Xəbər verdiyimiz kimi, bu gün Mərkəzi Bankın keçirdiyi depozit hərracında əvvəlkilərdən fərqli olaraq təklif olunan məbləğ tələbdən artıq oldu. Bu dəfə rekord həddə – 400 milyon manat toplamağı hədəfləyən Mərkəzi Bank cəmi 292,5 milyon yığa bildi.
Halbuki, ötən hərraclarda tələb hətta 903,1 milyon manata qədər artmışdı. Noyabrın 27-də baş tutan bu hərracda 300 milyon manat cəlb olunması planlaşdırılırdı. Dekabrın ilk hərracında isə bu məbləğ 200 milyona endirildi. Lakin bu dəfə də tələb 2 dəfədən artıq olub - 548,6 milyon manat.
Bu günki depozit hərracında isə bunların əksinə olaraq təklifin 70%-i ödənildi. Nəzərə alsaq ki, son hərracda hədəf də əvvəlkilərdən çox idi. Lakin bu dəfə banklar manatı depozitə yatırmağa o qədər də maraq göstərmədilər. Ancaq maliyyəçilər hesab edirlər ki, ilin sonuna yaxın Mərkəzi Bank daha çox manat kütləsini dövriyyədən çıxarmağa çalışır.
İqtisadçı Samir Əliyev insider.az-a statistikadakı uyğunsuzluğu belə izah edib: “Mərkəzi Bank depozit formasında hər dəfə 8-10% manatı dövriyyədən çıxarır. Buna baxmayaraq, ümumi pul kütləsinin artması ilə bağlı statistika mövcuddur. Lakin qeyd etmək lazımdır ki, depozit kimi dövriyyədən çıxarılan manat pul kütləsinin tərkibinə daxildir. Ona görə də statistika artır. Mərkəzi Bank təkcə dekabrda 800 milyon manatdan artıq vəsaiti cəlb edə bilib”.
Azərbaycan Risk Peşəkarları Assosiasyasının Ekspert Qrupunun rəhbəri Elman Sadiqov isə FED.az-a bildirib ki, depozit hərracında bankların aktiv olmamasının səbəbi, ehtiyatlı davranması və ilin sonunda əllərində olan manat kütləsi saxlamaq istəyidir. «Məsələ bundadır ki, adətən ilin sonunda müştərilərin ödəmələri və pul köçürmələri kəskin artır. Eləcə də büdcə, DSMF və digər öhdəlikləri bağlanır».
İlin sonunda bankların və onların müştərilərinin xarici pul köçürmələri də artır. Bu səbəbdən də banklar əllərində olan vəsaitləri manatla yanaşı, həm də xarici valyutada saxlayırlar: «Başqa sözlə, banklar müştəriləri qarşısındakı öhdəliklərini maksimum yerinə yetirmək üçün əllərində vəsait saxlayırlar. Məhz o səbəbdən ilin sonnuda keçirilən hərraclara maraq o qədər yüksək olmur».
Ekspert bildirib ki, depozit hərracında gəlir faizinin aşağı düşməsi bankların fəallığına ciddi təsir etmir, «əsas məsələ, likvidliyi saxlayaraq müştərilərin tələblərini və ödənişləri yerinə yetirməkdir».
O ki qaldı depozit hərracındakı faizlərə, ekspert bildirir ki, hazırda banklardakı vəsaitlərin əksəriyyəti 6-18 aylığa yerləşdirilir. Banklar bu pulları yerləşdirmək üçün ya kredit verməli, ya da depozitə qoymalıdırlar. Hazırda real sektor kreditləşməyə hazır olmadığına görə, banklar risk edib kreditləri artıra bilmirlər. AMB-nin depozitlərində isə risklər aşağı olduğuna və vəsaitlər cəmi 14 günlüyə cəlb edildiyinə görə, faizlər banklar üçün tamamilə sərfəlidir: «Hazırda bankları gəlir dərəcəsindən çox, risk və likvidlik məsələləri maraqlandırır. Ona görə də depozit hərraclarında gəlir dərəcəsi hətta bir qədər düşsə də, banklar buna maraq göstərəcəklər. Yəni hazırda onların aktivliyinin azalması gəlir dərəcəsi ilə deyil, ilin sonu olması ilə bağlıdır».
E.Sadiqov bildirir ki, bankların ehtiyatlı davranışı yanvarın sonunadək davam edəcək: «Yalnız fevralda banklar vəsaitlərini adi rejimdə yerləşdirməyə başlayacaqlar. Bundan başqa, hər rübün sonunda banklar diqqətli olurlar, çünki həmni vaxt onların ödəmələri nisbətən artır».
Depozit hərracında manat tapılmadı - NİYƏ?
16:19
11 Dek 2017