Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalan qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında qaydalar”ı təsdiq edib.
FED.az xəbər verir ki, yeni qaydalarda kredit risklərinin maksimum miqdarında dəyişikliklər edilib.
Belə ki, bankın bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit riskinin miqdarı aşağıdakılardan çox ola bilməz:
- təminatlı kredit tələbi üzrə – bankın tutulmalardan sonra I dərəcəli kapitalının 25%-dən;
- təminatsız kredit tələbi üzrə – bankın tutulmalardan sonra I dərəcəli kapitalının 10%-dən;
- təminatlı və təminatsız məcmu kredit tələbləri üzrə - tutulmalardan sonra bankın I dərəcəli kapitalının 25%-dən;
- Azərbaycanda fəaliyyət göstərən bank, habelə beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik qeyri-rezident bankın kredit tələbi üzrə – tutulmalardan sonra bankın I dərəcəli kapitalının 20%-dən;
- sistem əhəmiyyətli bankın digər sistem əhəmiyyətli bank üzrə kredit riskinin miqdarı üzrə – tutulmalardan sonra bankın I dərəcəli kapitalının 15%-dən;
- məcmu iri kredit risklərinin miqdarı üzrə – tutulmalardan sonra bankın I dərəcəli kapitalının 8 mislindən.
Kredit risklərinin maksimum miqdarının hesablanmasında aşağıdakı kredit tələbləri nəzərə alınmır:
- Azərbaycan hökumətinə və Mərkəzi Bankına qarşı tələblər;
- beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “AA-” ölkə (suveren) borc reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik İƏİT ölkəsinin hökumətləri və mərkəzi banklarına qarşı tələblər;
- banklararası bir günlük əməliyyatlar üzrə tələblər (overnayt / intradey); banklararası təminatlı pul bazarı üzrə tələblər;
- müxbir hesab qalıqları (Azərbaycanda fəaliyyət göstərən banklar, habelə beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik banklar olduqda).
Qeyd edək ki, hazırda isə bankın bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit riskinin miqdarı aşağıdakılardan çox ola bilməz:
- kredit tələbi üzrə təminatın bazar dəyəri təmin etdiyi öhdəlik məbləğinin 100%-dən, təminat daşınmaz əmlak olduqda isə 150%-dən az olmadıqda – bankın I dərəcəli kapitalının 20%-dən;
- kredit tələbi üzrə təminatın bazar dəyəri təmin etdiyi öhdəlik məbləğinin 100%-dən, təminat daşınmaz əmlak olduqda isə 150%-dən az olduqda – bankın I dərəcəli kapitalının 7%-dən;
- məcmu iri kredit risklərinin miqdarı – bankın I dərəcəli kapitalının 8 mislindən.
Hazırda qüvvədə olan qanuna əsasən Azərbaycanda, habelə beynəlxalq nüfuzlu reytinq agentlikləri (Standard&Poor`s, Fitch Ratings, Moody`s, bundan sonra - beynəlxalq reytinq agentlikləri) tərəfindən verilmiş minimum “BBB-” ölkə (suveren) borc reytinqinə malik ölkələrdə fəaliyyət göstərən banklar üzrə kredit tələbləri kredit risklərinin maksimum miqdarının hesablanmasında aşağıdakı kimi nəzərə alınır:
- bir günlük əməliyyatlar üzrə tələblərin (overnayt/intradey) 0%-i;
- banklararası təminatlı pul bazarı üzrə tələblərin 0%-i;
- müxbir hesab qalıqlarının 0%-i;
- müddəti 1 ilə qədər olan tələblərin 25%-i;
- müddəti 1 ildən 3 ilə qədər olan tələblərin 50%-i;
- 3 ildən artıq olan tələblərin 75%-i.
Həmçinin yeni qaydada qeyd olunur ki, xarici valyutada istehlak kreditləri xarici valyutada gəliri olan borcalanlara verilir. Xarici valyutada gəliri olmayan borcalanlara xarici valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda xarici valyutada olan depozitlər (borcalana yaxud üçüncü şəxsə aid) və ya banka girov qoyulmuş bank metalları çıxış etdikdə KTN əmsalı (kreditin təminata olan nisbəti) 90%-dən çox olmadıqda xarici valyutada istehlak kreditləri verilir.
Həmçinin yeni qaydaya əsasən daşınmaz əmlak krediti milli valyutada verilir. Bu zaman KTN əmsalı 70%-dən artıq olmamalıdır.
Yeni qərar bu il dekabrın 29-dan qüvvəyə minəcək (report.az).
