06 avqust 2019 15:27

Vergilər Nazirliyi yığımlarını açıqladı - HESABAT

2019-cu ilin yanvar-iyun aylarında vergi orqanlarının xətti ilə icmal büdcəyə 4 milyard 954
milyon manat vəsait daxil olub ki, bunun da 3 milyard 633 milyon manatı dövlət büdcəsinə
ödənilmiş vergilər, 1 milyard 321 milyon manatı isə DSMF-ə ödənilmiş sosial və işsizlikdən sığorta
haqlarıdır. Vergilər Nazirliyi tərəfindən vergi yığımı üzrə proqnoza 108,8 faiz əməl olunub, əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz və ya 250 milyon manat çox vergi toplanıb. Vergi
daxilolmalarının 70,0 faizi qeyri-neft-qaz sektorunun, 30,0 faizi neft-qaz sektorunun payına
düşüb.Cari ilin 6 ayında 2019-cu il üzrə illik vergi proqnozunun 49,7 faizi, o cümlədən qeyri-neft
sektoru üzrə illik proqnozun 51,1 faizi icra olnub.
FED.az xəbər verir ki, Hasilatın Pay Bölgüsü Sazişləri üzrə neft hasilatının nisbətən aşağı
düşməsi şəraitində neft-qaz sektoru üzrə vergi daxilolmaları azalıb. 2019-cu ilin birinci yarımilliyində
neft-qaz sektorundan daxilolmalar proqnozlara nisbətən 101,3 faiz icra olunsa da, əvvəlki ilin eyni
dövrü ilə müqayisədə 5,9 faiz azalıb və 1.087,5 milyon manat təşkil edib. Bu azalma qeyri-neft-qaz
sektorundan daxilolmalar hesabına tam kompensasiya olunmaqdadır.
Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 14,3 faiz və ya 319 milyon manat artaraq 2
milyard 545 milyon manat təşkil edib. Qeyri-neft-qaz sektoru üzrə proqnoz 112 faiz icra olunub,
proqnozdan əlavə 279 milyon manat vergi toplanıb. Vergi daxilolmarında qeyri-neft-qaz sektorunun
xüsusi çəkisi 70 faizə yüksəlib. Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə daxilolmalar 16 faiz
artıb, özəl bölmənin qeyri-neft vergi daxilolmalarında xüsusi çəkisi isə 77%-ə qalxıb. Qeyri-neft-qaz
sektorundan vergi daxilolmaları üzrə könüllü ödənişlərin xüsusi çəkisi 92 faizə çatıb.
Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarında yüksək artım templəri əsasən ƏDV,
aksiz, mənfəət və əmlak vergisi üzrə qeydə alınıb. ƏDV daxilolmalarında artım 18 faiz, mənfəət
vergisi üzrə 30 faiz, əmlak vergisi üzrə 18 faiz, mədən vergisi üzrə 16,2 faiz, aksizlər üzrə 4,8 dəfə
təşkil edib. Vergi daxilolmalarında ƏDV, aksiz, əmlak və mənfəət vergilərinin xüsusi çəkisinin artımı
müşahidə olunur. Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının strukturunda ƏDV-nin xüsusi
çəkisi 32,8 faizə, mənfəət vergisi üzrə 27,9 faizə, aksizlər üzrə 2,0 faizə, əmlak vergisi üzrə 2,3
faizə qalxıb.
Bu tədiyələrdə yüksək artım dinamikası dövriyyələrin şəffaflaşdırılması şəraitində müşahidə
olunmaqdadır.
Cari ilin 6 ayında qeyri-neft-qaz sektorunun bütün fəaliyyət sahələrində vergi
daxilolmalarının artımı müşahidə edilib. Daxilolmalarda ən yüksək artım templəri rabitə sahəsində
(48 faiz), bank və sığorta sektorunda (45 faiz), nəqliyyat sahəsində (23 faiz), xidmət sektorunda (21
faiz), tikinti sahəsində (7,7 faiz), digər fəaliyyət sahələrində (19,8 faiz) qeydə alınıb. Vergi
inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsallaşması sahəsində görülən işlər nəticəsində iqtisadi
fəaliyyət sahələrində real vergi potensialının aşkarlanması və bu əsasda büdcəyə vergi
daxilolmalarının artırılması təmin olunmaqdadır.
2019-cu ilin yanvar-iyun aylarında regionlardan vergi daxilolmaları 12,6 faiz artıb, regionların
ümumi vergi daxilolmalarında xüsusi çəkisi 10 faizə yüksəlib.
Əmək bazarında şəffaflaşma proseslərinəbaşlanılması, nəticədə işçi sayının və əmək haqqı
fondunun yüksək artım dinamikasının müşahidə olunması şəraitində sosial sığorta haqları üzrə
daxilolmalar 16,3 faiz artaraq 1 milyard 273 milyon manat təşkil edib, proqnoz 112,5% icra edilib.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18 faiz artıb, proqnoz 116 faiz icra edilib. İşsizlikdən
sığorta haqları üzrə daxilolmalar 47 faiz artaraq 48 milyon manat təşkil edib, proqnoz 116 faiz icra
edilib. Qeyri-büdcə təşkilatları üzrə həmin daxilolmalar 60 faiz artıb, proqnoz 121 faiz icra edilib.
Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta və işsizlikdən sığorta haqları üzrə cari il üçün
yığım proqnozu toplam 365 milyon manat artırılıb. Qeyri-neft sektorunun özəl bölməsində çalışan
muzdlu işçilərə gəlir vergisi üzrə güzəştlərin tətbiqi nəticəsində ilin sonuna gözlənilən 300 milyon
manat vergi itkilərinin sosial və işsizlikdən sığorta haqlarının artımı hesabına tam olaraq
kompensasiya ediləcəyi nəzərdə tutulur.

