Azərbaycanda manatla buraxılan dövlət istiqrazlarının faizləri aşağı salınıb.
FED.az xəbər verir ki, Dövlət Qısamüddətli İstiqrazlarının (DQİ) emitenti olan Maliyyə Nazirliyi dünən, noyabrın 20-də qiymətli kağızlar bazarının iştirakçılarına bildirib ki, növbəti hərraclardan etibarən manatla buraxılacaq istiqrazların kupon faizi əvvəlki kimi 15% deyil, 12% olacaq. Növbəti istiqraz isə artıq bu gün, noyabrın 21-də keçirilir.
Ekspertlər Maliyyə Nazirliyinin bu qərarını, dövlət istiqrazlarının əsas alıcıları olan banklara və ümumilikdə ölkə biznesinə verilən aydın siqnal hesab edirlər.
Xatırladaq ki, son il yarım ərzində Maliyyə Nazirliyi qısamüddətli (2-3 illik) dövlət istiqrazlarını manatla illik 15%-lə emissiya edirdi. DQİ üzrə bu faiz dərəcələri Azərbayan Mərkəzi Bankının uçot dərəcəsini 15%-ə qaldırmasından sonra tətbiq edilmişdi. Başqa sözlə, hər iki dövlət qurumu AMB, və MN, sinxron olaraq faizləri 15%-ə qaldırmışdılar. Bəzi hərraclarda isə faizlər daha yuxarı – illik 16-18% olurdu.
Ekspertlər bildirir ki, Maliyyə Nazirliyinin bu qərarı ölkədəki iqtisadi vəziyyət və manatın durumu ilə bağlı son vəziyyəti göstərir, eləcə də istiqrazların əsas alıcısı olan banklara siqnal vermək məqsədi daşıyır. Maliyə bazarları üzrə ekspert Cəfər İbrahimli bildirir ki, əvvəla, bu dəyişiklik göstərir ki, manatın durumu sabitləşib. Emitent, yəni Maliyyə Nazirliyi manatla bağlı risklərin azaldığını və ona tələbatın artdığını görür. Nəticədə failəri aşağı salmaq təbiidir.
Məsələ bundadır ki, hazırda bu istiqrazlara böyük tələbat var və bu tələbat o qədər yüksəkdir ki, istiqrazların elan edilmiş kupon faizi 15% olsa da, hərracın nəticələrinə görə faizlər 12%-ə enir. Başqa sözlə, banklar 15% yox, illik 12%-də də pullarını DQİ-lərə yatırmağa hazırdırlar. «Maliyyə Nazirliyini başa düşmək olar, ggər banklar bu istiqrazları 12%-lə almağa hazırdırlarsa, niyə görə, 15%-ə satılsın?»-deyə C.İbrahimli bildirir.
Yeri gəlmişkən, mşahidələr göstərir ki, banklar dövlətin qiymətli kağızlarını daha aşağı faizlərlə də almağa hazırdırlar. Belə ki, Mərkəzi Bankın notları ilə bağlı son hərraclarda gəlirlilik 10%-ə də enib. Qeyd edək ki, mövcud qaydalara görə, notlarla bağlı hərraclarla sifariş uçot dərəcəsinin aşağı həddindən, yəni 10%-dən az olmamalıdır. Amma ekspert hesab edir ki, bu hədd olmasaydı banklar 8%-lik gəlirə də razı olacaqdılar.
Faizlərin aşağı salınmasında digər məqsəd hökumətin iqtisadiyyatdan pul çəkməyi dayandırmasıdır. Bir qədər əvvəl, doların məzənnəsi qeyri sabit olarkən və manata böyük tzyiq olanda sterilizasiya tədbirləri – yəni iqtisadiyyatdan pul çəkilməsi lazım idi. Artıq manat kütləsinin iqtisadiyyatdan çıxarılması, paralel aparılan digər tədbirlərlə yanaşı, vəziyyəti sabitləşdirməyə imkan verdi, manata təzyiqləri azaltdı. İndi isə hökumət işgızar aktivliyin artırılmasını istəyir. Bunun üçün iqtisadiyyatdan pul çıxarılması deyil, əksinə proses baş verməlidir
«Doğrudur, hökumət büdcənin maliyələşdirilməsi və büdcə kəsirinin bağlanması üçün hər il müəyyən qədər istiqraz buraxacaq, amma indi manat möhkəmləndiyi üçün Maliyyə nazirliyi daha az faizlə borclanmağı qərara alıb»-deyə ekspert bildirir.
Dövlət istiqrazlarının yüksək faizlə buraxılası bankları da «tənbəlləşdirmişdi». Banklar belə risksiz alternativi görərək iqtisadiyyata kredit verməkdənsə, pulu dövlət istiqrazlarına yatırmağa üstünlük verirdilər. Nəticədə iqtisadiyyatda kredit qıtlığı yaranmışdı. İndi isə fizlərin aşağı salınması bankları asan gəlirdən məhrum edəcək və onları məcbur edəcək ki, iqtisadiyyata və real sektora kredit ayırsınlar.
Yeri gəlmişkən, son vaxtlar, istiqrazlar üzrə hərraclarda faizlərin getdikcə azaldığı his olunduqca, banklar kreditləri artırmağa başlayıblar. Artıq bəzi banklar həm istehlak, həm bizqes kreditlərini bərpa edib, ipoteka kreditlərinin şərtlərini aşağı salıb və iş adamlarını kredit götürməyə dəvət edirlər.