14 avqust 2019 19:07

Sərfəli qiymətə əmlaklar satılıb - ƏMLAK HƏRRACI

Avqustun 14-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Komitədən bildirilib ki, budəfəki hərracda Şəki və Sumqayıtda yerləşən kiçik dövlət müəssisələri, o cümlədən nəqliyyat vasitələri özəlləşdirilib. Şəki rayonunun Qudla kəndindəki dövlət əmlakının faydalı sahəsi 372,1 kvadratmetrdir. Turizm sahəsi üzrə fəaliyyət göstərən obyekt 10 min kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşdirilib. Digər kiçik dövlət müəssisəsi isə Sumqayıt şəhəri, Heydər Əliyev prospektində yerləşir. Özəlləşdirilən ticarət obyektinin faydalı sahəsi 629,9 kvadratmetrdir.

Hərracda özəlləşdirilən buraxılış tarixləri 1997-2010-cu illər olan nəqliyyat vasitələri “Mitsubishi”, “Nissan” və “Fiat” markalarına aiddir.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac sentyabrın 10-da keçiriləcək. Budəfəki hərraca ümumilikdə 79 dövlət əmlakı çıxarılıb. Onlardan 37-si kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi, 22-si səhmdar cəmiyyəti, 20-si isə nəqliyyat vasitəsidir. Özəlləşdirməyə çıxarılan kiçik dövlət əmlaklarının ümumi faydalı sahəsi 26,2 kvadratmetr ilə 2095 kvadratmetr arasındadır. Ən yüksək ümumi faydalı sahəsi olan dövlət əmlakı Şəmkir rayonu, Keçili kəndindəki zavod filialıdır. Adıçəkilən dövlət müəssisəsi 27,1 min kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. Xidmət və ofis obyekti kimi istifadəyə uyğun olan qeyri-yaşayış sahələri Tərtər və Sabirabadda yerləşir. Bu dövlət əmlaklarının faydalı sahələri 86,2 kvadratmetr və 44 kvadratmetrdir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında nəqliyyat, kəndkimya, inşaat, təmir, istehsal, xidmət və digər sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə “Şıxlar Broyler”, “Ucar İnşaat Xidmət”, “Neftçala Ət”, “Tovuz Məişət” və digər bu kimi dövlət müəssisələri aiddir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Səhmdar cəmiyyətlərinin 30-45 faizlik arasında olan səhm paketləri özəlləşdirilməyə çıxarılıb.

Hərraca buraxılış tarixləri 1990-2007-ci illər olan nəqliyyat vasitələri də qoyulub. Bu növ dövlət əmlakları “Renault”, “Nissan”, “Mitsubishi” və digər markalara aiddir.

Dövlət əmlakları barədə ətraflı məlumatları Komitənin rəsmi saytı (emdk.gov.az) və ya Özəlləşdirmə portalı (privatization.az) vasitəsilə əldə etmək mümkündür. Hərraclara qoşulmaq istəyən şəxslər operativ sifariş imkanları ilə seçdiyi əmlak üzrə hərracda iştirak statusu qazana bilər. Bunun üçün qeydiyyatdan keçmək və müvafiq dövlət əmlakının ilkin qiymətinin 10 faizi miqdarında beh ödəmək kifayətdir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz