Azərbaycanın bank sektorundakı poblemli kreditlər bankların maliyyə vəziyyətinə mənfi təsir edirdi. FED.az xəbər verir ki, bu barədə AMEA İqtisadiyyat İnstitutunun qloballaşma və beynəlxalq iqtisadi münasibətlər şöbəsinin müdiri, «NBC Bank»ın müşahidə şurasının sədri Fuad Qənbərov deyib.
Eləcə də bax: “Siyahılar dəqiqləşəndən sonra vətəndaşlar - BANKLARA DƏVƏT OLUNACAQ” - MÜSAHİBƏ
Bank rəhbəri bildirib ki, problemli kreditlər bankların maliyyə vəziyyətinə də mənfi təsir edirdi. Belə ki, problemli kreditlərə görə ehtiyat ayırmaları bank kapitalının «yeyilməsi»ni zəruri edir.
Bank rəhbəri bildirib ki, prezident İlham Əliyevin imzaladığı fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman təxminən 800 min əhalinin xarici valyutada kreditlərinin manat ifadəsində devalvasiyadan əvvəlki səviyyəyə qayıtması təmin ediləcək. Eyni zamanda, fərmana əsasən, problemli kreditlərin güzəştli şərtlərlə restrukturizasiya olunması nəzərdə tutulur: «Yəni aşağı faiz, uzun müddət və güzəşt dövrü, faizlərin silinməsi və milli valyutada kreditlərin verilməsi mühüm sosial-iqtisadi əhəmiyyətə malikdir. Bununla əhali tərəfindən kreditlərin ödənməsinə yönəldilən vəsaitin həcmi azalacaq və nəticədə vətəndaşların sərəncamında qalan gəlirlər artacaq».
F.Qənbərov bildirib ki, fərman təkcə əhalinin müxtəlif təbəqələrini deyil, eyni zamanda, bank sisteminin problemlərini də əhatə edir. Belə ki, sənəddə bank sektorunun maliyyə dayanıqlığının qorunması məsələləri də nəzərə alınıb. Fərmanla kredit borclarının restrukturizasiyası məqsədilə Mərkəzi Bank tərəfindən banklara 682 milyon manat məbləğinədək illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə kreditlər veriləcək. Bu kreditlərin dövlət zəmanəti ilə verilməsi dövlətin bank sektoruna böyük etimadıdır. Bu zaman banklar güzəştli şərtlərlə və ucuz maliyyə resursları əldə edirlər. Bu isə biznes və bütövlükdə iqtisadiyyatın ucuz maliyyə resurslarına çıxış imkanlarının yaranması deməkdir.
«Bu səbəbdən də düşünürəm ki, fərmanda nəzərdə tutulmuş tədbirlərin realizasiyası bankların maliyyə sağlamlaşmasına müsbət təsir göstərəcək. İlk növbədə, bankların kredit portfeli sağlamlaşdırılacaq və bununla da, problemli kreditlərin bankların kapitalına yaratdığı təzyiq aradan qaldırılacaq», - deyə F.Qənbərov əlavə edib.