Ölkə Prezidentinin 2 aprel 2018-ci il Fərmanına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti paytaxtdakı müntəzəm sərnişindaşıma xidməti göstərən avtomobil nəqliyyatı vasitələri üçün dayanacaq məntəqələrinin, parklanma yerlərinin və taksi minik avtomobilləri üçün duracaq yerlərinin Bakı Nəqliyyat Agentliyin idarəetməsinə verilməsini iki ay müddətində təmin etməli və həmin fəaliyyəti tənzimləyən analoji qurumlarının (struktur bölmələrinin, ştatlarının) ləğv edilməsi üçün tədbirlər görməli idi.
Eyni zamanda, ölkə başçısının 6 iyul 2018-ci ildə imzaladığı Fərmanla Bakı şəhərinin inzibati ərazisində, parklanma, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması da Bakı Nəqliyyat Agentliyinə (BNA) həvalə edilib.
İlk fərmandan 11 ay keçməsinə baxmayaraq, təhvil-təslim prosesilə bağlı müzakirələr səngimək bilmir.
Eləcə də bax: Avtomobillərin texniki baxışı da “ASAN”laşdı – YENİ QƏRAR, DETALLAR
Bakı Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Vüsal Kərimli iki gün əvvəl keçirdiyi mətbuat konfransında paytaxtda yerüstü parklanmalardan yığılan pulların rəhbərlik etdiyi quruma heç bir aidiyyəti olmadığını açıqlayıb:
"Həmin parkalanmalardan yığılan pullar qeyri-qanunidir. Bundan bizim xəbərimiz yoxdur. Biz, Nazirlər Kabineti parkinq qiymətlərini təsdiqləyəndən sonra yeni qiymətlərlə parklanmalara nəzarət edəcəyik”.
Hazırda Bakıda 10 minə yaxın yerüstü parkinq yerlərinin olduğunu bildirən V.Kərimli onlardan yalnız 480-nin rəsmiləşdirildiyini vurğulayıb:
“Digərlərinin də rəsmiləşdirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Yol Polisi İdarəsilə danışıqlar gedir. Meriya ilə təhvil-təslim prosesi hələ yekunlaşmayıb”.
Parklanmalardan yığılan pulların Meriyaya aidiyyatı yoxdur?
Meriya isə öz növbəsində Agentliyin açıqlamasını təkzib edib. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məsələ ilə bağlı bildirilib ki, Meriyanın parklanma yerləri ilə heç bir bağlılığı yoxdur:
“Ötən ilin aprel ayından parklanmalarla bağlı səlahiyyət Bakı Nəqliyyat Agentliyinə verilib. İndi bu sualın meriyaya heç bir aidiyyatı yoxdur. Yəni BŞİH-nin tabeliyində parklanmalara nəzarət edən qurum yoxdur”.
“Küçədə hərə qoluna qırmızı lent bağlayıb parkinq pulu tələb edirsə, bunun Meriyaya nə aidiyyatı?!”,-deyə mətbuat xidməti bəyan edib.
“Meriya Prezidentin fərmanını icra etmir”
İki rəsmi qurumun qarşılıqlı ittihamlarından heç nə anlaşılmadığı və cavabsız suallar qaldığı üçün nəqliyyat üzrə ekspert Ərşad Hüseynova müarciət etdik.
Ə.Hüseynov vətəndaşları narahat edən məsələyə hüquq-mühafizə orqanlarının qarışmasının vacibliyini vurğuladı:
“Meriya deyir təhvil vermişəm, mənlik deyil. Bakı Nəqliyyat Agentliyi də deyir ki, parklanmalar bizə təhvil verilməyib. Ona görə də hüquq-mühafizə orqanları məsələni araşdırmalıdırlar. Məndə olan məlumata görə, yerüstü parklanmalar Meriya tərəfindən Bakı Nəqliyyat Agentliyinə təhvil verilməyib və proses buna görə uzanır. Yəni konkret olaraq Prezidentin fərmanı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icra olunmur”.
“Təhvil-təslim maliyyə məsələsinə görə yubadılır”
Ekspert təhvil-təslim prosesinin uzanmasında maliyə məsələlərinin önəm daşıdığını bildirdi:
“Bu da başadüşüləndir... Amma dövlət adından göstərilən xidmətə nəzarət ortalıqda qalıb. Hər halda təhvil-təslim yekunlaşsaydı, Bakı Nəqliyyat Agentliyi üzərinə düşən öhdəlikləri icra etməyə başlayardı, yerləri, qiymətləri müəyyənləşdirərdi. Ona görə də qəti şəkildə məsələ öz həllini tapmalıdır. Əhali də bilməlidir ki, hansı yerdə parkinq qiyməti neçədir, verdiyi pullar kimin cibinə gedir. Hətta bildirdilər hansısa MMC də bu işə qoşulub. Amma o MMC-nin başında duran kimdir? Bunu da araşdırsınlar. Ona görə vergi orqanları hüquq-mühafizə orqanları ilə birgə araşdımalara başlamalıdırlar ki, toplanan vəsait hara gedir. Çünki bu, ciddi maliyyə pozuntusudur”