ELƏCƏ DƏ BAX: Neft Fondunun büdcəsinə - RƏY VERİLDİ
FED.az-ın məlumatına görə, fərmana əsasən Nazirlər Kabineti
- Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;
- mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası
Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 18 dekabr tarixli Fərmanı
ilə təsdiq edilmişdir
1.Ümumi müddəalar
1.1. Bu Qayda “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11-1.7-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması qaydasını müəyyən edir.
1.2. Bu Qaydada istifadə olunan anlayışlar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.
1.3. Büdcə qaydasına uyğun olaraq icmal büdcə xərclərinin yuxarı həddi hesablanarkən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin növbəti il və sonrakı üç il üzrə makroiqtisadi proqnoz göstəriciləri əsas götürülür.
2. Büdcə qaydasının tətbiqində istifadə olunan göstəricilər
2.1. Büdcə qaydasına uyğun olaraq icmal büdcə xərclərinin, o cümlədən xərclənə bilən neft gəlirlərinin yuxarı həddi müəyyən edilərkən növbəti il və sonrakı üç il üçün aşağıdakı proqnoz göstəricilərindən istifadə olunur:
2.1.1. qeyri-neft ümumi daxili məhsulu;
2.1.2. xam neftin orta illik ixrac qiyməti;
2.1.3. 1 ABŞ dollarının manata olan orta məzənnəsi;
2.1.4. Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin qalığı;
2.1.5. neft-qaz sektorunda hasilatın və ixracın fiziki həcm göstəriciləri;
2.1.6. Azərbaycan Respublikası Dövlət Neft Fondunun bu Qaydanın 2.1.2-ci yarımbəndində qeyd olunmuş xam neftin orta illik ixrac qiymətinə uyğun proqnozlaşdırılan gəlirləri;
2.1.7. Azərbaycan Respublikasının ərazisində xam neftin və təbii qazın hasilatı ilə məşğul olan vergiödəyicilərinin hasilat göstəriciləri və həmin vergiödəyicilərinin ödədiyi mənfəət vergisinin məbləği;
2.1.8. fiziki şəxslərin gəlir vergisi istisna olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ödədiyi vergilərin məbləği;
2.1.9. dövlət büdcəsinin qeyri-neft gəlirləri;
2.1.10. dövlət borcu ilə bağlı göstəricilər;
2.1.11. dövlət müəssisələrinin dövlət büdcəsi qarşısında öhdəlikləri;
2.1.12. vahid xəzinə hesabının qalığı (idarəetməyə verilmiş vəsait də daxil olmaqla).
3. İcmal büdcə xərclərinin yuxarı həddinin hesablanması üsulu
3.1. İcmal büdcə xərclərinin yuxarı həddi icmal büdcənin xərclənə bilən neft gəlirləri, icmal büdcənin qeyri-neft gəlirləri və icmal büdcəyə digər daxilolmalar əsasında aşağıdakı düsturla hesablanır:
Düstur 1:
İX = İGxn+ İGqnd
burada:
İX – icmal büdcə xərclərinin yuxarı həddi;
İGxn – xərclənə bilən neft gəlirləri;
İGqnd – icmal büdcənin qeyri-neft gəlirləri və digər daxilolmalardır.
3.2. Xərclənə bilən neft gəlirləri, növbəti büdcə ilinin əvvəlinə bu Qaydanın 3.3-cü bəndində nəzərdə tutulan xalis maliyyə aktivlərinin 30 faizindən çox olmamaqla aşağıdakı düsturla hesablanır:
Düstur 2:
İGxn(XMA) = XMA * 30%
burada:
İGxn(XMA) – xalis maliyyə aktivləri əsasında müəyyən edilən xərclənə bilən neft gəlirləri;
XMA – xalis maliyyə aktivləridir.
3.3. Xalis maliyyə aktivləri cari büdcə ilinin sonuna Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin qalığı, vahid xəzinə hesabının qalığı (idarəetməyə verilmiş vəsait də daxil olmaqla), Azərbaycan Respublikasının adından bağlanmış müqavilələrin öhdəlikləri üzrə xarici dövlətlərin ödəməli olduqları borc və dövlət müəssisələrinin dövlət büdcəsi qarşısında cari ilə düşən öhdəliklərinin (vergi borcları istisna olmaqla) cəmi ilə məcmu dövlət borcunun (dövlətin daxili və xarici borcu) fərqi kimi müəyyən edilir.
