“2014-cü ildə Rusiya Ukraynanın Donbas ərazisinə humanitar yardım göndərmək məqsədilə BMT TŞ-də məsələ qaldırmışdı. Bu təşəbbüs dərhal rədd edilmişdi, beynəlxalq birlik Moskvanın bu niyyətinə qarşı çıxmışdı. İnandırıcı deyil, ancaq ola bilsin yadlarından çıxıb. ABŞ-nin BMT-dəki nümayəndəsi bunu başqa ölkənin ərazisinə birbaşa müdaxilə cəhdi kimi qiymətləndirirdi. ATƏT isə sədrinin dili ilə bəyan edirdi ki, humanitar yardım ərazi bütövlüyünə hörmət edilməklə həyata keçirilər bilər. Necə olur, özlərinə lazım olanda ərazi bütövlüyündən danışırlar, birtərəfli aksiyanı işğal cəhd kimi qiymətləndirirlər, bizdən isə Ermənistandan göndərilən yüklər üçün sərhədlərin açılmasını tələb edirlər?”.
Azərbaycan XİN Paşinyana - CAVAB VERDİ
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri bəzi dövlətlərin və beynəlxalq təşkilatların Laçın sərhəd-keçid məntəqəsinin açılması tələbini şərh edərkən Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.
Millət vəkilinin sözlərinə görə, dünyada baş verən işğal, müharibə, zorakılıq hallarının əksəriyyəti beynəlxalq hüququn onu qəbul edən beynəlxalq ictimaiyyət tərəfindən pozulması nəticəsində baş verir: “Böyük dövlətlərin və beynəlxalq təşkilatların öz maraqlarına uyğun olaraq tətbiq etdikləri ikili standartlar onlara qarşı bumeranq effekti ilə nəticələnir. Bu gün bizdən öz ərazimizdə bütün qanuni prosedurlar əsasında fəaliyyət göstərən sərhəd-keçid məntəqəmizin açılmasını tələb edənlər nədənsə cəmi 9 il öncə Rusiyanın Ukrayna ərazisinə humanitar karvan göndərməsinə qarşı çıxır, bunu ərazi bütövlüyünə qəsd kimi qiymətləndirirdilər”.
E.Allahverdiyevin fikrincə, bir sıra dövlətlərin və beynəlxalq qurumların Azərbaycana qarşı sərgilədikləri haqsız yanaşma məntiqsizdir və hüquqa həqarətdir.
“Rusiya o vaxt məsələni BMT TŞ-də qaldırmışdı, xarici işlər naziri bununla bağlı xüsusi müraciət etmişdi. İndi isə Ermənistan nə müraciət edir, nə icazə alır, naməlum yükləri Azərbaycan sərhədinə doğru yollayır. Həmin beynəlxalq birliyini təmsilçiləri isə tökülüşüb gəlirlər sərhədə ki, bir ovuc separatçı acdır, yükləri ərazinizə buraxın. Hansı məntiqlə? ATƏT sərdininin dedikləri, beynəlxalq hüquq Ukrayna ilə bağlı işləyir, Azərbaycana münasibətdə yox? Avropa Birliyi Rusiyanın bu cəhdini hətta humanitar məqsədli olsa belə birtərəfli hərbi müdaxilə kimi qiymətləndirirdi. Bu gün isə AB-nin ayrı-ayrı dövlətləri 9 il öncəki mövqelərinin tam əksini sərgiləyirlər. Nə dəyişib?”, – deyə millət vəkili soruşur.
E.Allahverdiyev hesab edir ki, Azərbaycan xalqı 30 il ərzində dünya birliyinin beynəlxalq hüququ ayaq altına alıb tətbiq etdiyi ikili standartlardan əziyyət çəkib. Ərazimizin beşdəbiri işğal olunub, bir milyonadək qaçqın və məcburu köçkün vətəndaşımız dözülməz şəraitdə yaşamaq məcburiyyətində qalıb: “Bu baxımdan, BMT baş katibinin məsələyə münasibəti siyasi riyakarlıq nümunəsidir. BMT-nin baş katibi bizə müraciət edir ki, bütün hüquqi prosedurlara, yerli qanunvericiliyə və beynəlxalq hüquqa uyğun şəkildə fəaliyyət göstərən sərhəd-keçid məntəqəsini açıb Ermənistandan heç bir müraciət və icazə olmadan göndərilən yükü öz ərazimizə buraxaq. Görəsən, onun BMT-nin özünün qəbul etdiyi 4 qətnamənin 30 il ərzində icrasız qaldığından xəbəri varmı?”.
Milli Məclisin deputatı bildirib ki, dünya birliyi bir yana, bu gün Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir. Bu baxımdan, həmin dövlətlərin Azərbaycanın ərazisinə qarşı qəsd xarakterli yanaşmaları elə Ermənistanın özünün mövqeyi ilə rədd edilir: “Özlərinin tanıdıqları ərazi bütövlüyünə qarşı etdikləri qəsd cəhdi beynəlxalq hüququn hansı prinsipindən qaynaqlanır ki, bizim xəbərimiz yoxdur? Bu, Azərbaycana qarşı yazılmamış ikili standartlar prinsipinin bariz nümunəsidir”.