FED.az sözügedən qərarın TAM MƏTNiNİ təqdim edir
Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında
Qaydalar
1. Ümumi müddəalar
Bu Qaydalar “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 34.2.5-ci və 34.2.6-cı maddələrinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filiallarında (bundan sonra - banklar) bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin, habelə məcmu iri kredit risklərinin maksimum miqdarını və bu normativlərin tətbiqi qaydalarını müəyyən edir.
2. Anlayışlar
2.0. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.0.1. kredit risklərinin maksimum miqdarı – bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə bankın kredit tələbinin yuxarı həddi;
2.0.2. iri kredit riskinin miqdarı – bir borcalana və ya bir-biri ilə əlaqədar borcalanlar qrupuna qarşı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 10 (on) faizindən çox olan kredit tələbinin (iri kredit tələbi) məbləği;
2.0.3. kredit tələbi – istənilən formada pul öhdəliklərinin icrası ilə bağlı bankın tələb hüquqları;
2.0.4. borcalan – bankdan kredit, qarantiya (zaminlik) alan, yaxud bank qarşısında hər hansı formada pul öhdəliyi olan fiziki və ya hüquqi şəxs;
2.0.5. qeyri-bank maliyyə təşkilatları – depozit (əmanət) cəlb edilməsi əməliyyatından başqa digər maliyyə xidmətlərini göstərən maliyyə təşkilatları (bank olmayan kredit təşkilatları, kredit ittifaqları, lizinq verənlər, sığorta, faktorinq, lombard təşkilatları və digər oxşar təşkilatlar);
2.0.6. avtomobil krediti – avtomobil nəqliyyatı vasitəsinin əldə edilməsi məqsədi ilə verilən və təminat predmeti həmin avtomobil nəqliyyatı vasitəsi olan kredit;
2.0.7. avtomobil nəqliyyatı vasitəsi – fiziki şəxslərin şəxsi istehlakı üçün aldıqları avtomobil nəqliyyatı vasitəsi;
2.0.8. daşınmaz əmlak krediti – fiziki şəxslərə şəxsi istehlak məqsədi ilə daşınmaz əmlakın əldə edilməsi və ya tikintisi üçün verilən kredit;
2.0.9. kreditin təminata olan nisbəti (KTN əmsalı) – kreditin ümumi məbləğinin (əsas borc və kredit müqaviləsi üzrə hesablanacaq faiz borcu) kredit üzrə təminatın bazar dəyərinə nisbəti əmsalı;
2.0.10. məqbul təminat – bu Qaydaların məqsədləri üçün aşağıdakı təminat növləri:
2.0.10.1. Azərbaycan Respublikasının dövlət qiymətli kağızları, habelə Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) tərəfindən buraxılmış qiymətli kağızlar, dövlət zəmanəti və ya Mərkəzi Bankın qarantiyası;
2.0.10.2. banka girov qoyulmuş Azərbaycan Respublikasının milli valyutası, bank metalları və ya beynəlxalq nüfuzlu reytinq agentlikləri (Standard & Poor`s, Fitch Ratings, Moody`s, bundan sonra - beynəlxalq reytinq agentlikləri) tərəfindən verilmiş minimum investisiya reytinqinə malik İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (bundan sonra – İƏİT) ölkələrinin valyutası;
2.0.10.3. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun buraxdığı təmin edilmiş qiymətli kağızlar;
2.0.10.4. beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik çoxtərəfli inkişaf bankları tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar;
2.0.10.5. beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik İƏİT ölkələrinin hökumətləri və mərkəzi bankları tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar;
2.0.10.6. İƏİT ölkələrində qeydə alınmış və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik banklar, habelə Azərbaycan Respublikasında fəaliyyət göstərən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş kredit reytinqi Azərbaycan Respublikasının ölkə (suveren) borc reytinqindən maksimum 1 (bir) pillə aşağı olan banklar tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar;
2.0.10.7. İƏİT ölkələrində qeydə alınmış və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “A-” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik maliyyə təşkilatları tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar;
2.0.11. çoxtərəfli inkişaf bankları – iki və daha artıq ölkə tərəfindən iqtisadi inkişafın dəstəklənməsi məqsədilə təsis edilmiş beynəlxalq maliyyə təşkilatı;
2.0.12. bank aksepti - qısa müddətli borc öhdəliklərininin icrasına bankın razılığını nəzərdə tutan sənəd;
2.0.13. təminatlı kredit tələbi - təminatı məqbul təminat olduqda onun bazar dəyəri təmin etdiyi öhdəlik məbləğinin 100 (yüz) faizindən, təminat məqbul təminat olmadıqda isə 150 (yüz əlli) faizindən az olmayan kredit tələbi;
2.0.14. təminatsız kredit tələbi - təminatı məqbul təminat olduqda onun bazar dəyəri təmin etdiyi öhdəlik məbləğinin 100 (yüz) faizindən, təminat məqbul təminat olmadıqda isə 150 (yüz əlli) faizindən az olan və ya təminatı beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik olmayan rezident və qeyri-rezident hüquqi şəxslər tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar olan kredit tələbi.
