Yəqin elə bir sürücü tapılmaz ki, daha az yanacaq sərf edərək daha uzun yol getmək istəməsin. FED.az xəbər verir ki, Türkiyəli mütəxəssislər avtomobilin az benzin yandırması üçün maraqlı araşdırma apararaq, yeni təkliflər hazırlayıblar.
Avtomobilinizə ən aşağı oktanlı benzin vurun
Bir çox sürücülər "avtomobilin texniki vəziyyətinə müsbət təsir göstərər və iqtisadi cəhətdən səmərəli ola bilər" düşüncəsi ilə yüksəkoktanlı yanacağa üstünlük verirlər. Lakin araşdırmalar göstərib ki, avtomobilin kitabçasında göstəriləndən əlavə, yanacaq istifadə etmək pul israfından başqa bir şey deyilmiş.
Yanacaq çənini axıradək doldurmayın
Avtomobilinizin yanacaq çənini ağzına qədər doldurarkən xeyli miqdarda yanacaq geri qayıdır. Halbuki siz geri qayıdan yanacağın da pulunu ödəyirsiniz. İsti havalarda benzin alarkən buxarlanma səbəbi ilə daha çox yanacağınız havaya uçur. Yanacaq bakının qapağı möhkəm bağlanmırsa, istər-istəməz davamlı buxarlanma baş verir. Belə deyək, avtomobilə yanacaq doldurduğunuz zaman pompa atırsa, demək ki, bakınız dolmuş sayılır. Artığı cibinizə zərərdir...
Varsa, qapalı qarajda, yoxdursa, kölgədə saxlayın
Gecəni qapalı qarajda saxlanılan maşının motoru səhər daha ilıq olur. Soyuq yerdə saxlanılan maşının motorunun qızmasına sərf olunan vaxt və yanacaq da sizin cibinizə ziyan sayılır. İsti havada qarajda və ya kölgədə saxlanılan maşının içi çox da qızmaz. Nəticədə siz kondisionerdən istifadə etmək məcburiyyətində qalmazsınız. Bəllidir ki, nə qədər az kondisioner istifadə etsəniz, yanacaq bir o qədər az sərf olunar.
Motoru qızdırmaq üçün gözləməyə dəyməz
Hətta modern avtomobil sahibləri belə, maşını xoda salmamışdan öncə qaz pedalını bir neçə dəfə basıb-buraxırlar. Onlara elə gəlir ki, maşın bununla daha rahat işə düşür. Halbuki bu da boşuna yanacaq tükətməkdən başqa bir şey deyil. Avtomobil hərəkət etmədən motorun isinməsi üçün gözləmək də anlaşılmaz hesab olunur. Araşdırmalar göstərir ki, motor boşuna çalışarkən gec isinir.
Yola çıxıb qaza çox basmadan, sürəti qəfil artırmadan getmək ən yaxşı motor isitmə metodudur. Soyuq havalarda motor daha gec isinir və daha çox yanacaq sərf edir. Benzinlə işləyən bir motorun qızdırılmasına isinmiş bir motordan ən azı 50 faiz daha çox yanacaq sərf olunur. Bu səbəbdən avtmobilinizi qış aylarında qapalı yerlərdə mühafizə etməyiniz məsləhətdir.
Lazımsız yüklərdən qurtulun
Avtomobilin baqajında ehtiyacınız olmayan əşyaları daşımağınız qətiyyən məsləhət deyil. Bəzi insanlar onlara lazım olmayan ağır yükləri avtomobilin yük yerində bəzən aylarla gəzdirirlər. Halbuki bu, yanacaq sərfini xeyli artırır. Araşdırmalar göstərir ki, normadan artıq 50 kiloqram yük daşımaq avtomobilin yanacaq sərfini 2 faiz artırır. Maşına çöldən taxılan aksessuarlar da yanacağın sərfinə səbəb olur.
Təkərlərin havası mümkün qədər çox olsun
Təkərlərinizin uyğun təzyiqdə doldurulması az yanacaq sərf etmənin ən önəmli şərtlərindən biridir. Təkərin istehsalçı zavod tərəfindən göstərilən limitin ən yüksək təzyiqlə doldurulması maşına bir qədər narahatlıq gətirsə də, yanacaq sərfiyyatını azaldır. Təkərin təzyiqi soyuq ikən ölçülməlidir. Az təzyiq təkərin erkən isinməsinə, hərəkət qabiliyyətinin nisbətən azalmasına, təkərin tez xarab olmasına, sürtünmənin artması nəticəsində daha çox yanacaq sərfinə gətirib çıxarır.
