Martda bankların təkcə hərraclarda aldıqları dolların məbləği sektorda yeni vəziyyətin yarandığını göstərir. Rekord məbləğə baxmayaraq, banklar əhalidən dollar alışını da bahalaşdırıblar. FED.az xəbər verir ki, banklar dolları 1.7010 manata alırlar. Valyuta hərraclarında isə kurs 1.7000-i keçmir. Bu isə onu göstərir ki, hərraclarda bankların dollara olan tələbatı ödənilmir.
Bank dolları baha qiymətə niyə alsın?
Ekspert Rəşad Həsənovun sözlərinə görə, kommersiya bankları ABŞ dollarının alış məzənnəsini Mərkəzi Bankın hərracının nəticələrindən üstün qoyub. Təbii ki, bu da o deməkdir ki , artıq banklar hərracda istədiyi pulu ala bilmir, əks halda bank daha baha qiymətlə dollar almaz. Valyutaya ehtiyacın artmasının səbəblərinə gəlincə, mövcud konyuktur bunu tələb edir.
Eləcə də bax: Bank lombardları sələmçilərin "bazarını öldürəcək" - ARAŞDIRMA
Yığımdan xərclənməyə keçid
Buna əsas səbəb 2017-ci ilin ortasından etibarən manatın məzənnəsinin sabitləşməsi, biznesdə və vətəndaşlarda yığım mövqeyindən
alış mövqeyinə keçiddir: "Hazırda vəsaitlərin xərclənməsi dinamikası artıb. Nisbətən iqtisadiyyat bu istiqamətdə isti pul axını ilə üzbəüz qaldı. Bu proses fonunda xərcləmələrin artması prosesi idxala da müəyyən təsirlər yaradır".
Müqayisə üçün qeyd edək ki, 2017- ci ilin ilk iki ayında 950 milyon dollarlıq idxal baş vermişdisə, 2018-ci ildə bu göstərici təxminən 500 milyon artaraq (49%), 1 milyard 450 milyon dollara qədər yüksəlib. Yəni, burada valyutaya 500 milyonluq əlavə tələb yaranıb. R.Həsənov hesab edir ki, bu, daxili bazarda dollara tələbi artıran əsas səbəblərdən biridir. Yəni, dollara tələbin yüksəlməsini gücləndirən faktorlardan biri xərcləmənin nisbətən artmasıdırsa, digəri dövlət büdcəsinin xərclərinin yüksəlməsidir. 2018-ci ilin büdcə xərcləri 2017-ci ilin büdcə xərclərinə nisbətdə 19,6 faiz və yaxud 3.5 milyard qalxıb.Təbii ki, bu da ilin birinci və ikinci yarısında bazara daxil olan pulun həcmində öz əksini tapır.
Dövlət vəsaiti hesabına valyuta tələbi yarandı
Valyuta bazarlarında xarici valyutanın 87%-i ABŞ dollarının payına düşür və bu da tələb formalaşdırır. Eyni zamanda vəziyyəti təhlil edəndə prosesləri sürətlərindirən katilazatorlardan biri də məhz dövlət büdcəsi vəsaitləri hesabına icra strukturların idxalına qoyulan məhdudiyyətin başa çatmasıdır. “2016-ci ildə bu haqqda sərancam verilmişdi. 2017-ci ildə bu sərancamın müddəti başa çatdı və bazarlarda dövlət vəsaiti hesabına valyuta tələbinin yaranmasımna gətirib çıxartdı. Yəni, 2017-ci ilin yanvar-fevralında əgər dövlət vəsaiti hesabına 100 milyonluq idxal baş vermişdisə, 2018-ci ildə bu rəqəm 3 dəfə artıb və 303 milyona yaxındır. Eyni zamanda özəl sektorda da idxal yüksəlib. Ümumilikdə idxalın artımında əsas yeri isə dövlət sektoru tutur".
Neft Fondunun xərcləri də artıb
Xatırlatmaq yerinə düşər ki, 3 ay ərzində Neft Fondu ötən illə müqayisədə 600 milyona yaxın artıq valyuta satıb. Ötən ilin birinci rübündə banklara 790 milyon dollar satılmışdısa, bu il 1 milyard 300 milyona qalxıb. Bu, indiki halda o qədər də riskli məsələ deyil, çünki Neft Fondunun transfer xərcləmələrində də dəyişiklik oldu. Neft Fondunun ötən il xərcləmələri 6,8 milyard manat idisə, bu il 9,5 milyard manat təşkil edir. R.Həsənov bildirdi ki, bu il təxminən indiki məzənnə ilə ötən il ilə müqayisədə Neft Fondu 55% əlavə vəsait təklif etməlidir.
Manat üçün fundamental təhlükə yoxdur
Ekspert hesab edir ki, yaxın müddət üçün manata qarşı ciddi bir təhlükə yoxdur. Belə ki, məzənnədə müəyyən konyekturalar gözlənilə bilər, ancaq neftin qiymətinin indiki səviyyəsində risklər çox azdır. Daha bir gözlənti isə Mərkəzi Bankın ikinci rübdən etibarən real üzən məzənnə rejiminə keçməsi ilə bağlıdır. Bu halda belə manatın mərhələli şəkildə üzməyə başlayacağı ehtimal edilir. İndiki vəziyyətdə isə manatın kursunun tənzimlənməsi inkarolunmaz bir faktdır.
İlhamə Abdullayeva
Dollara tələbatı yüksəldən “isti pul axını”
12:49
9 Aprel 2018