Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi qaydası dəyişib.
FED.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla tətbiq ediləcək “Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1336-VQD nömrəli Qanun”da əksini tapıb.
Qüvvədə olan qanuna əsasən Milli Məclisin deputatının toxunulmazlığına yalnız Baş prokurorun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər. Bu barədə təqdimata Milli Məclis onun daxil olduğu vaxtdan 7 gün müddətində baxır.
İndiyə qədər Milli Məclisin sədri, bir qayda olaraq, deputat haqqında təqdimatı əvvəlcə Milli Məclisin İntizam komissiyasına göndərib və komissiyada bu məsələyə baxılıb. Komissiya təqdimata dair rəy qəbul edib. Rəydə deputat toxunulmazlığına xitam verilib-verilməməsi barədə İntizam komissiyasının qənaəti söylənilib. Bundan sonra Milli Məclisin Sədri Milli Məclisin deputatı haqqında təqdimatı əvvəlcə Milli Məclisin İntizam komissiyasına göndərəcək və İntizam komissiyası təqdimata baxaraq Milli Məclisin deputatının toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy qəbul edəcək.
İndiyə qədər Milli Məclis tələb olunan səs çoxluğu ilə deputat toxunulmazlığına xitam verə bilərdi. Dəyişikliyə əsasən bundan sonra Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul ediləcək.
Qanunun 23. maddəsi Milli Məclisin deputatlığından məhrumetmə ilə əlaqədar məsələyə Milli Məclisdə baxılması qaydası barədir.
Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin birinci bəndinin 4-cü, 6-cı və 7-ci yarımbəndlərində göstərilən əsaslar olduqda, Milli Məclisin Sədri Milli Məclisin deputatı haqqında məsələni İntizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə mandatından məhrum edilməsi nəzərdə tutulan deputatın iştirakı ilə 2 həftə müddətində baxıb müvafiq rəy qəbul edərək Milli Məclisin Sədrinə təqdim edir. Pozuntu halları rəydə öz təsdiqini tapdıqda, Milli Məclisin Sədri İntizam komissiyasının Milli Məclisin deputatının mandatından məhrum edilməsi barədə rəyini Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına göndərir.
Milli Məclisin deputatı Milli Məclisin iclasında mandatından imtina etdikdə və həmin imtina Milli Məclisin iclasının stenoqramına daxil edildikdə, Milli Məclisin deputatı bu imtinasını geri götürə bilməz. Bu halda Milli Məclisin Sədri iclasın stenoqramını və ya stenoqramdan çıxarışı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına göndərir.
Qanuna Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsinin əsasları və bu məsələyə baxılması qaydasına dair 23-1. maddə əlavə edilib. Qaydaya əsasən:
Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin II hissəsinə əsasən, Milli Məclisin deputatı öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və bu Daxili Nizamnamənin 47-ci maddəsinin beşinci hissəsində göstərilən halda onun səlahiyyətləri itirilir.
Milli Məclisin Sədri əmək qabiliyyətini fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirən Milli Məclisin deputatı barəsində olan tibbi-sosial ekspert komissiyasının rəyini və ya fəaliyyət qabiliyyətsizliyi səbəbindən öz səlahiyyətlərini daimi icra edə bilməyən Milli Məclisin deputatı barəsində olan məhkəmənin qanuni qüvvəyə minmiş qərarını Milli Məclisin növbəti iclasında müzakirəyə təqdim edir. Müzakirə səlahiyyətlərinin itirilməsi nəzərdə tutulan deputatın iştirakı ilə keçirilir. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxılır. İclasda iştirak edən Milli Məclisin deputatları yalnız deputatın səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra bilər, lehinə və ya əleyhinə çıxış edə bilərlər. Öz səlahiyyətlərini daimi icra edə bilməyən Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.
Parlamentdaxili məsuliyyətə cəlb olunması ilə əlaqədar Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsinin əsasları və müvafiq qərarın qəbul edilməsi qaydası bu Daxili Nizamnamənin 47-ci maddəsinin beşinci hissəsi ilə müəyyən edilir.
Qanuna Milli Məclisin buraxılmasına dair 23-2. maddə də əlavə edilib. Həmin maddəyə əsasən:
- Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin I hissəsinə əsasən, Milli Məclisin eyni çağırışı 1 il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, bu Daxili Nizamnamənin 20-ci maddəsinin birinci hissəsində müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Azərbaycan Respublikası Konstitusiyasının 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisi buraxır.