Bundan əlavə, təkərlərin balansirovkasının pozulması da maşının çox benzin işlətməsinə səbəb olur. Təkərlərin balansirovkasını il ərzində bir neçə dəfə yoxlatmaqda fayda var. Loru dillə desək, paralel olmayan təkərlər yolda bir-biri ilə "mücadilə" edir, xərcini isə siz ödəyirsiniz.
Avtomobilin yerindən sərt və sürətlə hərəkətə başladılması yanacağın çox sərfi ilə nəticələnir. Bu həm də şinləri aşındırır. Qəfil tormoz vermək də təxminən buna bənzəyir. Əyləcin qəfil və möhkəm basılması idarəetməni itirməyinizə və şinin sürtünmə nəticəsində tez sıradan çıxmasına səbəb olur.
Yolun orta sürətinə uyğunlaşın
Yüksək sürətlə idarəetmə avtomobilinizin küləklə "mübarizə" nəticəsində çox yanacaq sərfinə gətirib çıxarır. Məsələn, maşının sürəti saatda 90 kilometrdən yüksək olduqda yanacaq sərfi daha da artır. Araşdırmalar nəticəsində məlum olub ki, saatda 100 kilometr sürətlə gedən bir maşın 90 km sürətlə gedənlə müqayisədə 10, 110 km sürətlə gedən isə yüzdə 20 faiz çox yanacaq sərf edir. Sabit, orta sürətlə getmək daha məqsədəuyğundur. Qaz pedalına nə qədər sərt bassanız, sistemə o qədər çox yanacaq ötürülür, bununla maşınınız sanki benzini "içir". Maşının hərəkət sürətini işıqforların yaşıl işığına uyğun nizamlamaq da çox önəmlidir.
Ayağınızı mufta və əyləc üzərində saxlamayın
Ayağın davamlı mufta üzərində saxlanılması qavramanın zəifləməsinə, "nakladka"ların (balatalar) çox tez aşınmasına səbəb olduğu kimi, yanacaq sərfiyyatını da artırır. Ayağın tormoz üzərində uzun müddət qalması da əyləc balatalarının sürtünüb nazilməsinə və yanacağın çox işlənməsinə səbəb olur.
Bir daha kondisioner barədə...
Kondisionerdən istifadə maşının yanacaq sərfini şəhər kənarında 3-4, şəhər içində isə 10 faiz artırır. Temperatur çox yüksək deyilsə, sadəcə, küləkliyi açaraq çöldəki təmiz havanı maşının içərisində dövr etməsinə şərait yaradın. Amma hava çox istidirsə, başqa yolunuz yoxdursa, kondisioneri işlədin.
Maşınınızı ustaya vaxtında göstərin
Baxımlı maşın performanslı və qənaətcil olur. Problem çıxmaz, yolda qalmazsınız, ekologiyanı az çirkləndirər, artıq yanacaq sərf olunmaz. Maşına zamanında baxdırmaq, təmir etdirmək xərcinizi azaltdığı kimi, maşınınızın ömrünü də uzadır. Sürücülərin özlərinin edəcəkləri bəsit kontrollar da bir çox problemin önünə keçir və yanacaq sərfiyyatı azalmış olur. Motor yağının vaxtında dəyişdirilməsi, radiatorun daim saz vəziyyətdə olması, əyləcin hidrolikliyi bu qəbildəndir.
İlk 5 kilometrdə yüksək sürətlə hərəkət etməyin
Yanacağa qənaət etmək üçün avtomobilləri mütəmadi olaraq təmir etdirmək və ona ucuz benzin tökməmək lazımdır. Bu fikirlər isə Türkiyənin Neft Məhsulları İşəgötürənlər Birliyinin rəhbəri İmran Oxumuş deyib.
O bildirib ki, ətraf mühitin təhlükəsizliyi və xərclərin minimum endirilməsi üçün yanacaqdan mümkün qədər səmərəli istifadə etmək lazımdır.
“Heç kim zərəinə getməz. bir məhsul maya dəyərindən aşağə satılırsa, onun keyfiyyətinə şübhə etmək lazımdır. Ucuz yanacaq almayın. Bu ətraf mühitə zərər verir, həm də avtomobilin matorunu məhv edir. Sürücülər ilk 5 kilometrdə yüksək sürətlə hərəkət etməməyə diqqət etməlidir. Çünki ilk kilometrlərdə yüksək sürət zamanı mühərrikin iç sürtünməsi artır və buna görə yanmamış yanacaq yanma kameralarına keçir və istehlak ciddi şəkildə artır. Yanacaq sərfiyyatında optimal dəyəri müəyyən etmək üçün 90km/saat ideal sürətdir. Sürücülər avtomobillərini sabit sürətlə sürməlidirlər və təkərlərin hava təzyiqi dəqiq ölçüdə olmalıdır”, – deyə İ.Oxumuş bildirib.