Xəbər verildiyi kimi, bir qədər əvvəl «Hay Group» şirkəti Azərbaycanın bank sektorunda əmək haqqı sorğusu keçirib. Sorğu bankların HR departmentləri və bank rəhbərləri üçün maraqı məlumatlar ortaya çıxarıb. Əmək haqqı sorğusu, onun nəticələri və bankların bu nəticələrdən necə istifadə edəcəyi barədə FED.az-ın suallarını Azərbaycan Banklar Assosiasiyasının (ABA) İnsan Resursları üzrə Ekspert qrupunun rəhbəri Aynur Süleymanlı cavablandırıb.
- Aynur xanım, bu yaxınlarda yerli banklarda Hay Group tərəfindən aparılan əmək haqqı sorğusu kimin təşəbbüsü ilə keçirilmişdi?
- Bank sektorunda keçirilən əmək haqqı sorğusu Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Tədris strategiyaları və İR üzrə Ekspert Qrupu”nun təşəbbüsü ilə keçirilmişdir. Sorğunun məqsədi bank sektorundakı mövcud əmək haqqı səviyyələri barəsində məlumatların alınması idi. Buraya, əmək haqqına əlavələr və mükafatlar nəzərə alınmaqla, banklarda mövcud olan vəzifələr üzrə həm əsas əmək haqqı, həm də əmək haqqının dəyişkən hissəsi aid idi.
- Maraqlıdır, banklar öz işçilərinin əmək haqqı ilə niyə məhz indi maraqlanmağa başlayıblar və sorğu niyə məhz bu vaxt keçirilib? Bir neçə il əvvəl bank sektoru yüksəliş dövrünü yaşayanda əmək haqqı ilə maraqlanmaq yada düşmürdü, indi qənaət dövrü başlayanda bu məsələ aktuallaşdı? Yoxsa başqa səbəb var?
- Əslində, bank sektorunda qənaət dövrü 2015-ci ildən başlayıb. 2017-ci ildə isə əksinə, bir qədər sabitləşmə müşahidə olundu və hətta müəyyən inkişaf başladı. Məhz bu zaman dəyərli işçilərin işdə saxlanması, yeni işçilərin işə qəbulu ilə bağlı məsələlər aktuallaşdı və bu proseslərdə əmək haqqının təyin olunmasına düzgün yanaşma çox önəmlidir. Banklar yeni işçilərə ehtiyac olduqda, onları daha çox digər banklardan cəlb edirlər, buna görə də məhz bank sektorunda mövcud olan əmək haqqı səviyyələrini müəyyənləşdirmək önəmli idi. Bununla yanaşı, öz əmək haqqı səviyyəsini bazardakı orta rəqəmlə müqayisə etmək hər bir təşkilat üçün vacibdir. Yəni bu sorğu böhranla bağlı deyil və Azərbaycanda ümumi əmək haqqı sorğusu hər il aparılır, sadəcə, sırf bank sektoru üzrə belə sorğu ilk dəfə təşkil olunub.
- Bu sorğuda banklardakı ştatların şişirdilməsi, yəni artıq işçilərin olub-olmadığı araşdırıldımı?
- Xeyr, bu sorğu yalnız əmək haqqı səviyyəsini müəyyənləşdirməyə yönəlmişdir. İşçi ştatının artıq olub-olmadığını, iş yükünün işçilərin sayına nə dərəcədə müvafiq olduğunu isə, məncə, hər bir təşkilat özü şirkət daxilində araşdırmalıdır.
- Bank sektoru elə sahələrdəndir ki, burada əmək haqqından əlavə, mükafatlandırma məsələləri digər sahələrə nisbətən daha önəmlidir.
