Vergi Məcəlləsində edilən son dəyikliklərdən sonra ən çox müzakirə olunan məsələ vergi ödəyicisinin hansı hallarda sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirilməsi ilə bağlı idi. FED.az xəbər verir ki, əksər tanınmış ekspertlər iddia edirdilər ki, sadələşdirilmiş vergi ödəyicisi olan pərakəndə satış digər vergi ödəyicisinə elektron qaimə-faktura vasitəsilə mal satdıqda sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirir.
Ancaq ekspert Qalib Toğrul bu məsələ ilə bağl fərqli yanaşma ortaya qoymuşdu: “Qüvvədə olan Vergi Məcəlləsinin tələblərinə görə, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan pərakəndə ticarət fəaliyyəti göstərən sahibkarlıq subyektləri sadələşdirilmiş vergi ödəyiciləridir və onlar ümumi hasilatlarından 2 faiz vergi ödəyirlər. Əgər 200 minlik tələbi aşarlarsa, o halda pərakəndə ticarət ƏDV vergisi ödəyicisinə çevrilir, ictimai iaşə isə sadələşdirilmiş vergini 8 faizlə ödəməyə başlayır. Pərakəndə ticarət malların satışını sahibkarlıq məqsədilə həyata keçirən topdansatışdan fərqli olaraq, satışı son istehlak məqsədilə həyata keçirən ticarət fəaliyyətidir. Pərakəndə ticarət zamanı malların alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron qaimə-faktura təqdim etmək həmin vergi ödəyicisinin birbaşa vəzifələrinə aid edilib. Təbii ki, burada alıcı dedikdə, pərakəndə ticarət və ictimai iaşə obyektindən mal və xidmət əldə edən vergi ödəyiciləri nəzərdə tutulur”.
Eləcə də bax: ƏDV belə qaytarılacaq – QAYDA
Vergilər Nazirliyi də ekspertin fikrini dəstəkləyən açıqlama verib. Vergi ödəyicisi Nicat Məhərrəmli məsələ ilə bağlı vergi orqanlarına sual verib: “Əgər mağaza 4%-li sadələşdirilmiş vergi ödəyicisi kimi pərakəndə ticarətlə məşğul idisə, lakin idarə və təşkilatlara da elektron qaimə vasitəsi ilə pərakəndə olaraq həmin malların satışını həyata keçirirsə, 2019-cu il dəyişikliklərinə əsasən həmin qayda ilə 2-%-li sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərməkdə davam edəcəkmi?”.
Vergilər Nazirliyinin açıqlamasından məlum olur ki, bu hal həmin vergi ödəyicisinin sadələşdirilmiş vergi ödəyicisi hüququnun itirilməsinə səbəb olmur: “ Bildiririk ki, pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) verilir. ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlər vəsorğunuzda qeyd olunan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olaraq fəaliyyət göstərə bilər. Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən sadələşdirilmiş verginin dərəcəsi Bakı şəhərində 4 faizdən 2 faizə endirilmişdir.”
Cavabdan göründüyü kimi, mks.az saytın mövqeyini Vergilər Nazirliyi də təsdiq edərək bildirir ki, pərakəndə satışla məşğul olan vergi ödəyicilərinin elektron qaimə-faktura ilə mal satması onların sadələşdirilmiş vergi hüququnu itirməsinə SƏBƏB OLMUR. (Mks.az)