Baş Nazir Əli Əsədov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformat şəklindəki müşavirədə Prezident İlham Əliyevin müharibə ilə əlaqədar verdiyi tapşırıqların icrası barədə məlumat verib.
Eləcə də bax: Prezidentin sədrliyi ilə müşavirə keçirilib - TAM MƏTN
FED.az xəbər verir ki, Baş Nazir qeyd edib ki, sentyabrın 27-dən başlayan Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin qarşısında tab gətirə bilməyən Ermənistan silahlı qüvvələri hərbi cinayət törədərək bizim mülki əhalini, şəhər, rayon və kəndlərimizi atəşə tutaraq öz xislətini göstərib:
“Bu təcavüz nəticəsində bizim mülki əhaliyə, dövlət əmlakına, infrastrukturumuza, sahibkarlarımıza çox ciddi zərər vurulub. Bu zərərlərin qiymətləndirilməsi və gələcəkdə kompensasiya edilməsi istiqamətində Sizin 6 noyabr tarixli Sərəncamınız olub. Sərəncamınızla Siz Dövlət Komissiyası yaratdınız və ona müvafiq konkret tapşırıqlar verdiniz. Sərəncamın icrası ilə bağlı Dövlət Komissiyasının gördüyü işlər barədə qısa məlumat vermək istərdim. Sərəncamla verilən tapşırıqların icrası ilə əlaqədar dərhal İqtisadiyyat, Maliyyə, Fövqəladə Hallar, Kənd Təsərrüfatı nazirliklərinin, Şəhərsalma və Arxitektura Komitəsinin, Respublika Prokurorluğunun, “ASAN xidmət” və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət 11 şəhər və rayonda 13 işçi qrupu yaradılıb. İşçi qruplarına mərkəzi icra orqanlarının - nazirlərin və komitə sədrlərinin müavinləri səviyyəsində rəhbərlik edilir.
Ümumiyyətlə, qiymətləndirmə ilə əlaqədar işlərə 200-dən çox məsul şəxs cəlb olunub. Ötən müddət ərzində zərər çəkmiş vətəndaşların özlərinin iştirakı ilə 10 min 300-dən artıq obyektə baxış keçirilib və qiymətləndirmə aparılıb. Qiymətləndirmədən sonra müvafiq aktlar tərtib edilib və təqdim olunub. Ən çox zərər çəkmiş Tərtər rayonunda dəymiş ziyanın ilkin proqnozdan dəfələrlə çox olduğu nəzərə alınaraq, orada işlər indi də davam etdirilir. Yaxın günlərdə bu işlər başa çatdırılacaq.
Cənab Prezident, toplanmış materiallara əsasən, dağılmış və qəzalı vəziyyətə düşmüş, o cümlədən ziyan dəymiş əmlakın bərpa dəyəri əsasında, nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və digər daşınmaz əmlak isə orta bazar qiyməti prinsipinə uyğun olaraq qiymətləndirilib. Bu günədək hesablanmış dəymiş ziyan 63,6 milyon manat həcmində qiymətləndirilir.
Cənab Prezident, vətəndaşların əmlakı ilə bərabər, dövlət əmlakına da ciddi ziyan dəyib. Belə ki, dövlət əmlakına - əsasən yol infrastrukturuna, elektrik, rabitə, qaz, su xətlərinə və digər infrastruktur obyektlərinə dəymiş ziyan toplam olaraq təqribən 27,4 milyon manat dəyərləndirilir. Ümumiyyətlə, bu günədək aparılmış qiymətləndirmə 91 milyon manat təşkil edir.
Bir neçə rəqəmi diqqətə çatdırmaq istəyirəm. Dağıdılmış və qəzalı evlərin sayı 264 idi. Bu, tam dağıdılmış, o cümlədən 10 çoxmənzilli bina Gəncə şəhərindədir. Ümumi fərdi yaşayış evlərinin sayı 9294-dür. 440 sahibkarlıq obyektinə, 227 nəqliyyat vasitəsinə, digər 18 obyektə, məktəblərə və sosial obyektlərə, 518 kənd təsərrüfatı obyektinə ziyan dəyib.
Möhtərəm cənab Prezident, Siz bu proses üçün komissiyaya 2 ay vaxt vermişdiniz. Tamamilə dağıdılmış, zərər çəkmiş binalarda yaşayan əhalinin şəxsi əşyalarına dəymiş ziyanın dərhal ödənilməsi ilə əlaqədar dekabrın 14-də Sizin Sərəncamınız olub. Sərəncama əsasən Siz 9 milyon 100 min manat vəsait ayırmısınız. O vəsaitdən qəzalı vəziyyətə düşmüş yaşayış evlərinə dəymiş ziyanla əlaqədar hər ailəyə 6 min, hər ailə üzvünə 1500 manat və ziyan dəymiş digər ailələrə 1000 manat ayrılması tapşırığı verilib. Bu tapşırıqla əlaqədar həmin kontingent siyahıya alınıb və bu da 6143 ailədir. Bu proses bank vasitəsilə konkret ailə üzvlərinə plastik kartlar açılmaqla yerli icra hakimiyyəti və maliyyə strukturlarının nəzarəti altında icra olunur. Dünənədək 25 faiz icra olunub. Söz verilir ki, qısa müddətdə - bir həftə ərzində bu proses başa çatdırılacaq”.