FED.az-ın məlumatına görə, bu Qaydalar Azərbaycanda fəaliyyət göstərən banklar və xarici bankların yerli filialları üçün məzənnə riskinin tənzimlənməsi məqsədi ilə açıq valyuta mövqeyinin müəyyən edilməsini və ona tətbiq edilən limitləri tənzimləyir.
ELƏCƏ DƏ BAX: Kreditləri bağışlamaq: Mexanizmlər
Valyuta mövqeyi bankın xarici valyutada və bank metallarında olan tələb və öhdəlikləridir. Açıq valyuta mövqeyi bankın ayrı - ayrı xarici valyutalarda, habelə bank metallarında balans və balansdankənar tələblərinin və balans və balansdankənar öhdəliklərinin məbləğləri arasındakı fərq, qısa açıq valyuta mövqeyi bankın hər hansı xarici valyuta öhdəlikləri məbləğinin onun tələbləri məbləğindən çox olduğu açıq valyuta mövqeyi, uzun açıq valyuta mövqeyi bankın hər hansı xarici valyuta tələbləri məbləğinin onun öhdəlikləri məbləğindən çox olduğu açıq valyuta mövqeyidir. Məcmu açıq valyuta mövqeyi bütün uzun açıq valyuta mövqelərinin manat ekvivalentində məbləğlərinin cəmi ilə bütün qısa açıq valyuta mövqelərinin manat ekvivalentində məbləğlərinin cəmi arasında mütləq kəmiyyətcə böyük olan göstəricidir. Qapalı valyuta mövqeyi bankın hər hansı xarici valyuta tələbləri məbləğinin onun öhdəlikləri məbləğinə bərabər olduğu valyuta mövqeyini ifadə edir. Açıq valyuta mövqeyi limiti açıq valyuta mövqeyinin manat ekvivalentinin bankın məcmu kapitalına nisbəti üzrə bu Qaydalarla müəyyən edilmiş limitdir.
Struktur valyuta mövqeyi valyuta risklərinin bankın kapitalına təsirini minimallaşdırmaq məqsədilə qəbul edilmiş uzunmüddətli valyuta mövqeləridir. Bu cür mövqeyə bankların xaricdə törəmə müəssisələr təsis etməsi, səhmlərini xarici valyutada emissiya edərək yerləşdirməsi və möhtəkirlik xarakterinə malik olmayan digər əməliyyatlar üzrə açılmış mövqeləri və s. aid edilir. Hedcləşdirmə isə törəmə maliyyə alətləri, habelə forvard müqavilələri vasitəsilə mübadilə məzənnəsinin dəyişməsindən yarana biləcək itkinin qarşısının alınmasıdır.
Sərbəst dönərli valyutaya (SDV) ABŞ dolları (USD), avro (EUR), Kanada dolları (CAD), yapon yeni (JPY), ingilis funt sterlinqi (GBP), İsveçrə frankı (CHF), Beynəldxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları (XDR), o cümlədən beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “AA-” ölkə (suveren) borc reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik ölkələrin valyutalarıdaxildir.
Hər bir valyuta üzrə açıq valyuta mövqeyinin hesablanması zamanı aşağıdakılar nəzərə alınır:
- xalis spot mövqe (müvafiq xarici valyutada cəmi aktivlərdən cəmi öhdəliklər (hesablanmış faizlər daxil olmaqla) çıxılır);
- xalis forvard mövqe (forvard müqavilələri üzrə qəbul ediləcək və ödəniləcək məbləğlər arasındakı fərq);
- reallaşması dəqiq olan və geri qaytarıla bilməyən qarantiyalar (benefisiar tərəfindən artıq tələb gəlmiş) və ona oxşar alətlər (məsələn, kredit xətləri, akkreditiv və s.).
Kredit xətləri üzrə açıq valyuta mövqeyinin hesablanması zamanı aşağıdakı kreditə konvertasiya əmsalları tətbiq olunur:
- müddəti bir ilədək olduqda – 20 (iyirmi) faizlə (kreditə konvertasiya əmsalı – 0,2);
- müddəti bir ildən çox olduqda – 50 (əlli) faizlə (kreditə konvertasiya əmsalı – 0,5);
- müqavilə əsasında banka birtərəfli qaydada öhdəliyi tam yerinə yetirməmək hüququ verildikdə – 10 (on) faizlə (kreditə konvertasiya əmsalı – 0,1).
Açıq valyuta mövqeyi hesablanarkən ehtiyat hesabına balansdan silinmiş və balansdankənar hesablarda uçotu aparılan aktivlər istisna edilir. Açıq valyuta mövqeyi hesablanarkən balans aktivləri müvafiq ehtiyatlar (adi və məqsədli ehtiyatlar) çıxılmaqla nəzərə alınır. Bank tərəfindən bağlanmış bütün hedcləşdirmə müqavilələri açıq valyuta mövqeyinin hesablanması zamanı nəzərə alınır. Bank tərəfindən hedc müqaviləsi bağlandığı halda, Maliyyə Bazarlarına Nəzarət Palatasına və Mərkəzi Banka bu barədə məlumat təqdim olunur. Təqdim olunan məlumatın forması Palata tərəfindən müəyyən olunur. Bağlanmış hedc müqaviləsi icra olunmadıqda, bu barədə bank tərəfindən Palataya məlumat verilir və Palatanın müraciəti əsasında hedc müqaviləsi Mərkəzi Bank tərəfindən icra edilə bilər. Açıq valyuta mövqeyi hesablanarkən balansdankənar öhdəliklər xalis məbləğdə (depozit hesabındakı vəsaitlərlə və uzunmüddətli öhdəlikləri üzrə beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik olan bankların, habelə Azərbaycanda fəaliyyət göstərən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş kredit reytinqi Azərbaycanın ölkə (suveren) borc reytinqindən maksimum 2 pillə aşağı olan bankların qarantiyaları ilə təmin olunmuş hissə çıxılmaqla) nəzərə alınır.
Açıq valyuta mövqeyi hesablanarkən struktur valyuta mövqeləri nəzərə alınmır. Açıq valyuta mövqeyi bank tərəfindən günlük əsasda sərbəst dönərli və qapalı valyutalar üçün günün məzənnəsi əsasında hesablanır. Xarici valyuta məzənnəsinin və bank metallarının dəyərinin dəyişməsi ilə bağlı risklərin məhdudlaşdırılması məqsədi ilə açıq valyuta mövqeyi limiti aşağıdakı hədlərdən çox olmamalıdır:
Açıq valyuta mövqeyi |
SDV üzrə |
Qapalı valyutalar üzrə |
Bank metalları üzrə |
Uzun açıq valyuta mövqeyi (bir valyuta üzrə) |
10% |
7% |
|
Qısa açıq valyuta mövqeyi (bir valyuta üzrə) |
10% |
7% |
|
Məcmu uzun açıq valyuta mövqeyi |
20% |
14% |
3 % |
Məcmu qısa açıq valyuta mövqeyi |
20% |
14% |
3 % |