3.4. Xərclənə bilən neft gəlirləri (İGxn) xalis maliyyə aktivləri əsasında müəyyən edilən xərclənə bilən neft gəlirləri (İGxn(XMA)) icmal büdcənin proqnozlaşdırılan neft gəlirlərindən çox olduqda yaranan fərqin 20 faizi ilə icmal büdcənin proqnozlaşdırılan neft gəlirlərinin cəmi, az olduqda isə yaranan fərqin 20 faizi ilə xalis maliyyə aktivləri əsasında müəyyən edilən xərclənə bilən neft gəlirlərinin (İGxn(XMA)) cəmi əsasında müəyyən edilir və aşağıdakı düsturlarla hesablanır:
Düstur 3:
Xalis maliyyə aktivləri əsasında müəyyən edilən xərclənə bilən neft gəlirləri (İGxn(XMA)) proqnozlaşdırılan neft gəlirlərindən çox olduqda
İGxn = Gpn + (İGxn(XMA)-Gpn)*20%
Düstur 4:
Xalis maliyyə aktivləri əsasında müəyyən edilən xərclənə bilən neft gəlirləri (İGxn(XMA)) proqnozlaşdırılan neft gəlirlərindən az olduqda
İGxn = İGxn(XMA) + ( Gpn-İGxn(XMA) *20%
burada:
Gpn – icmal büdcənin proqnozlaşdırılan neft gəlirləridir.
3.5. İcmal büdcənin qeyri-neft gəlirləri və icmal büdcəyə digər daxilolmalar (İGqnd) aşağıdakı göstəricilərin cəmi kimi müəyyən edilir:
3.5.1. dövlət büdcəsinin qeyri-neft gəlirləri;
3.5.2. dövlət büdcəsindən verilən dotasiya istisna olmaqla, Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlirləri;
3.5.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə dövlət büdcəsi öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait və dövlət büdcəsindən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqları üzrə ayırmaları istisna olmaqla, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə məcburi dövlət sosial sığorta haqlarından və digər mənbələrdən daxilolmalar;
3.5.4. dövlət büdcəsindən maliyyələşən təşkilatların işsizlikdən sığorta üzrə ödədikləri sığorta haqları istisna olmaqla, işsizlikdən sığorta fonduna işsizlikdən sığorta üzrə sığorta haqlarından və digər mənbələrdən daxilolmalar;
3.5.5. icmal büdcə və dövlət büdcəsi kəsirlərinin qanunla müəyyən edilmiş maliyyələşdirilməsi mənbələri hesabına daxilolmalar.
4. İcmal büdcə xərclərinin yuxarı həddinin müəyyən edilməsi
4.1. Bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq növbəti il üçün hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin 103 faizindən çox olduqda, 103 faizlik hədd əsas götürülür. Bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq növbəti il üçün hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin 103 faizindən az olduqda, bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq hesablanmış məbləğ əsas götürülür.
4.2. Bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq müəyyən edilən icmal büdcə xərclərinin yuxarı həddi əsasında növbəti büdcə ili üçün proqnozlaşdırılan icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsuluna nisbət göstəricisi növbəti büdcə ili üçün hədəflənən göstəricidən çox olduqda, icmal büdcə xərclərinin yuxarı həddi növbəti il üçün hədəflənən nisbət göstəricisinə uyğun həddə azaldılır.
5. Yekun müddəalar
5.1. İcmal büdcə xərclərinin yuxarı həddinin müəyyən edilməsi dövlət büdcəsi və icmal büdcə layihələrinin tərtibinin əsas hissəsini təşkil edir.
5.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qaydaya uyğun olaraq icmal büdcə xərclərinin yuxarı həddini hesablayır və həmin həddi əsas götürməklə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icmal büdcənin və dövlət büdcəsinin layihələrini hazırlayır.