Personal riski, bu riski tək sığorta şirkətnə aid etmək olmaz, çünki bu bütün biznes strukturlar üçün aktualdır. İşə qəbul qaydaları təkmilləşmiş olmadığı halda uyğun olmayan namizədlərin işə qəbul olunması ehtimalı var ki, bu da gələcəkdə, daha çox digər risklərin yaranmasına səbəb olacaqd. İş bölgüsünün düzgün aparılmaması, görülmüş işlər üzrə effektivliyin ölçülməsi meyarlarının olmaması, personalın inkişaf etdirilməsi üçün müvafiq tədbirlərin olmaması, düzgün qurulmuş motivasiya sisteminin olmaması, korporativ mədəniyyətin inkişafı üçün tədbirlərin yetərincə olmaması personal risklərini daha da artırır.
Anderraytinq riski - burada əsasən risklərin qiymətləndirilməsi zamanı risklə bağlı məlumatların düzgün nəzərə alınmaması və anderrayterin peşəkar olmaması səbəbindən baş verir.
Təkrarsığorta riski də, şirkətin “təkrarsığorta siyasətinin” mükəmməl olmaması və təkrarsığortaçı şirkətlərlə əməkdaşlığın zəif olmasından irəli gəlir.
Fırıldaqçılıq riski, sığorta şirkətlərində həmişə aktualdır və digər biznes strukturlardan fərqli olaraq, sığorta biznesi fırıldağa daha “meyillidir”. Şirkətin daxilində nəzarət mexanizmləri yetərincə olmadıqda prosedurlara düzgün əməl olunmaması ehtimalı, mühasibatlıq və uçot işlərində təkrar nəzarət zəif olduqda, nağd pul dövriyyəsinə nəzarət zəif olduqda, imzalanmış müqavilələr əsasında debitor məbləğlərin toplanması üzrə nəzarət zəif olduqda müxtəlif fırıldaqların baş verməsi ehtimalı artır. Baş vermiş hadisələr üzrə müvafiq sənədlər olmadan ödənişlərin həyata keçirilməsi ehtimalı, hadisələr şübhəli olduğunda araşdırmalar aparılmadan ödənişlərin həyata keçirilməsi ehtimalı, əməliyyat sistemində və eyni zamanda şirkətin mühasibatlıq proqramında istifadəçılər (user) üçün müfaviq təklükəsizlik qaydalarına əməl olunmaması ehtimalı, ciddi hesabat blanklarının dövriyyəsi üzrə müvafiq hesabatlıq olmadan müxtəlif fırıldaqların baş verməsi ehtimalı, alqı-satqı əməliyyatlarının qeyri-şəffaf aparılması ehtimalı həmişə yüksək olaraq qalır.
Rəqabət riski, satışla məşğul olan strukturların qeyri-peşəkar olması ehtimalı, agent və filial şəbəkəsinin yetərincə olmaması, şirkətin qiymət siyasətinin rəqabətli olmaması, satış planının qeyri-rasional müəyyən olunması, yeni məhsullara tələbin müəyyən edilməsi üçün bazar araşdırmasının qeyri-effektiv aparılması və s. kimi risklər bazarda mövqelərin verilməsinə səbəb ola bilər.
Normalara uyğunsuzluq riski, şirkətin fəaliyyətini tənzimləyən normativ sənədlərin, o cümlədən Siyasətlərin, Prosedurların, Daxili Qaydaların, Təlimatların, Hesabatlıq sisteminin lazımi səviyyədə olmamasından irəli gələ bilər və xaoitik fəaliyyətin nəticəsində ciddi itkilərə səbəb ola bilər.
İnvestisiya riskləri, əsasən banklarda yerləşdirilən depozitlərin təhlükəsizliyi məqsədilə əməkdaşlıq ediləcək bankların renkinq cədvəlinin olmaması, təsdiqlənmiş “İnvestisiya Siyasətinin” olmaması və s. gələcəkdə investisiyaları ciddi təhlükəyə ata bilər.
Reputasiya riski, şirkətin imicinə xələl gətirə biləcək hər hansı bir məlumata vaxtında reaksiya verilməsi üçün tələb olunan resursların olmaması, media vasitələri ilə müvafiq əməkdaşlığın olmaması səbəbindən baş verə bilər.
Sığorta şirkətlərinin bu günkü mövcud durumu onu göstərir ki, heç də bütün sığorta şirkətləri göstərilən riskləri idarə etmək üçün lazımi nəzarət mexanizmləri yaratmırlar. Bu isə sığorta şirkətlərini son nəticədə ciddi itkilərlə üz-üzə qoyur. Düşünürəm ki, bu barədə ciddi şəkildə fikirləşməyə dəyər!
Pərviz Quliyev, MBA
Beynəlxalq Daxili Auditorlar İnstitutunun üzvü,
Azərbaycan Bank Tədris Mərkəzinin eksperti