- Bəli, keçirdiyimiz əmək haqqı sorğusunun məqsədlərindən biri buna aid idi. Qeyd etdiyim kimi, sorğuda təkcə əmək haqqı toplam deyil, bölgü ilə araşdırıldı, yəni gəlirin hansı hissəsinin əsas əmək haqqının, hansı hissəsinin isə mükafatların və əlavələrin payına düşdüyü təhlil edildi. Bu da hər bir banka öz göstəricilərini, yəni əsas əmək haqqı və mükafatlarını bazardakı orta rəqəmlərlə müqayisə etməyə imkan verdi.
- Sorğu zamanı bazar üzrə orta əmək haqqı nə qədər olub?
- Sorğunun nəticəsi olaraq hər bir vəzifə üzrə ayrıca orta əmək haqqı formalaşıb.
- Bəs bank əməkdaşlarının gəlirlərində əsas əmək haqqı və mükafatların bölgüsü necədir?
- Onu deyə bilərəm ki, araşdırmaya əsasən, Baş Ofisdə işçilərin ümumi gəlirində əsas əmək haqqının, filiallarda ön ofisdə çalışan işçilərin gəlirində isə mükafat hissəsinin payının daha yüksək olmasını müşahidə etmək olar.
- Belə bir hal varmı ki, işçinin gəlirində mükafatın həcmi baza əmək haqqından daha yüksək olsun?
- Bəli, belə hallarla da rastlaşmaq olar ki, əmək haqqının dəyişkən hissəsi baza hissəsinə çatır.
- Banklar bu sorğuda onları maraqlandıran bütün suallara cavab tapdılarmı?
- Bəli, mənim fikrimcə, bu sorğu keyfiyyətli aparılmışdır və Bankların insan resursları departamentləri onları maraqlandıran məlumatları əldə edə biliblər. Sorğunun nəticələri bankların İnsan Resursları departamentləri tərəfindən Bankların rəhbərliyinə təqdim edilib və düşünürəm ki, onlar bu sorğunun nəticələrini təhlil edərək əmək haqqının ödənilməsinə dair öz siyasətlərini quracaqlar.
- Bu necə baş verə bilər?
- Banklar əməyin ödənilməsi üzrə daha effektiv qərarların qəbulunda, eləcə də yeni işçiləri işə cəlb etdikdə onlara daha düzgün əməkhaqqı təyin etmək üçün bazar üzrə əmək haqları barədə məlumatlardan istifadə edə bilərlər. Həmçinin, mövcud işçilərin işdə saxlanması, yeni vəzifə yarandıqda əmək haqqının müəyyən olunması və digər hallarda sorğunun nəticələrinə əsaslanmaq olar.
- Sorğu bank sektorunda maaşların şişirdildiyini, yoxsa əksinə, az olduğunu göstərdi?
- Əlbəttə ki, bu sorğu ümümi bank sektoru üzrə maaşların şişirdildiyini və ya əksinə, az olduğunu göstərə bilməz. Yalnız hər bir bank öz əmək haqlarını Bank sektorunda olan orta əmək haqları ilə müqayisə edərək onların şişirdilmiş və ya əksinə, az olduğunu müəyyən edə bilər.
Siz həmçinin AccessBank-da İnsan Resursları və Administrasiya üzrə İcraçı Direktor vəzifəsini tutursunuz. Bəs AccessBank olaraq sorğunun nəticələrində Sizin üçün sürpriz olan nə isə oldumu?
- Xeyr, biz sürprizlə qarşılaşmadıq, nəticələr düşündüyümüz kimi oldu. Sorğunun nəticələrini artıq bankın rəhbərliyinə təqdim etmişəm və yeni işçilərin işə qəbulu zamanı bu məlumatlardan istifadə edəcəyik. Hazırda bankda gedən optimizasiya proseslərində İT işçilərinin rolunun artdığını nəzərə alaraq, onların işə cəlb edilməsində bu nəticələr bizə daha çox fayda verə bilər.
Bank işçilərinin maaşlarına yenidən baxılacaq – MÜSAHİBƏ
12:22
15 Dek 2017