Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu istifadəyə verilib.
FED.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev və zavodun direktoru Xəyal Cəfərov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdilər.
Qeyd edək ki, karbamid zavodunun layihəsi Prezident İlham Əliyevin 2008-ci ilin avqustunda imzaladığı Sərəncamla təsdiq edilmiş “2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na və 2014-cü ilin dekabrında imzaladığı Sərəncamla təsdiq edilmiş “Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən icra edilib. Təməli 2011-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan zavodun tikintisi ilə əlaqədar elan olunan beynəlxalq açıq tenderin nəticələrinə əsasən 2012-ci ildə Koreya Respublikasının “Samsung Engineering” şirkəti mühəndislik, satınalma və tikinti üzrə podratçı seçilib. Layihənin ammonyak və karbamid istehsalı üzrə lisenziyaları qismində müvafiq olaraq Danimarka və Niderland şirkətləri çıxış edib. Həmçinin layihənin idarə edilməsi və müstəqil təftiş xidmətlərinin həyata keçirilməsi məqsədilə 2015-ci ildə Finlandiya şirkəti ilə müvafiq müqavilə imzalanıb. Tikintinin pik vaxtında zavodun inşasına, ümumilikdə, 3600 nəfərdən artıq işçi cəlb olunub. İnşaat zamanı təhlükəsizlik tələblərinə maksimum dərəcədə riayət edilib, iş həcmi qəzasız şəraitdə yerinə yetirilib.
Məlumat verildi ki, “SOCAR karbamid” zavodunun istehsala başlaması azot gübrəsi idxalına ehtiyacı aradan qaldıracaq, bununla da ölkənin xarici valyuta xərcləri azalacaq. Zavod ildə 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur ki, bu da ölkəyə hər il 160 milyon dollara qədər əlavə gəlirin daxil olmasına imkan verəcək. Bu zavodun işə düşməsi Azərbaycanda kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. Belə ki, karbamid gübrəsi ən yüksək azot tutumuna malikdir və buna görə də ən keyfiyyətli azot gübrəsi hesab olunur. Suda tez həllolma qabiliyyətinə görə seçilən bu gübrə növü ammonyak və karbon dioksidin sintezi nəticəsində əldə edilir. Karbamidə tələbat onun aşağı maya dəyəri, qənaətcil daşınması, rahat tətbiqi və kənd təsərrüfatında yüksək məhsuldarlığı ilə əlaqədardır. Bu məhsuldan digər kimyəvi maddələrin istehsalında və əczaçılıqda da geniş istifadə olunur.
İndiyədək azot gübrələri Azərbaycana idxal edildiyi halda, yeni zavod həm daxili bazarın tələbatını tam ödəyəcək, həm də istehsal etdiyi məhsulun təxminən 70 faizini ixrac edəcək. Nəticədə, daha əvvəl idxal üçün sərf edilən illik 90 milyon dollara qədər valyuta vəsaitləri ölkədə qalacaq, eyni zamanda, zavod respublikamız üçün əlavə gəlir mənbəyinə çevriləcək.
“SOCAR karbamid” zavodu hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirimiş ən böyük layihədir və ümumi dəyəri təxminən 800 milyon avro təşkil edir. Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilib. Zavodun inşası zamanı bir sıra beynəlxalq banklardan dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində vəsait cəlb edilib. Zavodda təxminən 500 nəfər daimi işlə təmin ediləcək. Bunun üçün SOCAR təhsil və təqaüd proqramları vasitəsilə ixtisaslı mütəxəssisləri əvvəlcədən hazırlayıb.
Prezident İlham Əliyev zavodu işə saldı.
Sonra Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının əsas rezidentlərindən olan “SOCAR karbamid” zavodunun fəaliyyətindən bəhs edən filmə baxdı.
Daha sonra dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşdü.
Prezident İlham Əliyev zavodda istehsal olunacaq məhsullara da baxdı. Zavodda gün ərzində 2000 ton karbamid istehsal ediləcək.
Sonda xatirə şəkli çəkdirildi.
10:56
Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu istifadəyə verilib.
FED.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev müəssisədə görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyev zavodu işə salıb və müəssisənin kollektivi ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.
Xatırladaq ki, Karbamid zavodunun təməli 2011-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub. Həmin il layihə üzrə Mühəndislik, Satınalma və Tikinti (MST) podratçısının seçilməsi məqsədilə beynəlxalq açıq tender elan edilmişdir. Tenderdə bir sıra nüfuzlu beynəlxalq şirkətlər iştirak etmiş və tenderin qiymətləndirilməsi nəticəsində Samsung Engineering Co, Ltd. şirkəti 2012-ci ildə tenderin qalibi elan edilmişdir.
13 mart 2013-cü ildə Samsung Engineering Co, Ltd. şirkəti ilə MST Müqaviləsi imzalanmışdır. Zavodun ammonyak və karbamid istehsalı üzrə lisenziarları qismində Danimarkanın Haldor Topsoe and Niderlandın Stamicarbon B.V şirkətləri çıxış edir.Layihə üzrə tikinti işlərinə 2014-cü ilin fevralından başlanmışdır.
Layihənin effektiv həyata keçirilməsi və idarə edilməsi məqsədilə Neste Jacobs Oy (Finlandiya) şirkəti beynəlxalq açıq tender əsasında Layihənin idarə edilməsi üzrə məsləhətçi seçilmişdir. 11 may 2015-ci il tarixində SOCAR və Neste Jacobs Oy şirkəti arasında layihənin idarə edilməsi üzrə məsləhət və müstəqil təftiş xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalanmışdır.
Ümumi ərazisi 39.27 ha olan Zavodun tikintisi Sumqayıt şəhərində həyata keçirilib. Zavodun tikintisi dövründə təxminən 2500-3500 nəfər işçi qüvvəsi cəlb edilmişdir. Zavodun istismarı dövründə isə təxminən 300-350 nəfərin daimi iş yerləri ilə təmin edilməsi gözlənilir.
Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı sahələrindən ibarətdir. Azot gübrələrinin istehsalı üçün əsas xammal qismində təbii qaz çıxış edəcəkdir. İstehsal üçün illik qaz sərfiyyatının 435 milyon m3 (gündəlik 1.32 milyon m3) olması gözlənilir. Zavodda gündəlik 1200 metrik ton ammonyak və 2000 metrik ton karbamid istehsal ediləcəkdir. İstehsal edilən karbamid məhsulu (illik təxminən 650-660 min ton) daxili tələbatı ödəyəcək və izafi məhsul dəmir yolu vasitəsilə Türkiyəyə, habelə Qara Dəniz limanları vasitəsilə dünya bazarlarına ixrac olunacaqdır.