Bu gündən ABŞ-ın İrana qarşı yeni sanksiaları qüvvəyə minib. FED.az xəbər verir ki, Vaşinqtonun məqsədi əvvəlkidir – İran neftinin dünya bazarına çıxışına mane olmaq.
Hərçənd İran neftinin bazara çıxışını bu tezliklə bağlamaq mümkün olmayacaq. Buna baxmayaraq ekspertlər hesab edir ki, qarşıdakı bir ay ərzində yeni sanksiyalar nəticəsində İran neftinin dnya bazarına çıxarılan həcmi 30%-ə yaxın azalacaq. Bu isə ölkədə yeni iqtisadi çətinliklərə, bahalığa, işsizliyin artmasına və İranda dolların yenidən bahalaşmasına səbəb olacaq.
Rəsmi Vaşinqton elan edib ki, İrana qarşı yeni sanksiyalar enerji daşıyıcıları və İran Mərkəzi Bankı ilə əlaqədar olan bank küçərmələrini əhatə edəcək. Sanksiyaların qüvvəyə minməsi ərəfəsində hər iki tərəf – həm ABŞ, həm də rəsmi Tehran gurultulu bəyanatlar veriblər.
Belə ki, ABŞ dövlət Katibi Maykl Pompeo və maliyyə naziri Stiven Mnuniçin birgə bəyanatında deyilir ki, İrana qarşı sanksiyalar, ölkə terrorçuluğu dəstəkləyənə, Suriyadakı hərbi əməliyyatlarda iştirak edənə və nüvə-ballistik raketləri inkişaf etdirənədək qüvvədə qalacaq. Hərçənd son anda Vaşinqton razılaşıb ki, İranda neft ixracını tam qadağan etməyəcək. Bunun səbəblərindən biri odur ki, ABŞ düyna bazarında neftin kəskin bahalaşmasını istəmir.
Belə ki, ötən həftənin sonunda dünya bazarında neftin qiyməti avqust ayından bəri ən aşağı həddə düşüb – Brent nefti 72,46 dollara satılıb. Tramp administrasiyasının güzəştinin digər səbəbi Avropa ölkələrinin bu məsələyə etirazıdır – nüvə sazişinin iştirakçıları olan Avropa ölkələri İranla əməkdaşlığı dayandırmaq istəmirlər.
Bu arada İran prezidenti Həsən Ruhani Avropa İttifaqı ölkələrini «ABŞ-ın birtərəfli mövqeyinə» qarşı çıxmağa və İranın yanında olmağa çağırıb. «The Financial Times» qəzetinə məqaləsində İran prezidenti bildirib ki, «Vaşinqtonun hərəkətləri beynəlxalq sabitliyə zərbə vurur».
İran prezidentinin rəsmi saytında da bildirilir ki, «Hökumət ABŞ-ın hədələrindən qorxmur».
Qeyd edək ki, ABŞ-ın İrana qarşı sanksiyalarının ilkin mərhələi avqustda başlayıb. Həmin sanksiyalar avtomobil sektorunu, qızıl və digər qiymətli metallarla ticarəti əhatə edirdi. Yeri gəlmişkən, həmin sanksiyaların tətbiqi ərəfəsində İranda dollar kəskin bahalaşmış və 120 min riala yüksəlmişdi, halbuki, may ayında bu məzənnə 60 min rial idi. Həmin vaxt Avropanın bəzi iri şirətləri İrandakı fəaliyyətlərini dayandırmışdılar.
Məhz həmin sanksiyalardan sonra İran hökuməti sanksiyalardan «yan keçmək» üçün milli kriptovalyutanı buraxmağı elan etd. Eləcə də Avropa ölkələri SWIFT (banklararası ödəmələr və informasiya ötürülməsi üzrə beynəlxalq sistem) sisteminin alternativini yaratmaq barədə işlərə başladılar. Ekspertlər bildirir ki, rəsmi Vaşinqton SWIFT sistemi vasitəsilə İranla əməliyyatlar aparan şirkətlər, banklar və agent şirkətlər haqqında məlumat toplayıb onlara qarşı sanksiyalar tətbiq edir.
Bundan başqa, rəsmi Tehran ABŞ-ın sanksiyalarından yan keçmək üçün neft fyuçerslərinin İranda hərrac vasitəsilə satışına başlayıb. İranın «Irenex» birjasının məlumatına görə, hərracın ilk günündə bir barelin qiyməti 74,85 dollar olmaqla 280 min brel neft satılıb. Satışların 20%-i rialda, 80%-i isə xarici valyutada aparılıb.
Ekspertlər bildirir ki, bu hərraclar vasitəsilə neft alıcıları bunu birbaşa deyil, vasitəçi-broker şirkətlər vasitəsilə ala biləcəklər ki, bu da onlara sanksiya siyahılarından görünməməyə və sanksiyaya düşməməyə imkan verəcək.
Bununla yanaşı, İrana qarşı sanksiyaların ikinci mərhələsi artıq təsirini göstərir – İran artıq xarici bazarlara neft ixracını azaltmağa başlayıb. Beynəlxalq Energetika Agentliyinin məlumatına görə, sentyabrda İran neftinin gündəlik ixracı 1,7-1,9 milyon barel ətrafında dəyişir. Bu isə rekord göstəricilərin qeydə alındığı iyun ayındakı 2,7 milyon barel göstəricidən təqribən 30% aşağıdır. Ekspertlər noyabr ayından etibarən ixracın daha da azalacağını gözləyirik.
Yeri gəlmişkən, ABŞ İranla bağlı sanksiyalarda müttəfiqləri olan 8 ölkəyə 6 ay vaxt versə də, ekspertlər hesab edir ki, bu neft ixracının azalmasınan qarşısını almayacaq. Əvəzində bu vəziyyət İranın müttəfiqlərinə, hansı ki, sanksiyalara məhəl qoymurlar, o cümlədən Çinə daha yüksək gəlir götürməyə imkan verəcək.
Amma istənilən halda yeni sanksiyalar İran rialının yenijən ucuzlaşmasına və bu ölkəyə dolların yenidən kəskin bahalaşmasına təsir edəcək: «Devalvasiya isə idxalın bahalaşması səbəbindən ölkədə inflyasiyanı yüksəldəcək. Oktyabrda iranda qiymətlər artıq 36% yüksəlib. İşsizlik göstəricisi isə 12%-i keçir».
Ekspertlər bildirir ki, bütün hazırlıqlara baxmayaraq sanksiyalar nəticəsində ölkədə iqtisadi artım da zəifləyəcək, investisiya və ixrac azalacaq, ölkədən kapital axması baş verəcək.
Hərçənd ekspertlərin fikrincə, İran artıq uzun müddətdir ki, sanksiyalar altında yaşadığına görə, bu şəraitdə yaşamaq təcrübəsi qazanıb. Ona görə də budəfəki sanksiyalar da ölkəyə sarsıdıcı zərbə vurmayacaq.
Bu gündən sanksiyalar başlayır – İRAN DAVAM GƏTİRƏCƏKMİ?
11:50
5 Noy 2018