08 avqust 2019 20:05

3 manatlıq behlə İnternetdə qoyun satılır - QİYMƏTLƏR, ŞƏRTLƏR

Qarşıdan gələn Qurban Bayramı (12-13 avqust) və qurban kəsimi hazırlıqları bu il Azərbaycanda indiyədək görünməmiş maraqlı yeniliklərlə müşayiət olunur. FED.az xəbər verir ki, indi qurban kəsmək istəyən vətəndaşlar qurbanlıq heyvanları təkcə heyvan bazarlarından və kəsim yerlərindən deyil, internetdən də ala bilərlər.



Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədarük və Təchizat ASC-nin təşəbbüsü ilə qurban kəsmək istəyən ölkə vətəndaşlarına qurbanlıq heyvanları internetdən almaq imkanı yaradılıb. Qurumun saytına daxil olmaqla qurbanlıq heyvanların onlayn sifariş etmək mümkündür. Bayram günlərində isə vətəndaşlar həmin heyvanları yarmarkalardan növbəsiz əldə edirlər.
Qeyd edək ki, İnternetdə qurbanlıq heyvanı sifariş vermək çətin deyil. Bunun üçün qurumun saytında (kenddenshehere.az), qurbanlıq heyvanların onlayn sifarişi bölməsinə daxil olmaq kifayətdir.


Digər onlayn alış-satışlarda olduğu kimi, burada da vətəndaşlar göstərilən xanalarda tələb olunan məlumatı (ad-soyad və kontaktları) qeyd edib, alacaqları heyvanı seçirlər.
Bu il internetdə qurbanlıq heyvanlar çəkilərindən açılı olaraq 3 fərqli qiymətə satılır - . 160 manat, 170 manat və 180 manat. Çəkisi 23-25 kiloqramlıq qoyunlar 160 manata, 25-30 kiloqramlıq qoyunlar 170 manata, çəkisi 30 kq-dan artıq qoyunlar isə 180 manata satılır. Bunun üçün cəmi 3 manat beh ödəmək lazımdır. Qiymətin qalan hissəsini məntəqədə heyvanı götürəndə ödəmək lazımdır. 



Bundan başqa, internetdə alış edərkən, qurbanlıq heyvanı hansı yarmarkadan və saat neçədə götürmək istədiklərini də göstərirlər. Başqa sözlə, qurbanlıq heyvanı intetnetdə alanda onun nəinki hansı yarmarkaya gətirilməsini, həm də saat neçədə gətirilməsini də sifariş verirlər. Sifariş qəbul olunduqdan sonra müştərinin mobil telefonuna bu barədə SMS gəlir.
Bayram günü vətəndaşlar saytda göstərdikləri məntəqəyə gələrək səlahiyyətli şəxsə yaxınlaşmalı və SMS vasitəsilə əldə etdiyiniz kodu təqdim etməli olacaqlar.



Bu üsulun üstünlüyü ondan ibarətdir ki, qurban kəsmək üçün gələn vətəndaşlar yarmarkada növbə gözləməli olmayacaq - “Kənddən Şəhərə” yarmarkalarına yaxınlaşıb heyvanı ala biləcəklər. İnternetlə alınan heyvanları kəsdirmək də çətin deyil, demək olar ki, bü tün satış məntəqələrinin yaxınlığında – bir neçə metrliyində Qida Təhlükəsizliyi Agentliyinin xətti ilə kəsim məntəqələri quraşdırılıb. Burada vətəndaşlar cüzi ödəniş etməklə heyvanları kəsdirə bilərlər. Amma qurbanlığı İnternetlə almaq istəyənlər tələsməlidir - sifarişlərin verilməsi üçün son tarix 9 avqust saat 23:59-dur.
 
Qeyd edək ki, bu dəfə “Kənddən Şəhərə” satış yarmarkasına 20 000-ə yaxın qurbanlıq qoyun çıxarılacaq. Qurbanlıq qoyunların satış yarmarkası ölkə ərazisində 30 fərqli nöqtəni əhatə edəcək. Bunların 19-u paytaxt Bakıdadır. Onlayn sifarişlər də yalnız Bakı, Abşeron və Sumqayıt ərazilərindəki yarmarkalar üçün qəbul olunur.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz