Azərbaycanla Ermənistan 30 illik münaqişənin sonunda sülhün astanasındadır, amma hazırda gündəlikdə olan üç konkret istiqamət üzrə fikir ayrılıqlarını aradan qaldırmaq üçün Ermənistan tərəfdən siyasi iradə gözləyir.
Azərbaycan XİN Armen Qriqoryana - CAVAB VERİB
FED.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı deyib.
Azərbaycan və Ermənistan arasında davam edən normallaşma prosesindən söz açan nazir bildirib ki, Ermənistanın təcavüzü nəticəsində, təxminən otuz il davam etmiş silahlı münaqişənin başa çatması və iki ölkənin öz müstəqilliklərini bərpa etdikdən sonqa, ilk dəfə olaraq bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət öhdəliyi ilə sülhün astanasındadır.
Nazir qeyd edib ki, münaqişə sona çatdıqdan sonra Azərbaycan xalqının uzun illər ərzində məruz qaldığı əzab-əziyyətə, məhrumiyyətlərə və dağıntılara baxmayaraq, Azərbaycan tərəfindən Ermənistanla davamlı sülhün təmin edilməsi istiqamətində fəal işin aparılır.
Sülhün qurulması, sabitliyin möhkəmləndirilməsi, dinc birgə yaşayışın təmin edilməsi, barışıq gündəliyinin irəli sürülməsi, iqtisadi inkişafa və əməkdaşlığa sərmayə qoyuluşu üçün imkan və real perspektivlərin olmasından bəhs olunub.
Nazir Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində ikitərəfli sülh sazişi mətni üzərində danışıqlar aparıldığını bildirib. Xatırladıb ki, son bir neçə həftə ərzində Vaşinqtonda, Brüsseldə, Moskvada və Kişinyovda keçirilən danışıqlar tərəflərin mövqeyini daha yaxşı anlamağa imkan yaradıb.
Ceyhun Bayramov bildirib ki, Azərbaycan ikitərəfli müzakirələrin gündəliyini formalaşdıran üç konkret istiqamət üzrə fikir ayrılıqlarını aradan qaldırmaq üçün Ermənistan tərəfdən qarşılıqlı siyasi iradə gözləyir. O bildirib ki, Ermənistanın Azərbaycanın suveren ərazilərində qeyri-qanuni hərbi mövcudluğunu davam etdirməsi, daxili işlərimizə ardıcıl müdaxilə, Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağ bölgəsinin erməni əsilli yerli sakinləri arasında dialoqa mane olması və beynəlxalq miqyasda, o cümlədən, ATƏT çərçivəsində qarayaxma kampaniyası aparılması Azərbaycan Ermənistan arasında dövlətlərarası normallaşma üzrə danışıqlara əsas maneədir.
C.Bayramov bildirib ki, Azərbaycan öz ərazilərinin otuz ildir davam edən hərbi işğalının ağır nəticələrini aradan qaldırmaq üçün genişmiqyaslı reabilitasiya, yenidənqurma və reinteqrasiya səyləri göstərir.
Nazir qeyd edib ki, ölkəmiz Azərbaycanın Qarabağ bölgəsinin etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi Azərbaycanın siyasi, hüquqi, iqtisadi və sosial çərçivəsinə yenidən inteqrasiyasında qərarlıdır.
Bu xüsusda, dövlətlərin daxili işlərinə qarışmamaq, milli azlıqlara mənsub şəxslərin inteqrasiyasına xələl gətirməmək və ya qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmamaq üzrə öz öhdəliklərə ciddi şəkildə riayət etməyin zəruriliyi qeyd olunub.
Nazir bildirib ki, Azərbaycan hökumətinin apardığı işlər nəticəsində məcburi köçkün ailələrinin birinci qrupunun artıq Azərbaycanın Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndlərinə və Azərbaycanın Laçın şəhərinə qayıtdığı barədə məlumat verilib. Nazir Ceyhun Bayramov bununla belə, Azərbaycan ərazilərinin kütləvi şəkildə mina və digər partlayıcı maddələrlə çirklənməsinin əsas maneə və ciddi humanitar təhlükə olmaqda davam etdiyini diqqətə çatdırıb.
Çıxışında ağır hərbi cinayətlər və insanlığa qarşı cinayətlərlə bağlı ədalətin təmin edilməsinin əhəmiyyətindən söz açan nazir Ceyhun Bayramov keçmiş münaqişə nəticəsində itkin düşmüş 4 000-ə yaxın azərbaycanlının taleyi barədə məlumatların açıqlanması ilə bağlı Ermənistanın öhdəliklərinə əməl etməklə bağlı davamlı çağırışlarımıza məhəl qoymadığı bildirilib.
Ceyhun Bayramov Azərbaycanın beynəlxalq öhdəliklərinə sadiq qaldığını, konstruktiv dialoqa açıq olmaqla yanaşı, beynəlxalq hüququn pozulmasına göz yummayacağını və beynəlxalq səviyyədə müvafiq addımlar atmağa davam edəcəyini bildirib.