Azərbaycanın işğaldan azad olunan ərazilərdə dövlət idarəetməsi digər ərazilərdən fərqlənəcək.
Eləcə də bax: Azərbaycanda iki zavodun təməli qoyuldu, bir zavod işə düşdü - PREZİDENT TƏDBİRDƏ
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev yanvarın 18-də Sumqayıt Kimya parkında yeni müəssisələrin açılışı ilə bağlı tədbirdə çıxış edərkən bildirib.
Dövlət başçısı bildirib ki, azad edilən torpaqların potensialından geniş istifadə olunacaq: «Orada çox böyük potensial - bərpaolunan enerji növləri, qiymətli təbii sərvətlər, qızıl yataqları, mis yataqları, çaylar, su anbarları, kənd təsərrüfatı üçün münbit torpaq, turizm imkanları var. Yəni, bu bölgələr bir çoxlarının fikrinə görə, növbəti inkişafımızın aparıcı qüvvəsinə çevriləcək. Mən də əlbəttə ki, bu fikri bölüşürəm».
Prezident bildirib ki, azad edilən ərazilərdə idarə etmə fərqli olacaq: «Azad edilmiş torpaqlarda hər şey planlı şəkildə aparılmalıdır, düzgün aparılmalıdır. Azad edilmiş torpaqların idarə edilməsi ilə bağlı məndə fikirlər var. Bu fikirlər yaxın zamanlarda həyata keçiriləcək. O bölgələrdə mövcud olan vəziyyətə uyğun müasir idarəetmə sistemi qurulmalıdır ki, orada hər şey planlı şəkildə təmin edilsin - şəhərsalma, dövlət orqanlarının funksiyaları».
Prezident deyib ki, digər ərazilərdə olan problemlər bu sahələrdə olmamalıdır: «Əfsuslar olsun ki, ölkəmizin müxtəlif yerlərində bəzi xoşagəlməz hallar məhz nəzarətsizlik ucbatından baş verir. Bəzi yerlərdə torpaqlar zəbt edilir, insanların əlindən alınır, qeyri-ədalətli şəkildə bölünür. O cümlədən su resursları qeyri-ədalətli şəkildə bölünür, bəzilərinə su çatır, bəzilərinə su çatmır. Bütün bunlar bizə yaraşmır. Biz özümüzü bu qüsurlardan təmizləməliyik və təmizləyirik. Təmizləmə prosesi gedir və gedəcək. Hər kəs bunu bilsin. Heç kim hesab etməsin ki, onun hansısa xüsusi imtiyazı var. Yaxud da ki, kimsə özünü toxunulmaz hesab etməsin».
Dövlət başçsının sözlərinə görə, azad olunan əraziləndə tətbiq edilən idarəetmə təjricən ölkənni başqa ərazilərinə də yayılacaq: «Azad edilmiş torpaqlarda hər şey demək olar ki, dağıdılıb. Ona görə biz elə bir inkişaf modeli qurmalıyıq ki, ondan sonra biz onu bütün başqa torpaqlara da, necə deyərlər, transfer edə bilək, mövcud qüsurlar aradan qalxsın və ölkəmizin uğurlu inkişafı təmin edilsin».