Azərbaycanda iş adamlarının regionlarda biznesə həvəsləndirilsə də, heç də bütün bölgələrdə sahibkarlar üçün yaradılan eyni şərait yaradılmayıb.
FED.az REGİONLAR müxtəlif bölgələrdə biznes üçün yaradılan imkanları araşdırır.
Azərbaycanda özəl sektorun ən az fəallıq göstərdiyi bölgələrdən biri Lerikdir. Dövlət Statiska Komitəsindən FED.az-a verilən məlumata görə, 2018-ci ilin ilk 9 ayında Lerikə ümumilikdə 29,6 milyon manat yatırım edilib. Bunun 98,8%-i dövlət, cəmi 1,2%-i özəl sektorun hesabınadır.
Rayonda biznes üçün yaradılan şəraitlə bağlı FED.az REGİONLAR-ın suallarını cavablandıran Lerik rayon İcra Hakimiyyəti başçısının müavini, həmçinin icra hakimiyyətinin sosial-iqtisadi məsələlərin proqnozlaşdırılması və təhlili şöbəsinin müdiri Habil Məlikov bildirib ki, 2018-ci ildə rayona yerli sahibkarlar tərəfindən 3 milyon manat investisiya yatırılıb.
Eləcə də bax: Şabranda iki aqropark açılır - 300 İŞ YERİ
Bu yatırımlar rayonun yerli sahibkarları tərəfindən edilib. Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən isə 15 sahibkara 80 min manat məbləğində kredit ayrılıb.
17 turizm mərkəzi və başqa obyektlər
H.Məlikov bildirib ki, rayonda hal-hazırda 17 turizm mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər ümumilikdə 800 qonağı qəbul etmək imkanına malikdirlər. Bundan başqa, Lerikdə qum-kərpic zavodu, broyler fabriki də var. Hazırda rayonda soyuducu anbar, 3 mərtəbəli yeni şadlıq sarayı (bu sarayın da layihə dəyəri 1,5 mln manatdır), «Leylak» turizm mərkəzi üçün yeni koteçlər tikilir.
Eləcə də bax: Beyləqanda dövlət tenderlərini kim udur? – ADLAR, MƏBLƏĞLƏR
Başqa rayondan gələn investor
H.Məlikov bildirir ki, rayona başqa ərazilərdən də investorların cəlb olunmasına çalışırlar. Amma hələlik digər rayonlardan Lerikə yatırım edən olmayıb: «Yalnız 1 nəfər, Kürdəmirdən olan sahibkar burada tikinti materialları istehsalı ilə məşğul olmaq istəyir, ancaq hələlik sənədlərini tamamlaya bilməyib».
«Rusiyada yaşayan leriklilərlə danışmışıq»
Lerikə yatırım edilməsi imkanları üçün rayon rəhbərliyi xaricdə yaşayan və bizneslə məşğul olan sahibkarlara da təkliflər edib. Qeyd edək ki, belələri əsasən Rusiya və bir neçə sahibkar Türkiyədə çalışır. Həmin şəxslərlə görüş keçirilib və rayondakı prespektivli sahələr haqqında məlumat verilib.
Eləcə də bax: Daha bir kooperativ təsərrüfat yaradıldı - 29 NƏFƏR BİRLƏŞİB
Lerikdə pulu nəyə yatırmaq olar?
H.Məlikov bildirir ki, investorlar rayonda bəzi sahələrə yatırım edə bilərlər. Bunlar çayçılıq, tütünçülük, süd məhsullarının emal sexləri, arıçılıq və digər sahələrdir: «Məsələn, rayonda hər il 150 tona yaxın bal istehsal olunur və kustar şəkildə satılır - 1 kiloqramı isə 35-40 manatadır. Amma bu bal 100-200 qr qablarda olsa, ona tələb daha yüksək olar».
İcra başçısının müavini bildirir ki, rayonda meyvə şirələri istehsal edən zavod da tikilməli idi, lakin vəsait çatmadığına görə 2 ildir ki, bu iş yarımçıq qalıb. Belə ki, bu layihəin qiyməti 6,4 milyon manatdır, bu məbləğin 2,5 mln manatı Sahibkarlığın İnkişafı Fondu tərəfindən təmin edilib.
Tütün qurutma məntəqələri tikilir
H.Məlikov bildirir ki, rayonda tütünçülyə şərait yaratmaq üçün, tütün qurutma məntəqələri tikilir. FEDA qeyri-hökumət təşkilatı tərəfindən belə məntəqələr 3 kənddə (Cəngəmiran, Piran və Murya) tikilicək. Layihənin dəyəri 70-80 min manatdır. Bu məntəqələrin tikintisi tütünçülüklə məşğul olanların gəlirini artıracaq: «Əvvələr biz yığılan tütünü qurutmaq üçün Yardımlıya gedirdik, ancaq bu məntəqələr bizdə qurulanda xərclər azalacaq».
Eləcə də bax: Azərbaycanın bu rayonuna 10 ölkədən pul gəlib
Kəndlərin boşalmamasına çalışırıq
Rayonun bəzi kəndlərində iş yerlərinin olmaması onların boşalması təhlükəsi yaradıb. Xüsusilə Blaband kəndində şərait olsa da, iş yerlərinin azlığına görə, insanlar kəndi tərk edirdi. H.Məlikovun sözlərinə görə, Blaband, Nuravud , Piran və digər kəndlərindən əhalinin köçməsinin qarşısının alınması üçün müəyyən işlərə başlanılıb: «Biz bu kənddən olan, şəhərdə yaşayan və öz bisnesi olan sahibkarla görüş keçirdik. Həmin şəxs də Ukraynadan 100-ə yaxın cins heyvan gətirməklə burada ferma açdı».
Oxşar proses Piran kəndində də baş verib: «Bu kəndi də əhali tərk edirdi, amma burada qım-çınqıl zavodunun, Broyler fabrikinin işə başlaması insanların köçməsini zəiflədib. Hətta bəzi rayonlardan bura işləməyə də gəlirlər. Gələcəkdə burada tütün qurutma məntəqəsi də tikiləcək»-deyə müavin bildirib.
İş adamlarına torpaq ayırmağa hazırıq, gəlsinlər
H.Məlikov bildirib ki, icra hakimiyyəti Lerikdə biznes qurmaq istəyən sahibkarlara torpaq sahəsi ayırmağa hazırdır. Ötən il sahibkarlıqla məşğul olmaq istəyən 22 sahibkara torpaq sahəsi ayrılıb. Kartofçuluqla məşğul olmaq istəyən şəxslərə 70-80 ha, fındıqçılıq üçün də 60 ha torpaq sahəsi verilib: «Bizim hal-hazırda torpaq sahəmiz var, əgər kimsə hər hansı bir iş üçün müraciət etsə biz ona torpaq sahəsi də ayıra bilərik»-deyə müavin bildirir.
Turizm obyekti də tikmək olar
Lerikin Əvilə, Əliabad və Qələbin kimi kəndlər isə turizm üçün əlverişlidir və iş adamları burada turizm obyektləri açmaq üçün müraciət edə bilərlər. Lakin Qələbində infrastruktur problemi var – yolları yaxşı deyil.
Yeri gəlmişkən, Lerik-Lənkəran yolunun tikintisi üçün 5 mln 912 min manat ayrılıb və bu yol hal-hazırda tikilir. Bu yolun da tikilməsi nəqliyyat cəhətdən rahatlığı təmin edəcək.
İcra Hakimiyyəti: İş qurmaq istəyənlərə torpaq verməyə hazırıq
09:32
13 Fev 2019