FED.az xəbər verir ki, yanvar ayının nəticələrinə görə, «Paşa Həyat Sığorta» 10 875 min manat, «Atəşgah Həyat Sığorta» 2 323 min manat, «Qala Həyat Sığorta» isə 584 min manat sığorta haqqı toplayıb.
Məbləğlərdəki fərqə baxmayaraq hər 3 həyat sığortası şirkətinin yığımları azalıb.
Həyat sığortası şirkətləri |
Yığımlar |
2018-in yanvarı ilə müqayisədə azalma |
«Paşa Həyat Sığorta» |
10 875 min manat |
24,87% |
«Atəşgah Həyat Sığorta» |
2 323 min manat |
23,55% |
«Qala Həyat Sığorta» |
584 min manat |
38,85% |
Ümumilikdə bu ilin yanvarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 13 783 min manat sığorta haqqı toplanılıb ki, bu da ötən ilin yanvarı ilə müqayisədə 25,4% azdır.
Eləcə də bax: 8 sığorta şirkəti geriləyib - SİYAHI
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar ayında könüllü həyat sığortaları üzrə 11 540 min manat sığorta haqqı yığılıb ki, bu da 2018-ci ilin yanvar ayı ilə müqayisədə 31% azdır. 2018-ci ilin yanvarında könüllü həyat sığortasından 16 702 min manat sığorta haqqı yığılmışdı.
FED.az xəbər verir ki, həyat sığortasındakı azalmalar qanunvericiliyə bu ildən edilən dəyişikliklərin nəticəsidir. Məsələ bundadır ki, həyat sığortası üzrə yığımların böyük hissəsi məhz həyatın yaşam sığortasından gəlir. Həmin sığorta növü işçilərin əmək haqqı hesabına formalaşır. Daha dəqiqi, işçilər əmək haqlarını həyat sığortası şirkətinə ödəyir. Həyat sığortası üçün ödənişlər vergi və sosial ödəmələrdən azad olunduğuna görə, həyat sığortası şirkətinə köçürülən maaşdan tutulmalı olan vergi və sosial ödəmələr də həmin məbləğin üzərinə əlavə edilir və sığortalıya böyük gəlir gətirirdi. Sadə şəkildə izah etsək, sığopta şirkətinə ödənilən hər 100 manatın üzərinə 46 manat əlavə olunurdu.
Bu da sığortalıya heç bir yatırım növü ilə müqayisə olunmayacaq qədər gəlir gətirirdi.
Amma 2019-cu ildən Vergi Məsəlləsinə edilən dəyişikliklər nəticəsində vəziyyət dəyişib. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, həyat sığortası üçün maaşlara 50% limit qoyulub, eləcə də, əmək haqqından gəlir vergisi demək olar ki, ləğv edilib. Yeniliyə əsasən, işçilərin aylıq gəlirlərinin yalnız 50%-i həyat sığortası üçün vergi və sosial ödəmələrdən azaddır. Başqa sözlə, indi işçilər öz əmək haqlarının yalnız 50%-ni həyat sığortasına yönəldərək qazanc əldə edə bilərlər.
Belə vəziyyət dərhal özünü bazardakı dürümda göstərdi. Təsadüfi deyil ki, həyat sığorası üzrə əsa azalma da məhz həyatın yaşam sığorası növündə baş verib. Belə ki, yanvarda yaşam sığortası üzrə 8 362,5 min manat sığorta haqqı toplanıb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 4 260 min manat və ya 34% azdır.
Vergi Məcəlləsindəki başqa yenilik də həyat sığortasına zərər vurdu. Söhbət özəl qeyri-neft şirkətlərində çalışanların əmək haqqının gəlir vergisindən azad olunmasından gedir.
FED.az xəbər verir ki, gəlir vergisinin aradan qalxması nəticəsində hətta həyat sığortası ilə bağlı məhdudiyyət olmasa da, bu sığorta növünün gəlirliyi azalmışdı.
Nəticədə, məsələn, 1000 manat əmək haqqı olan və bu məbləği bütünlüklə həyat sığortasına köçürən şəxs hər ay 450 manat olmaqla, 3 il ərzində 16200 manat gəlir əldə edirdi. İndi isə bu şəxs əmək haqlarına qoyulan məhdudiyyət səbəbindən hər ay öz əmək haqqının yalnız 500 manatını həyat sığortası məqsədləri ilə ayıra biləcək. Üstəlik, gəlr vergisi ləğv edildiyi üçün həyat sığortasına yatırılan məbləğin gəlirliyi də 45%-dən 25%-ə (yəni yalnız sosial ödəmələr hesabına) enib.
Nəticədə, indi həmin şəxs həyat sığortası üçün ayda 500 manat ayıraraq ayda 125 manat, 3 il ərzində isə cəmi 4500 manat gəlir götürə biləcək.
Həyatın yaşam sığortası üzrə yığımların əsas səbəbi də budur.