3. Bir-biri ilə əlaqədar borcalanlar qrupu
3.1. Borcalanlar aşağıdakı hallarda bir-biri ilə əlaqədar hesab olunurlar:
3.1.1. borcalanlardan biri bankın digər borcalanı üzərində mühüm təsirə malik olduqda;
3.1.2. eyni bir şəxs (borcalan olub-olmamasından asılı olmayaraq) bankın iki və ya daha çox borcalanı üzərində mühüm təsirə malik olduqda;
3.1.3. hər hansı borcalanın öhdəlikləri üzrə birgə və ya subsidiar məsuliyyət daşıyan şəxs bankın borcalanı olduqda;
3.1.4. bankın borcalanı olan iki və ya daha çox şəxsin öhdəlikləri üzrə eyni bir şəxs (borcalan olub-olmamasından asılı olmayaraq) birgə və ya subsidiar məsuliyyət daşıdıqda;
3.1.5. bir borcalan bankdan aldığı krediti digər borcalana istənilən formada verdikdə, yaxud iki və ya daha çox borcalan bankdan aldıqları krediti birlikdə və ya ayrılıqda eyni şəxsə (borcalan olub-olmamasından asılı olmayaraq) köçürdükdə (iki və ya daha çox borcalanın kommersiya məqsədi ilə eyni mal göndərənə və ya xidmət göstərənə vəsaitin köçürüldüyü hallar istisna olmaqla);
3.1.6. borcalanlar bankdan aldıqları kreditlərdən gəlir əldə etmək üçün birgə istifadə etdikdə;
3.1.7. bir borcalanın gəlir və ya xərclərinin (o cümlədən, konsolidasiya olunmuş gəlir və xərclərin) 50 (əlli) faizindən çoxu bankın başqa borcalanı ilə əlaqəli olduqda;
3.1.8. iki və ya daha çox borcalan tərəfindən öhdəliklərinin icrası üçün eyni mənbədən istifadə edildikdə və ya eyni təminat təqdim edildikdə, yaxud gəlirlərinin 50 (əlli) faizindən çoxu eyni şəxsdən əldə edildikdə.
3.2. Aşağıdakı hallarda şəxs digər şəxsin üzərində mühüm təsirə malik hesab olunur:
3.2.1. hüquqi şəxsin kapitalının 10 (on) və ya daha çox faizini təşkil edən mühüm iştirak payına malik olduqda;
3.2.2. hüquqi şəxsin mühüm iştirak payına malik şəxsi, idarəetmə orqanları və ya digər səlahiyyətli şəxsi ilə bağlanmış müqavilə əsasında və ya başqa əsasda həmin hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərmək hüququ olan şəxs olduqda, yaxud onun işlərini idarə edə bildikdə;
3.2.3. hüquqi şəxsin öhdəlikləri üzrə birgə və ya subsidiar məsuliyyət daşıyan təsisçisi (iştirakçısı) olduqda.
3.3. Nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və onların işçiləri bir-biri ilə əlaqədar borcalanlar qrupuna aid edilmir.
4. Kredit risklərinin maksimum miqdarı
4.1. Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit tələblərinə aşağıdakılar daxildir:
4.1.1. kredit tələbinin əsas məbləği;
4.1.2. balansdankənar öhdəliklər;
4.1.3. əldə edilmiş qiymətli kağızlar üzrə borc öhdəlikləri.
4.2. Kredit risklərinin maksimum miqdarı hesablanarkən kredit tələbinin əsas məbləği müvafiq məqsədli ehtiyatlar çıxılmaqla nəzərə alınır.
