olmuş, keçmiş təmas xəttinə yaxın, minalarla zəngin olan kəndimdə çəkilib. Özü də müharibədən cəmi bir neçə ay sonra. Necə olur, minalar ata-baba torpağımızı onun qanuni sahiblərinə heç nə ödəmədən kimlərinsə əkib-biçməsinə, qazanc əldə etməsinə mane olmur?! Əhalini dövlətdən narazı salan, Prezidentin apardığı siyasətə mane olan, qarabağlıların Qarabağa qayıdış həvəsini öldürən məmurlar, xüsusilə yeni idarəetmə sisteminin ayağından daş kimi asılmış icra hakimiyyətləri ortadan qaldırılmalı, hər kəs əməllərinə görə cəzasını almalıdır. DTX-nın qaramaskalıları çoxdandı görünmür”.
Jurnalistin bu fikirlərinə Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin rəhbəri İlqar Hüseynli də dəstək olub: “Qarabağı icma səfərbərliyi, qonşuluq, qohumluq, xalq birliyi ilə qurmaq lazımdır və təbii ki, dövlətin resursları ilkin kapital rolunu oynamalıdır. Bu barədə televiziyalarda dəfələrlə çıxışlar və təkliflər etmişəm. Füzuli Beynəlxalq Aeroportu, Zəfər yolu, su anbarları və.s layihələr vacibdir, stratejidir. Amma qayıdış xalqın iradəsilə olmalıdır. Hər kəsə öz torpağı prinsipilə!”.
Milli Məclis üzvü Aqil Abbas da AYNA-ya açıqlamasında yuxarıdakı fikirləri dəstəklədiyini söyləyib: “Mən bu təklifi Qarabağ azad edildiyi ilk gündən irəli sürmüşəm və zaman-zaman Milli Məclis tribunasından səsləndirmişəm. Parlamentdə, televiziyalarda demişəm, qəzetdə yazmışam ki, bizə icazə verilsin ki, dövlətimizə dəstək olaq. Ağdamlılara, kəlbəcərlilərə, füzulililərə, zəngilanlılara və digər rayonlarımızdan olam məcburi köçkünlərə imkan verilsin, şərait yaradılsın ki, gedək özümüzə ev tikək, bağ salaq”.
“Sağ olsun Məğrur, bu məsələni qaldırıb. Mən də hələ çoxdan demişəm. Hətta Milli Məclisdə dedim ki, tələbə-inşaat dəstələri yaradılsın, az maliyyə müqabilində gənclərimiz azad olunan ərazilərimizin quruculuğunda iştirak etsinlər. Bu təklifim də ictimaiyyətdə bir qədər yanlış anlaşıldı. Sözüm ondadır ki, mən də bu fikirlə razıyam ki, kəndlərimizi, evlərimizi özümüz bərpa etməliyik", - deyə deputat bildirib.
Xatırladıb ki, Qarabağda şəhərlər yeni üsulla bərpa olunur: "Ağdam yüz minlik bir şəhər kimi planlaşdırılıb. Məsələ burasındadır ki, planda mənim ərazim və ya bir başqasının ərazisi yola düşə bilər, hansısa strateji əhəmiyyətli xəttə düşər. Şəhəri başa düşdük, amma kəndlər var ki, orada imkan yaradılmalıdır. Ağdamda elə kəndlər var ki, yerindədir. Ev-eşiklər var ki, orada ermənilər yaşayıblar. Adamları buraxmaq lazımdır ki, getsinlər o kəndlərdə yaşasınlar, təsərrüfatları ilə məşğul olsunlar. Qalan dağıdılmış kəndlərə də buraxmaq lazımdır ki, insanlarımız gedib orada hərə özünün evini tiksin. Bu, həm dövlətin yükünü azaldar, həm iqtisadi canlanmaya səbəb olar. Vacib məqamdan biri də odur ki, əhali orada olanda hərbçilərimiz də ürəkli xidmət edəcəklər”.
"Ərazilər əhali arasında necə bölünməlidir?" sualına A.Abbasın cavabı belə olub: “Azərbaycanın digər rayonlarında əhaliyə ev tikmək, həyət salmaq üçün ərazi necə verilirsə, o formada verilmədlidir. Orada bələdiyyələr yaradılmalıdır. Bələdiyyələr də torpaqları bölməlidir, insanlara verməlidir. Digər rayonlardan fərqli olaraq, məcburi köçkünlükdən ata-baba yurduna qayıdan insanlara torpaq pulsuz verilməlidir. Onlar da öz evlərini özləri istədikləri formada tikməlidirlər. Azərbaycanda dövlət şəhərliyə ev tikib - hansısa planla. Amma heç vaxt kəndçiyə dövlət ev tikməyib. Yenə deyirəm, şəhərləri dövlət plana uyğun tiksin, buna bir sözümüz yoxdur. Amma kəndləri kəndçilərin özləri qurmalıdırlar. Hər halda mən istəyərəm ki, evimin yerində ev tikim. Bunun üçün dövlətə, aidiyyəti qurumlara müraciət etmişəm. Hələlik hansısa cavab verilməyib. Amma yenə Milli Məclisdə məsələni qaldıracam”.
Mənbə: "Ayna" qəzeti