Azərbaycanda peyk müşahidəsi xidmətlərindən dövlət orqanları və özəl qurumların lazımı səviyyədə istifadə edə bilməməsinin səbəbləri açıqlanıb.
ELƏCƏ DƏ BAX: Azərbaycanda bu ixtiraya görə zavod açılacaq - DÜNYADA İLK DƏFƏ
FED.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Dövlət Proqramında qeyd edilir ki, hazırda Azərbaycan Respublikasında yüksək ayırdetməli “Azersky” (1,5 m) və “SPOT-6” (1,5 m), çox yüksək ayırdetməli “Pleiades1A” (0,5 m), “Pleiades1B” (0,5 m), “WorldView-2” (0,46 m), “WorldView-3” (0,3 m), “WorldView-4” (0,3 m) və “EROS-B” (0,7 m) optik peyklərinin, “TerraSAR-X”, “TanDEM-X” və “Radarsat-2” radar peyklərinin təsvirlərindən sərfəli şərtlərlə geniş istifadə imkanları mövcuddur. “Azersky” peykinin orbitdə 12 illik faydalı ömrü vardır.
Bununla yanaşı, tələbat yarandıqca digər məsafədən müşahidəsi peyklərinə də çıxış mümkündür. Lakin peyk müşahidəsi xidmətlərinə respublikanın birbaşa çıxışı olsa da, istər dövlət orqanlarında (qurumlarında), istərsə də özəl qurumlarda bu xidmətlərdən istifadə dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə arzuolunan səviyyədə deyildir və bu da imkanlardan lazımınca yararlanmağa maneədir.
Peyk təsvirlərindən dövlət orqanlarının (qurumlarının) arzuolunan səviyyədə istifadə etməməsinin səbəblərindən biri həmin qurumlarda peyk təsvirlərindən istifadə imkanları barədə məlumatlılıq səviyyəsinin aşağı olmasıdır. Bir sıra dövlət orqanları (qurumları) istisna olmaqla, dövlət orqanlarının (qurumlarının) peyk təsvirləri əsasında elektron bazalara çıxışının yoxluğu, həmin qurumların hələ də kağız daşıyıcılarda olan peyk təsvirlərindən istifadə etməsi, çöl işlərinə üstünlük verməsi və yenilənməyən məlumatlardan istifadə halları onların fəaliyyətinin səmərəliliyinə mənfi təsir göstərir.
Digər bir çətinlik peyk müşahidəsi xidmətlərindən dövlət orqanlarının (qurumlarının) yararlanması üçün müasir maddi-texniki təminat səviyyəsinin kifayət etməməsi ilə bağlıdır (burada maddi-texniki təminat baxımından çətinlik dedikdə, peyk təsvirlərinin emalı üçün nəzərdə tutulan, hazırda respublikada istehsal olunmayan və xarici ölkələrdən satın alınan bahalı xüsusi avadanlığın və ixtisaslaşmış lisenziyalı proqram təminatının çatışmazlığı nəzərdə tutulur).
Peyk müşahidəsi xidmətləri sahəsində başqa bir çətinlik isə ixtisaslı kadr çatışmazlığı ilə bağlıdır. Ölkədə bu sahədə nəzəri biliklərə sahib xeyli mütəxəssisin olmasına baxmayaraq, peyk təsvirlərinin emalı üzrə müasir proqram təminatı ilə çalışmaq üçün təcrübi bacarıqları olan mütəxəssislərin sayı azdır və belə mütəxəssislər, əsasən, ölkə xaricindəki təlim mərkəzlərində hazırlanır. Lakin burada ümidverici məqam odur ki, dövlət orqanlarında (qurumlarında) CİS üzrə çalışan və sayı kifayət qədər olan mütəxəssislərə lazımi təlimlər keçmək yolu ilə onların qabaqcıl metodlarla işləyə bilən zəruri kadr potensialı kimi yetişdirilməsi mümkündür.
Maddi-texniki təminat səviyyəsi və kadr hazırlığı ilə yanaşı, peyk təsvirlərinin hər bir ayrıca tətbiq sahəsində iş üçün faydalı hala gətirilməsi məqsədilə onların müəyyən zəncirvarı emal prosesindən keçməsi də tələb olunur. B
u baxımdan, müxtəlif sahələr üzrə peyk təsvirlərinin imkanlarından daha geniş istifadə üçün nəzərdə tutulan ixtisaslaşmış informasiyanı emal və təhlil edən informasiya sistemlərinin (tematik emal sistemləri– TES) təşkil olunması əhəmiyyətlidir. TES-lərdə həmin sahəyə aid spesifik məlumatlardan, metodlardan istifadə edilir ki, emalın uğurlu alınması üçün həmin emal proseslərinin bu sahə üzrə bilikli və təcrübəli mütəxəssislər tərəfindən və ya onların iştirakı ilə icra edilməsi tələb olunur. Hazırda Azərbaycan Respublikasının bir çox dövlət orqanlarında (qurumlarında) (Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və s.) fəaliyyət göstərən və ya qurulmağa hazırlanan CİS-in bazasında TES-lərin yaradılması üçün potensial vardır.
TES-lərlə yanaşı, respublikada peyk təsvirləri əsasında məkan məlumatlarının əldə olunması, daha geniş qiymətləndirilməsi və tətbiqi üçün arzuolunan imkanlara malik vahid elektron bazanın formalaşdırılması dövlət büdcəsinin vəsaiti hesabına aparılan layihələrin səmərəliliyini artıracaqdır. Coğrafi məkan məlumatları üzrə vahid bazanın olmaması müxtəlif qurumların oxşar layihələr tətbiq etməsinə gətirib çıxarır, xəritə bazasına vektor məlumatları (yollar, küçələr, ünvanlar, müxtəlif qurumlar və s.) mərkəzləşmiş və nizamlı qaydada daxil edilmədiyi üçün bir çox hallarda səhv və ya aktual olmayan məlumatlardan istifadəyə yol açır, həmçinin eyni ərazidə fərqli qurumların həyata keçirdiyi müxtəlif işlərin görülməsi zamanı onlar arasında koordinasiyanı çətinləşdirir.
Şirkətlərin peyk xidmətlərindən istifadədə problemləri – AÇIQLANDI
20:36
15 Noy 2018