4.3. Bankın bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit riskinin miqdarı aşağıdakılardan çox ola bilməz:
4.3.1. təminatlı kredit tələbi üzrə – bankın tutulmalardan sonra I dərəcəli kapitalının 25 (iyirmi beş) faizindən;
4.3.2. təminatsız kredit tələbi üzrə – bankın tutulmalardan sonra I dərəcəli kapitalının 10 (on) faizindən;
4.3.3. təminatlı və təminatsız məcmu kredit tələbləri üzrə - tutulmalardan sonra bankın I dərəcəli kapitalının 25 (iyirmi beş) faizindən;
4.3.4. Azərbaycan Respublikasında fəaliyyət göstərən bank, habelə beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik qeyri-rezident bankın kredit tələbi üzrə – tutulmalardan sonra bankın I dərəcəli kapitalının 20 (iyirmi) faizindən;
4.3.5. sistem əhəmiyyətli bankın digər sistem əhəmiyyətli bank üzrə kredit riskinin miqdarı üzrə – tutulmalardan sonra bankın I dərəcəli kapitalının 15 (on beş) faizindən;
4.3.6. məcmu iri kredit risklərinin miqdarı üzrə – tutulmalardan sonra bankın I dərəcəli kapitalının 8 (səkkiz) mislindən.
4.4. Bu Qaydaların 4.3.1-ci və 4.3.2-ci yarımbəndlərində göstərilmiş limitlər aşağıdakı qaydada hesablanır:
4.4.1. hər bir kredit tələbi üzrə təminatın bazar dəyərinin təmin etdiyi öhdəliyə nisbəti hesablanır;
4.4.2. hər bir kredit tələbi təminatlı və ya təminatsız kateqoriya üzrə təsnifləşdirilir;
4.4.3. kateqoriyalar üzrə kredit tələbləri bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə cəmlənir;
4.4.4. hər bir kateqoriya üzrə kredit tələbinə dair bu Qaydaların 4.3.1-ci və 4.3.2-ci yarımbəndlərində müəyyən edilmiş limitlər, habelə bu Qaydaların 4.3.3-cü yarımbəndində məcmu portfel üzrə müəyyən edilmiş limit tətbiq edilir.
4.5. Kredit risklərinin maksimum miqdarının hesablanmasında aşağıdakı kredit tələbləri nəzərə alınmır (hesablamaya daxil edilmir):
4.5.1. Azərbaycan Respublikasının hökumətinə və Mərkəzi Bankına qarşı tələblər;
4.5.2. beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “AA-” ölkə (suveren) borc reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik İƏİT ölkəsinin hökumətləri və mərkəzi banklarına qarşı tələblər;
4.5.3. banklararası bir günlük əməliyyatlar üzrə tələblər (overnayt / intradey);
4.5.4. banklararası təminatlı pul bazarı üzrə tələblər;
4.5.5. müxbir hesab qalıqları (Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar, habelə beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik banklar olduqda).
4.6. Balansdankənar öhdəliklərin aşağıdakı hissəsi kredit risklərinin maksimum miqdarının hesablanmasında nəzərə alınır (hesablamaya daxil edilir):
4.6.1. müddəti bir ilədək olan balansdankənar öhdəliklərin 20 (iyirmi) faizi;
4.6.2. müddəti bir ildən çox olan balansdankənar öhdəliklərin 50 (əlli) faizi;
4.6.3. bank aksepti və qiymətli kağızların alınması və satılması üzrə təəhhüdlər tam həcmdə nəzərə alınır.
4.6.4. müqavilə əsasında banka birtərəfli qaydada öhdəliyi tam yerinə yetirməmək hüququ verən öhdəliklərin 10 (on) faizi.
4.7. Bankın iri kredit tələbinin yaranması və ya kredit tələbinin bu Qaydalarla müəyyən edilmiş həddə çatdırılması Müşahidə Şurasının qərarı ilə həyata keçirilir.
4.8. Bu Qaydalarla müəyyən olunmuş limitlərin pozulması halında bank bu barədə 3 (üç) iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına məlumat verir.
4.9. Bankın qeyri-bank maliyyə təşkilatları üzrə kredit risklərinin maksimum miqdarı aşağıdakı kimi müəyyən olunur:
4.9.1. bir qeyri-bank maliyyə təşkilatı üzrə kredit tələbi bankın tutulmalardan sonra I dərəcəli kapitalının 7 (yeddi) faizindən artıq olmamalıdır;
4.9.2. qeyri-bank maliyyə təşkilatları üzrə məcmu kredit tələbləri tutulmalardan sonra I dərəcəli kapitalın 30 (otuz) faizindən artıq olmamalıdır.
