Azərbaycanda sahibkarların, şirkətlərin və investorların böyük səbirsizliklə gözlədiyi Vergi Məcəlləsinə dəyişikliklərin əsas istiqamətləri açıqlanıb. FED.az xəbər verir ki, Məcəllədə hansı dəyişikliklərin olacağını vergilər naziri Mikayıl Cabbarov prezident İlhamm Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclasında açıqlayıb.
Əsas istiqamətlər bunlardır
M.Cabbarov bildirib ki, Vergi Məcəlləsinə hazırlanmış dəyişikliklər paketi özündə bir neçə mühüm istiqaməti əhatə edir: «Bunlar vergidən yayınmanın və kölgə iqtisadiyyatının miqyasının azaldılması, iqtisadi artımın və sahibkarlığın effektiv dəstəklənməsi, vergitutma rejiminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi, inzibatçılığın və nəzarətin gücləndirilməsindən ibarətdir».
«Sizin dəstəyinizə ehtiyac var, cənab prezident»
Nazir bildirib ki, bəzi dəyişikliklərin reallaşmasında prezidentin dəstəyinə (və böyük ehtimalla razılığına – FED.az) ehtiyac var. «Dəyişikliklər sırasında digər orqanlarla elektron məlumat mübadiləsinin genişləndirilməsi məsələləri ilə bağlı Sizin dəstəyinizə ehtiyacımız var. Bu məlumatlara çıxış vergiödəyicilərinə keyfiyyətli xidmətin göstərilməsi ilə yanaşı, fəaliyyətimizi daha da məhsuldar edəcək»-deyə nazir dövlət başçısına müraciət edib.
Sadələşdirilmiş vergi endiriləcək, amma…
Onun sözlərinə görə, vergitutma bazasının genişləndirilməsi və sahibkarlıq subyektlərinin fəaliyyət dairəsinin müəyyən edilməsi nəticəsində sadələşdirilmiş verginin sırf kiçik sahibkarlığın istifadə edəcəyi bir vergi növü kimi qalmasına şərait yaradılacaq.
M.Cabbarov bildirib ki, əsas yeniliklərdən biri sadələşdirilmiş verginin dərəcəsinin endirilməsi, amma onun yalnız kiçik sahibkarlara aid edilməsi olacaq: «Sahibkarlığın inkişafının dəstəklənməsi və biznesin aparılmasının əlverişliliyinin artırılması məqsədilə sadələşdirilmiş verginin dərəcəsinin endirilməsi, pərakəndə ticarət və iaşədə nağdsız ödənişlər üzrə müddətli vergi güzəştlərinin verilməsi, gəlir və xərcin uçotunu aparan kiçik sahibkarların dividend gəlirlərinin vergidən azad olunması, vergiödəyiciləri tərəfindən çəkilən qeyri-kommersiya xərclərinin, o cümlədən səhiyyə, təhsil, mədəniyyət və idman sahələrinə ayrılmış ianələrin müəyyən hissəsinin gəlirdən çıxılması kimi təkliflər edilib».
Əmək haqqından vergi azalacaq
Əmək haqqından tutulan verginin dərəcəsinin azaldılması da gözlənilir: «Tapşırığınıza əsasən, əməkhaqqının üzərinə düşən fiskal yükünün azaldılması islahatı hazırladığımız dəyişikliklər sırasında xüsusi yer tutur»-deyə nazir bildirib.
«Əmək haqqını qeyri-rəsmi ödəyirlər»
Nazir bildirib ki, bir çox hallarda əməkhaqqı üzrə sosial sığorta və vergi yükünün yüksək olması sahibkarları qeyri-rəsmi əməkhaqqı ödənilməsi praktikasına sövq edir. Bu vəziyyət “kölgə iqtisadiyyatı”nın genişlənməsinin əsas səbəblərindən biridir. İnzibati tədbirlərin görülməsinə baxmayaraq, bu məsələ problem olaraq qalmaqdadır.
İslahatın başlıca məqsədi mövcud əmək münasibətlərinin rəsmiləşdirilməsi, qeyri-neft sektorunun inkişafına əlavə təkan verilməsi və yeni iş yerlərinin açılması üçün sahibkarlarda iqtisadi motivasiyanın yaradılmasıdır.
Uzunmüddətli vergi güzəştləri veriləcək
Bu məqsədlə qeyri-neft sektorunda əməkhaqqı ilə əlaqəli olan ödənişlər üçün uzunmüddətli vergi güzəşti və vahid inzibatçılığın tətbiqi təklif olunur: «Güman edirik ki, islahat nəticəsində qeyri-rəsmi məşğulluğun səviyyəsi azalacaq və sahibkarların əmək münasibətlərini rəsmiləşdirməsinə iqtisadi marağı artacaq. Bu proses iqtisadi artıma da öz müsbət təsirini göstərəcək».
Nazir əmin olduğunu bildirib ki, vergi sahəsində aparılan islahatlar, biznes mühitinin cəlbediciliyinin artırılması üçün həyata keçirilən tədbirlər, informasiya texnologiyalarına əsaslanan vergi inzibatçılığının formalaşdırılması sahibkarlığın inkişafına, ölkəmizin tərəqqisi naminə biznes və vergi orqanlarının səmərəli əməkdaşlığına öz töhfəsini verəcək.