Sabunçu rayonunun Sabunçu qəsəbəsində “KamAZ” markalı avtomobil süpürgəçi qadın Cəmilə Salahovanı vurub. Hadisə qurbanının ölümünü əks etdirən fotoşəkil sosial şəbəkərlərdə ciddi müzakirələrə səbəb olub.
Müzakirələr yolun təhlükəli hissələrində təmizlik işi aparanların təhükəsizliyinin qorunmaması barədəddir. Qeyd edilir ki, sürət həddi yüksək olan yollarda xidmət göstərən şəxslərin həyatı ciddi təhlükə altındadır.
Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib ki, hər bir şəxs təhlükəsizliyini ilk növbədə özü təmin etməli və yolun hərəkət hissəsində xidmət apararkən diqqətli olmalıdır:
“Bəzən alatoran vaxtları – səhər tezdən yolu təmizləyən şəxslər iş prosesinə o qədər aludə olurlar ki, xüsusi geyimlərinin olmasına baxmayaraq yolun hərəkət hissəsinə çox çıxırlar və heç bir qoruyucu elementləri də olmur. Təbii ki, burada qayda pozuntularına yol verən sürücülərin də təqsirini etiraf etməliyik. Sürücü də bu məsələlərdə kifayət qədər ehtiyatlı olmalıdır. Bəzən görürsünüz ki, sürücülər sağ tərəfdən ötmə əməliyyatı aparırlar ya da qəfildən yolun sağ hissəsinə çıxırlar. Yolun kənarında insan ola biləcəyini düşünmürlər və nəticə olaraq qəzalara səbəb olurlar. Belə halların qarşısının alınması məqsədilə biz də müəyyən tədbirlər görürük. O cümlədən yol kənarında işləyən insanlar üçün xüsusi yanıb-sönən kəmərli jiletlər almışıq və artıq onu paylamışıq. Daha çox sürətli yollarda çalışanlar bu jiletlərlə təmin edilib. Kəmərlər yanıb-söndüyünə görə kənardan sürücünün diqqətini cəlb edəcək və bu növ qəzaların qarşısı alınacaq”.
Eləcə də bax: Heç vaxt qəza törətməmişəm, verdiyim pulu geri ala bilərəmmi? - CAVAB
K.Əliyev qeyd edib ki, təsərrüfat sahəsində işləyən şəxslərin rəhbərləri də öz tabeliyində olan işçilərin təhlükəsizliyinin təmin olunması ilə bağlı mütəmadi gündəlik təlimlər keçməlidirlər:
“Məsələn, Bakı-Sumqayıt yolunda, Nobel prospektində, Heydər Əliyev prospektində digər küçələrə nisbətən daha çox sürətlilik müşahidə edilir və həmin yolda çalışan işçilər daha diqqətli olmalıdırlar. Zibili yığışdırmaq üçün istənilən formada yolun hərəkət hissəsinə çıxmaq düzgün deyil.
Ümumiyyətlə isə təmizlik işlərinə baxan şəxslərin avtomil qəzalarına səbəb olması respublika ərazisində ildə bir və ya iki dəfə baş verir”.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov deyib ki, bütün iş yerlərində, o cümlədən kommunal sferada işçilərin əməyinin mühafizəsi işəgötürən tərəfindən təmin olunmalıdır:
“Yol kənarlarında təmizlik işləri görən işçilərlə bağlı xüsusi geyim forması olmalıdır ki, günün qaranlıq saatlarında avtomobilin işığı qarşısında görünsün. Həmin şəxslərə ehtiyatlı hərəkət etmələri üçün vaxtaşırı, cari və başqa təlimatlar verilməlidir. Və maksimum çalışılmalıdır ki, həmin şəxslər istehsalatda bədbəxt hadisələrin qurbanı olmasınlar. Eyni zamanda, 2011-ci ildə qüvvəyə minmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna görə işçilər sığortalanmalıdır. Günün hansı saatlarında işləməsindən asılı olmayaraq onlar texniki təhlükəsizlik qaydalarını bilməli və əməl etməlidirlər. Buna görə də cavabdehlik işəgötürənin üzərinə düşür. İstehsalatda baş verən hadisəyə görə işə götürülən şəxsin aşkar günahı varsa belə, buna görə də işəgötürən məsuliyyət daşıyır. Çünki o işçiyə nəzarət etməlidir, qaydaları pozduğuna görə onu cəzalandıra və ya işdən kənarlaşdıra bilər”.
S.Məmmədov qeyd edib ki, kommunal sferada əmək qabiliyyəti olan insanın işləməsinə hər hansı məhdudiyyət yoxdur:
“Digər tərəfdən, belə bir tendensiya da var: əksəriyyət düşünür ki, bu cür işlərdə insan qüvvəsindən yox, texnikadan istifadə olunmalıdır. Bilirsiniz, əmək qabiliyyətli əhalinin sayı çoxdur, buna iş yerləri də çatdırmaq olmur. Tutaq ki, bir maşınla yolun kənarının təmizlənməsi 100 manata başa gəlir. Həmin yeri 5 nəfər işçi təmizləyəndə də eyni qiymətə başa gəlirsə və nəticə olaraq keyfiyyət eynidirsə, o zaman işçi qüvvəsi təmin etmək daha yaxşıdır. Əks halda, işsizlik və ehtiyac da artacaq. Məsələyə bu prizmadan da yanaşmaq lazımdır”.