4.10. Bankın bir borcalanının avtomobil krediti üzrə kredit riskinin maksimum miqdarı aşağıdakı kimi müəyyən olunur (hesablamada kredit üzrə yalnız əsas borc nəzərə alınır):
4.10.1. kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 (otuz) min manatdan artıq olduqda KTN əmsalı 60%-dən çox olmamalıdır;
4.10.2. kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 (otuz) min manat və ya ondan az olduqda KTN əmsalı 50%-dən çox olmamalıdır;
4.10.3. avtomobil nəqliyyatı vasitəsinin qiymətindən asılı olmayaraq kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir ildən çox olan avtomobil nəqliyyatı vasitələri üzrə KTN əmsalı 20%-dən çox olmamalıdır.
4.11. Xarici valyutada istehlak kreditləri xarici valyutada gəliri olan borcalanlara verilir. Xarici valyutada gəliri olmayan borcalanlara xarici valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda xarici valyutada olan depozitlər (borcalana yaxud üçüncü şəxsə aid) və ya banka girov qoyulmuş bank metalları çıxış etdikdə KTN əmsalı 90%-dən çox olmadıqda xarici valyutada istehlak kreditləri verilir.
4.12. Daşınmaz əmlak krediti milli valyutada verilir. Bu zaman KTN əmsalı 70%-dən artıq olmamalıdır (hesablamada kredit üzrə yalnız əsas borc nəzərə alınır).
5. Kredit risklərinin maksimum miqdarının hesablanmasında təminatın rolu
5.1. Bu Qaydalarla müəyyən olunmuş normativlərin hesablanmasında kredit tələbinin təmin edilmiş hissəsinin nəzərə alınması üçün ən azı aşağıdakı şərtlər mövcud olmalıdır:
5.1.1. bankın təminat üzərində hüquqları qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilməlidir;
5.1.2. təminatın müddəti təmin etdiyi öhdəliyin müddətindən az olmamalıdır;
5.1.3. təminatın bazar qiyməti ən azı ildə bir dəfə yenidən qiymətləndirilməlidir;
5.1.4. təminatın satışı üçün likvid bazar olmalıdır.
5.2. Kredit tələbinin təmin olunmuş hissəsi bu Qaydaların 4-cü hissəsində müəyyən edilmiş normativlərin hesablanması zamanı aşağıdakı yarımbəndlərdə müəyyən edilmiş qaydada azaldılır:
5.2.1. kredit tələbinin təminatı qismində bu Qaydaların 2.0.10.1-ci və 2.0.10.2-ci yarımbəndlərində göstərilən məqbul təminat növləri, habelə beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “AA-” ölkə (suveren) borc reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik İƏİT ölkələrinin hökumətlərinin və ya mərkəzi banklarının buraxdıqları qiymətli kağızlar və qarantiyalar çıxış etdikdə kredit tələbinin təmin olunmuş hissəsi tam həcmdə;
5.2.2. kredit tələbinin təminatı qismində bu Qaydaların 2.0.10.3-cü və 2.0.10.4-cü yarımbəndlərində göstərilən məqbul təminat növü çıxış etdikdə kredit tələbinin təmin olunmuş hissəsi 80 (səksən) faiz;
5.2.3. kredit tələbinin təminatı qismində beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “AA-” ölkə (suveren) borc reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik İƏİT ölkələrinin hökumətlərinin və ya mərkəzi banklarının buraxdıqları qiymətli kağızlar və qarantiyalar istisna olmaqla bu Qaydaların 2.0.10.5-ci, 2.0.10.6-cı və 2.0.10.7-ci yarımbəndlərində göstərilən məqbul təminat növləri çıxış etdikdə kredit tələbinin təmin olunmuş hissəsi 50 (əlli) faiz;
5.2.4. kredit tələbinin təminatı qismində bu Qaydaların 2.0.10-cu yarımbəndində göstərilən məqbul təminat növlərindən başqa digər təminat növləri çıxış etdikdə kredit tələbinin təmin olunmuş hissəsi azaldılmır.
6. Normativlərə dair pozuntunun aradan qaldırılması
6.1. Aşağıdakı hallarda və müddətlərdə bank bu Qaydalarla müəyyən olunmuş normativlərin pozuntusunu aradan qaldırmalıdır:
6.1.1. bankın I dərəcəli kapitalının səviyyəsi azaldıqda – 60 (altmış) təqvim günü ərzində;
6.1.2. təminatın bazar dəyəri azaldıqda və ya itirildikdə – 60 (altmış) təqvim günü ərzində;
6.1.3. bir borcalan bir-biri ilə əlaqədar borcalanlar qrupuna çevrildikdə – 60 (altmış) təqvim günü ərzində.
7. Yekun müddəalar
Bu Qaydalar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən 1 (bir) ay sonra qüvvəyə minir.