Azərbaycanda 2000-ci illərin əvvəllərindən başlanan və böyük biznesə çevrilən şadlıq evləri bumu başa çatmaqdadır. Qiymətlərin dəyişməsi, bu sahədə rəqabətin kəskin artması və gəlirlərini aşağı düşməsi səbəbindən son vaxtlar bəzi şadlıq evləri fəaliyyət istiqamətini dəyişməyə başlayıblar.
Paralel olaraq ölkədə yas məclislərinin daha sivill keçirilməsini əhatə edən mərasim biznesi artmaqdadır. Bu sahədə rəqabət və qiymətlərin aşağı düşməsi isə daha çox əhalinin bu xidmətlərə çıxışını asanlaşdırıb.
Nətiədə son dövrlər mərasim evləri, gəliri yüksək və davamlı olan bir biznes subyektinə çevrilib. Bəzi mərasim evlərində hətta 3-4 və daha çox zal fəaliyyət göstərir və demək olar ki, hər gün bütün zallar dolu olur.
FED.az-ın araşdırmasına görə, bir vaxtlar şadlıq sarayı kimi fəaliyyət güstərən obyektlər də gəlirlərinin sahibkarı tərəfindən formatı dəyişdirilərək xeyir-şər evləri kimi istifadəyə verilir.
Obyektlərin alqı-satqısı və icarəsi ilə məşğul olan Ağacamal Həşimov deyir ki, Xırdalanda bir vaxtlar məşhur olan “Günay” şadlıq sarayı hazırda xeyir-şər evi kimi fəaliyyət göstərir. Bu tendensiya Sumqayıtda da mövcuddur. Belə ki, orada bir zamanların “Aygün” şadlıq sayarı indi mərasim evinə çevrilib. Obyektlərin alqı-satqısı üzrə mütəxəssis A.Həşimov deyir ki, bu hal mərasim evi biznesinin məşhurlaşması və gəlirin stabil olması ilə əlaqədardır:
“Toyxanalar Məhərrəmlik və Ramazan aylarında işləmirlər, qazanc götürə bilmirlər. Mərasim evi də son vaxtlar məşhurlaşmış biznes sahələrindəndir və burada şadlıq saraylarında olan maneələr yoxdur. Sahibkarlar görür ki, şadlıq saraylarının sayı çoxaldıqca seçim artır, gəlirlər isə azalır. Amma mərasim evlərində bu kimi problemlər yoxdur. Ona görə də, şadlıq sarayı sahibi öz obyektini mərasim evinə çevirir. 2 zalı varsa arakəsmə ilə onu 4 zallı obyekt edib icarəyə buraxır”.
Oxşar proseslər Bakıda da müşahidə edilir, indiyədək o qədər də məşdur olmayan onlarla şadlıq evi mərasim zalı kimi fəaliyyətə keçib. Vaxtilə paytaxtın tanınmış şadlıq saraylarından olan «Tural» şadlıq evi də (zooparkın yanında) mərasim evi kimi fəaliyyət göstərir.
Məsələyə aydınlıq gətirmək üçün mərasim evlərinin qiymətlərini də araşdırdıq. Qeyd edək ki, təklif olunan qiymətlərdə bir o qədər fərq yoxdur. Bu obyektləri fərqləndirən əsas məqam zalın sayıdır.
Şəfayət Mehdiyev küçəsində fəaliyyət göstərən mərasim evinin 250 və 150 nəfərlik iki zalı var. Mərasim evindən dedilər ki, burda qiymətlər menyudan asılı olaraq 10-15 manat arası dəyişir. Amma əgər 250 nəfərlik zal 250 nəfərdən artıq adam üçün danışılarsa qiymət 10 manatdan hesablanır.
Babək prospektindəki xeyir-şər evinin isə 3 zalı var. 2 zalın hər biri 400 nəfərlik, bir zal isə 110 nəfərlikdir. Burada da qiymət adam sayından asılı olaraq dəyişir. Belə ki, 400 nəfərlik zal 300-400 nəfər üçün danışılarsa qiymət 11 manat olacaq. Burada qiymət dəyişməsi menyuya təsir etmir.
Xətai rayonu ərazisindəki mərasim evinin, ayrı-ayrılıqda 200 və 250 nəfər üçün nəzərdə tutulmuş 2 zalı fəaliyyət göstərir. Burada da qiymətlər adam sayından sılı olaraq 9-10-12 manat arasında dəyişir. Menyu qiymətdən asılı olmayaraq stabil qalır.
Həsən Əliyev küçəsindəki mərasim evinin isə 230 nəfər üçün hesablanmış 1 zalı var. Obyekt sahibi bildirir ki, bu zalı pərdə ilə iki yerə ayırmaq da olar(qadın və kişi məclisi üçün). Qiymətlər, adam sayı 150 və 150 nəfərdən çox olarsa 10, 150 nəfərdən az olarsa 11 manatdır.
Məmməd Ağayev
Şadlıq sarayları mərasim evlərinə çevrilir – YENİ BİZNES
11:24
8 May 2018