Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesində yeni vasitəçi ortaya çıxıb.
FED.az xəbər verir ki, rəsmi Tiflis qonşu ölkələr arasında öz vasitəçiliyini təklif edib, artıq ilk reaksiya var – Azərbaycan buna razıdır.
Prezident İlham Əliyevin Tiflisə oktyabrın 8-də baş tutan səfərində digər məsələlərlə yanaşı, Gürcüstanın Azərbaycan-Ermənistan sülh danışıqlar üçün vasitəçi və danışıq ölkəsi olması da müzakirə edilib.
Ölkə rəhbərlərinin mətbuata açıqlamasında bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili açıqlama verib.
Baş nazir xatırladıb ki, Gürcüstan həmişə olduğu kimi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və qeyd edib ki, bu qarşılıqlıdır: «Biz Azərbaycana da təşəkkürümüzü bildiririk ki, Azərbaycan da öz növbəsində hər zaman Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir».
Qeyd edək ki, Gürcüstanın Abxaziya adlanan ərazisi Rusiya tərəfindən işğal edilərək orada oyuncaq dövlət yaradılıb.
Azərbaycanın ərazisində yaradılan oyuncaq qurum isə, xatırladaqki, artıq ləğv edilib və onun «rəhbərləri» həbs edilərək cinayət məsuliyyətinə cəlb edilib.
Gürcüstan baş naziri ümid edib ki, Azərbaycan və Ermənistan sülh sazişini tezliklə imzalayacaq və bu danışıqlar üçün Tiflisin vasitəçiliyini təklif edib: «Biz burada - Gürcüstanda hər zaman qərəzsiz mövqeyə malik olmuşuq, biz bu gün də hazırıq ki, bu məsələyə töhfə verək. Biz istəyirik ki, bu məsələdə vasitəçilik edək və istənilən dostluq formatını təqdim etməyə hazırıq».
Gürcüstan hökumətinin başçısı həmçinin qeyd edib ki, «Cənubi Qafqazın üç ölkəsi regional məsələləri özləri həll etməlidir».
Prezident İlham Əliyev gürcü baş nazirinin təklifinə müsbət yanaşıb, o bildirib ki, Azərbaycan Ermənistanla sülh danışıqlarına başoamaq istəyir: «Biz Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalıyıq. Əgər biz buna nail olsaq, - mən buna ümidliyəm, - o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, bütün bunlar, mümkündür. İndi məqam gəlib çatıb və hesab edirəm ki, bu şansı əldən vermək böyük səhv olar».
Prezident xatırladıb ki, sülh danışıqlarında bir neçə dərəf vasitəçilik etməyə çalışır, Rəsmi Bakı qərəzli olmayan bütün vasitəçilərlə işləməyə hazırdır: «Bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik».
Dövlət başçısı Gürcüstanın vasitəçilik təklifini müsbət qiymətləndirib: «Mənim fikrimcə, ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi. Mən cənab Baş nazirə minnətdaram ki, o da bu sahədə mümkün olan vasitəçilik imkanlarını ortaya qoyur. Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik və Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüşə gələ bilərlər».
Qeyd edək ki, Ermənistanla danışıqlar prosesində qərəzli vasitəçilər mövzusu rəsmi Bakı üçün vacib məsələyə çevrilib. Bir qədər əvvəl Bakı Azərbaycan əleyhinə bəyanatlar verən və açıq aşkar Ermənistanın tərəfini tutduğuna görə, Fransanın vasitəçiliyini rədd edib. Məhz Fransa prezidentinin iştirakına görə, İlham Əliyev ötən həftə İspaniyanın Qranada şəhərində nəzərdə tutulan Ermənistan Azərbaycan danışıqlarından imtina edib.