Xəbər verildiyi kimi, 2019-cu ildən etibarən Vergi Məcəlləsində mühüm dəyişikliklərdən biri əmək haqqından tutulan gəlr vergisinin 7 illik müddətə ləğv edilməsi oldu. FED.az xəbər verir ki, yeniliyə əsasən, aylıq maaşı 8 min manatdan az olanlar qarşıdakı 7 il ərzində bu vergini ödəməyəcəklər, 8 mindən artıq maaş alanlar isə cəmi 14% vergi ödəyəcəklər.
Bu dəyişikliklərin məqsədi kimi, əmək müqavilələrinə marağın yüksəlməsi və gələcəkdə işləyənin daha yüksək pensiya alması göstərilir. Bəs əmək müqaviləsi ilə işləyənlər nə qədər pensiya alacaqlar?
Eləcə də bax: Kimin pensiyası nə qədər artacaq? - Artım məbləğləri göstərildi
Əhali üçün maraqlı olduğunu nəzərə alaraq FED.az bununla bağlı sadə hesablama aparıb.
Misal olaraq hazırda yaşı 25 olan və əmək müqaviləsi ilə çalışan şəxs götürülüb.
Həmin şəxsin alacağı pensiyanın məbləği onun işlədiyi müddətdə Dövlət Sosial Müdafiə Fondundakı (DSMF) fərdi hesabına topladığı vəsaitin məbləğindən asılıdır.
Bəs fərdi hesaba nə qədər vəsait toplamaq mümkündür? Qanunvericiliyə əsasən, DSMF-ə ödənişlər əmək haqqının 25%-i həcmindədir.
Sadə olsun deyə hesablamanı ölkə üzrə orta aylıq əmək haqqı üzərindən aparaq. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin sonuna ölkədə orta aylıq əmək haqqı 540 manat təşkil edir.
Bu qədər maaş alan şəxs DSMF-dəki fərdi hesabına hər ay 135 manat (540*25%) ödəməlidir. Bu, il ərzində 1620 manat edir.
Eləcə də bax: Pensiyalar nə vaxt ödəniləcək? - AÇIQLAMA
Ölkə üzrə pensiya yaşı 65 olduğuna görə, bu şəxs pensiyaya çıxanadək 40 il işləməlidir. Deməli bu müddətdə şəxsin fərdi hesabında 64 800 manat (40 il * 1620 manat) vəsait toplanacaq.
Mövcud qaydalara görə, vətəndaş fərdi hesabındakı pulun heç də hamıından deyil, 90%-dən istifadfə edə bilər. Qalan 10% pensiya sisteminin dəstəklənməsi, yəni hazırda pensiya alanların təqaüdünün ödənilməsi üçün ayrılır.
Nəticədə nümunə kimi götürdüyümüz şəxs pensiyaya çıxanda onun fərdi hesabında 58 320 manat vəsait olur.
Hökumətin, daha dəqiqi DSMF sədri olanda Səlim Müslümovun apardığı hesablamalara görə, pensiyaçıların təqaüdə çıxdıqdan sonra orta ömür müddəti 12 ildir. Yəni fərdi hesaba toplanan vəsaitlər pensiyaçıya bu müddətdə (144 ayda) ödənilməlidir.
Aylıq pensiyanın hesablanması da bu prinsipə əsaslanır. Fərdi hesabdakı vəsaitlərin son məbləği 144-ə bölünərək aylıq pensiya məbləği müəyyən edilir.
Bu hesabla götürəndə fərdi hesabında 58 320 manatla pensiyaya çıxan şəxsin aylıq pensiyası 405 manat təşkil etməlidir. Doğrudur, illər keçdikcə pensiya məbləği illik inflyasiya və ya orta aylıq maaş artımından asılı olaraq indeksasiya edilə bilər. Amma təcrübə göstərir ki, adətən bu artımlar elə də ciddi olmur. Ona görə də pensiya məbləğini müəyyənləşdirən əsas amil ərdi hesaba yatırılan vəsaitdir.