Hazırda ölkə bankları arasında birləşmə ilə bağlı danışıqlar dayandırılıb. FED.az xəbər verir ki, yalnız Rabitəbank bu sahədə maraqlı görünsə də, digər banklarla bağlı hələ ki, proseslərdə irəliləyiş yoxdur.
“Biz danışıqlara açığıq”
Qeyd edək ki, bank sektorundakı etibarlı mənbələr Rabitəbank-ın hazırda ölüm-qalım arasında çarpışan iri banklardan biri ilə danışıqlara başladığını deyir, ancaq təbii ki, bu danışıqlar hələ ki, ictimaiyyət üçün açıq deyil. Bankın Müşahidə Şurasının sədri Zakir Nuriyev də öz müsahibələrində bankın bu danışıqlara açıq olduğunu vurğulamışdı, ona görə də bu xəbərin doğruluğuna şübhə edənlər də yoxdur.
1 çətirdə 1 nümunə
Maliyyə Bazarlarına Nəzarət Palatasının bu ilin son iki ayı ilə bağlı açıqladığı məlumatlar isə bank sektorunun artıq dirçəldiyini göstərir. Buna baxmayaraq, Palata 2018-ci ildə bankların kapitallaşmasının davam edəcəyini və sektorun sağlamlaşdırılması ilə bağlı son imkan ili olduğunu dəfələrlə vurğulayıb. Palata eyni zamanda bankların birləşməsi və daha güclü bankların formalaşmasında maraqlıdır, lakin 2017-ci ildə belə bir birləşməyə nail ola bilmədi. Yeganə uğurlu birləşmə simvolu kimi 2016-cı ildə Atabank ilə CDB Bankın konsolidasiyası göstərilir. Bu da faktdır ki, bu banklar prinsipcə eyni çətirin altında idilər və çox az bir fəalliyyət tarixçəsi olan CDB Bank sağlam idi və onun birləşməsində heç bir problem yox idi.
Birləşdirmək mümkün deyilsə, milliləşdir
Ümumiyyətlə, dünya təcrübəsində bankların birləşməsi asan deyil. Adətən fəaliyyəti uğursuz olan banklar ya müflis olur, ya da körpü banklara satılır. Bu yolla menecmenti və fəaliyyəti yenidən qurulan banklar isə sonra investorlara satılır. Ya da dövlət həmin bankı milliləşdirir, sağlamlaşdırır və sonra yenidən özəlləşdirir, yəni satır. Beynəlxaq Bank ilə bağlı hazırda bu səpkidə işlər aparılır.
İri banklar meydana çıxacaq
Hazırda Azərbaycan bank və eləcə də sığorta bazarında təmərküzləşmə prosesi isə dərinləşir. Artıq sektorlar üzrə bazar payının bəzən 60-a yaxını 3 bank və ya 3 sığorta şirkəti arasında bölünür. Digər banklar və sığorta şirkətləri isə çox cüzi payla kifayətlənməli olurlar. Ekspertlərin fikrincə, hökumət özü də bu tendensiyanı görür və Beynəlxalq Bank nümunəsində daha bir-iki bankdan asılılıq fonunda maliyyə sektoruna zərbə dəyməsinin qarşısını almağa çalışacaq. Buna görə də yaxın illərdə Azərbaycanda daha 2-3 bankın böyüyərək, sektorda tərəzi gözünə qalxacağına ümid böyükdür. Başqa sözlə, tənzimləyici orqanın bir bankın anormal böyüməsinə imkan verilməyəcəyi dəqiqdir və bu səbəbdən də bəzi bankları birləşdirmək yolu ilə böyütmək hədəfi də var. Beləliklə, bir neçə bank bir çətirin altında birləşə və bu çətir altında olan banklar istiqamətlər üzrə diversifikasiya oluna bilər.
Eləcə də bax: "Bankların əmanətləri qaytarmasında çətinliklər yaranacaq"
...alınmadı da!
Bu yerdə millət vəkili Vahid Əhmədovun Azərbaycana 20 bank bəsdir, kimi fikirləri yada düşür. Amma maliyyəçilər bu yanaşmanı düzgün hesab etmirlər, çünki alternativ təcrübə kimi Almaniyada 2-3 milyon kapitalı olan xırda banklar var.
Qayıdaq birləşmə məsələsinə. Ötən ilin sonundan başlayaraq, bir neçə bank arasında səyləri birləşdirmək üçün danışıqlar başladı. Lakin nəticəsiz də bitdi. Çünki bankların birləşməsi özlüyündə yuxarıda qeyd etdiyimiz kimi, çətin prosesdir. İlk növbədə iki bankın sektora baxışları yaxın olmalıdır. Məsələn, Bank of Baku açıq, xüsusən də pərakəndə bankçılığa köklənmiş bir bankdır. Bu bankın AFB bank kimi bir holdinq bankı ilə birləşməsi mümkün deyildi və olmadı da.
İki xəstə birləşsə...
Xüsusən də bəzən pis vəziyyətdə olan iki bankın birləşməsi səyləri nümayiş olunur. Bu zaman həmin iki xəstənin birləşməsindən sağlam bir bankın alınacağı zəmanəti yoxdur. Hamı dərhal passivləri hesablayır və iki bankın birləşməsi nəticəsində yaranan məbləği önə çəkirlər. Əslində onların toksik aktivlərinin, problemli kreditlərinin də birləşib böyüməsi daha ciddi problemlər yarada bilər. Çünki heç vaxt iki bankın problemləri eyni olmur, çünki hər bir bank ayrılıqda bir orqanizmdir. Kiminin dalağında ciddi problemi var, kiminin qara ciyərində, bəzən də hər ikisinin böyrək çatışmazlığı olur. Bu zaman bir sağlam orqanizm yığmaq müşkül məsələdir.
Eləcə də bax: "Dollar istəyən yalnız Baş Ofisə gəlsin" – BANKLARIN SİYAHISI
Real potensial var
Ümumilikdə isə Azərbaycanın bank sektoru haqqında pessimist danışmağa dəyməz və onun inkişaf imkanları böyükdür. Ölkəmizdəki banklar ÜDM-nin cəmi 50 faizini təşkil edir. Dünyada isə bank sektoru ÜDM-nin 300-400 faizini keçir. Odur ki, bu sektorda yeni bankların yaranması, mövcud bankların inkişafı üçün real potensial var.
İlhamə Abdullayeva