Qey edək ki, Ağstafada keçən ilin iyun ayından yerli sahibkarlar tərəfindən bir neçə layihə başlanıb. Bu layihələrdən “Karvan-L EKO” sənaye parkı çərçivəsində Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən ilkin olaraq ayrılmış 12,5 hektar ərazidə müasir texnologiyalara əsaslanan istehsal və emal müəssisələri yaradılıb. Qısa vaxt ərzində sənaye parkında polietilən örtüklərin, plastik tullantıların təkrar emalı, xüsusi dəmir konstruksiyaların, dəmir dam örtüklərinin, şüşə və şüşə konstruksiyaların, plastik qapı-pəncərələrin, günəş enerjisi ilə dolan batareyaların, yerli xammaldan bəzək və mozaika daşlarının istehsalı müəssisələri və bioorqanik kənd təsərrüfatı məhsulları yetişdirən istixana kompleksi tikilərək istifadəyə verilmişdir.
Müəssisələrin tikintisinə və istixana kompleksinin quraşdırılmasına 12,5 milyon manat özəl investisiya yatırılmışdır. Ölkə rəhbəri cari ilin avqust ayında rayona səfəri zamanı sənaye parkının açılışında iştirak edərək rayonda belə bir layihənin həyata keçirilməsini yüksək qiymətləndirmiş və demişdir ki, Ağstafada yaradılan sənaye parkı regionlarda icra edilən uğurlu biznes layihələrindəndir.
Sənaye parkının istehsal sahəsi 11 müəssisə və istixana kompleksindən ibarətdir. Parkda 9 müəssisə və istixana fəaliyyət göstərir. Həmin müəssisələrdə müxtəlif növ istehlak malları və inşaat materialları istehsal edilir. Hazırda sənaye parkının ərazisində keramika dam örtükləri və şüşə qab istehsalı müəssisələrinin tikintisi davam edir. Layihəyə daxil olan kənd təsərrüfatı məhsullarının marketinq və soyuducu anbar kompleksi isə gələn il istifadəyə veriləcək. Bundan başqa, parkda kənd təsərrüfatı məhsullarının saxlanılması və qablaşdırılması müəssisəsi tikilir, eləcə də 200 hektar ərazidə yeni aqrotexniki üsullarla üzüm, ərik, xurma və digər meyvə bağları salınır. Bütün bu işlərin icrası nəticəsində əlavə olaraq 300 nəfərin daimi, 1000 nəfərin mövsümi işlə təmin olunması gözlənilir.
“Karvan-L EKO” Sənaye Parkında istehsal olunan məhsullar daxili tələbatı ödəməklə yanaşı, xarici bazarlara da ixrac edilir. İstehsal edilən məhsullar eko standartlara cavab verdiyindən xarici bazarlarda onlara maraq çoxdur. Parkın mozaik daş emalı sahəsində Ağstafa rayonunun Tatlı kəndində yerləşən mədəndən təbii daşlar (göy və qırmızı) xüsusi qurğularla kəsilərək blok halına salınıb müəssisəyə gətirilir. Sonra daş emalı sahəsində mozaik daşlar hazırlanır. Dəmir dam örtüklərinin hazırlanmsında İngiltərənin “Corus-Tata Steel” şirkətinin məhsulu olan metaldan istifadə olunur. Tərkibində paslanmaya qarşı sink olan metalın üzərinə 5-7 qatdan ibarət poliestr örtük çəkilir. Şirkət bu məhsullara 25 il zəmanət verir.
Plastik qapı-pəncərə, həmçinin şüşə-metal konstruksiya istehsalı sahəsində də müəssisə yüksək texnologiyaya əsaslanır. Belə ki, plastik profillərdən müxtəlif ölçüdə və müxtəlif rəngdə qapı və pəncərələr, eləcə də paket şüşələr hazırlanır. Həmin məhsullar da daxili və xarici bazarlarda həvəslə alınır. Qranul istehsalı müəssisəsində isə polietilen tullantılar xüsusi qurğulardan keçərək yuyulur, doğranır və yenidən emala verilir.
“Karvan-L EKO” Sənaye Parkına daxil olan müəssisələrin hamısında Türkiyədən gətirilmiş avadanlıqlar quraşdırılmışdır. Burada üçmərtəbəli modern tipli inzibati bina inşa edilmiş, parkın həyətində abadlıq və dekorativ yaşıllıq salınmış, içməli su xətti çəkilmişdir.
Hazırda şirkətin ərazisində yeni satış mərkəzi tikilir. Burada məhsulların nümayişi ilə yanaşı, satışı, müqavilələrin bağlanması əməliyyatları aparılacaq. Mərkəzdə xarici alıcılar üçün də hər cür şəraitin yaradılması nəzərdə tutulub.
Bundan başqa şirkət keçən il 3,5 hektarda yeni fındıq, 5,2 hektarda alma bağları salıb. Yaxın gələcəkdə isə heyvandarlığın inkişaf etdirilməsi üçün hazırlıq başlanıb. Heyvandarlığın yem bazasının yaradılması üçün 12 hektarda qarğıdalı, 14 hektarda yonca, ümumilikdə 40 hektarda yem bitkiləri əkilmişdir.
Şirkətin müəssisələrində işləyənlərin hamısı yerli sakinlərdir. Orta aylıq əməkhaqqı da onları qane edir.
Eləcə də bax: Balıq biznesi ilə məşğul olanlar üçün yaxşı xəbər