Şəffaflaşma prosesləri
Vergilər Nazirliyi mütəmadi olaraq vergi islahatlarının şəffaflaşmaya təsirlərinin monitorinqini
aparır. Təhlillər göstərir ki, bir sıra fəaliyyət sahələrində dövriyyələr iqtisadi artımla müqayisədə
dəfələrlə yüksək artım nümayiş etdirir, əqdlərin elektron sənədləşmə səviyyəsi isə əhəmiyyətli
dərəcədə yüksəlməkdədir.
Cari ilin 6 ayında qeyri-neft sektorunun ümumi dövriyyəsində elektron qaimə-fakturalar ilə
rəsmiləşən dövriyyənin xüsusi çəkisi 7 faiz artaraq 61,3 faizə çatıb. Ticarət sektorunda dövriyyə 22
faiz, o cümlədən pərakəndə ticarətdə 35 faiz, ictimai iaşədə isə 26 faiz artıb. Topdansatış ticarət və
istehsalda elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin ümumi dövriyyədə xüsusi çəkisi 65
faizdən 78 faizə yüksəlib. Təkcə topdansatış ticarətdə elektron qaimə-fakturalar ilə rəsmiləşən
dövriyyənin ümumi dövriyyədə xüsusi çəkisi 65 faizdən 82 faizə qalxıb.
Cari ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə elektron qaimə-fakturalar ilə
rəsmiləşən dövriyyələrin artım tempi qeyri-neft sektorunda 20,6 faiz, o cümlədən ticarətdə 43,4 faiz
pərakəndə ticarətdə 50,2 faiz, topdansatış ticarətdə raibtədə 41,8 faiz, rabitədə 23,7 faiz, qeyri-neft
istehsal sahəsində 30 faiz, kənd təsərrüfatında 91,4 faiz, xidmət sektorunda 20,8 faiz təşkil edib.
Ticarət sektorunda dövriyyələrin şəffaflaşması özünü ƏDV dövriyyəsinin yüksək artım
dinamikasında göstərir. Belə ki, ƏDV dövriyyəsi topdansatış ticarətdə 25,2 faiz, pərakəndə
ticarətdə isə 40 faiz artıb. Bu sahələrdə alış əqdlərinin sənədləşməsi səviyyəsi də yüksəlməkdədir.
Pərakəndə ticarətdə əldə edilən elektron qaimə-fakturaların dəyərində 50,2 faiz, ictimai iaşədə isə
23,1 faiz artım olub.
Aksizli malların istehsalı və dövriyyəsi sahəsində vergi inzibatçılığının və vergi nəzarətinin
təkmilləşdirilməsi nəticəsində cari ili 6 ayında alkoqollu içkilərin istehsalçıları üzrə dövriyyə 73 faiz,
tütün məmulatlarının istehsalçıları üzrə dövriyyə isə 8,6 dəfə artıb. Bu sahələrdə elektron qaimə-
fakturalar ilə rəsmiləşən dövriyyələrdə isə müvafiq olaraq 92,7 faiz və 10,8 dəfə artım müşahidə
olunub.

Vergilər Nazirliyinin vergi inzibatçılığının rəqəmsallaşması və fiskallaşma sahəsində həyata
keçirməyə başladığı bir sıra layihələr dövriyyələrin şəffafflaşması prosesinə əlavə təkan verəcək.
Belə ki, hipermarketlərdə və yanacaqdoldurma məntəqələrində yeni nəsil onlayn nəzarət-kassa
aparatlarının quraşdırılmasına başlanılıb ki, bu da çeklərin tələb edilməsi müqabilində ƏDV-nin bir
hissəsinin qaytarılmasına imkan yaratmaqla alqı-satqı əməliyyatlarının kütləvi rəsmiləşməsinə
istehlakçılarda marağı artıracaq.
Şəffaflaşma prosesləri özünü bank sektorundan keçən dövriyyələrin yüksək artım
dinamikasında və digər müsbət monetar effektlərin baş verməsində də göstərir. Vergi ödəyicilərinin
bank hesabları üzrə nağdlaşdırılan vəsaitlərinin məbləğinin azalması, habelə qeyri-dövlət
sektorunun müəssisələrinin ƏDV depozit hesabında olan vəsaitlərinin qalığının 2,3 dəfə artması
buna əyani sübutdur.
Bu şəraitdə özəl sektor müəssisələrinin banklarda Azərbaycan manatı ilə olan cari
hesablaşma hesablarında vəsaitlərin qalığı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz, cari
ilin əvvəlindən isə 20 faiz artıb ki, bu da ölkədə nağdsız əməliyyatların genişlənməsinin və
dövriyyələrin şəffaflaşmasının mühüm göstəricisidir.Cari ilin iyun ayında əvvəlki ilin iyun ayı ilə
müqayisədə sahibkar fiziki şəxslərin cari bank hesablarının sayı 20,6 faiz, hüquqi şəxslərin cari
bank hesablarının sayı isə 29,3 faiz artıb.
İqtisadiyyatın və dövriyyələrin şəffaflaşdırılması şəraitində dövriyyədə olan nağd pul
kütləsinin manatla geniş pul kütləsində xüsusi çəkisi 2018-ci ilin əvvəlindəki 60,1 faizdən cari ilin
iyun ayının sonuna 52,9 faizə enib ki, bu da şəffaflaşma və nağdsız ödənişlərin genişləndirilməsi
nəticəsində mümkün olub.
İqtisadiyyatda leqallaşma prosesləri özünü aktiv vergi ödəyicilərinin, o cümlədən ƏDV
ödəyicilərinin və aktiv obyektlərin sayında da biruzə verir. Cari ilin iyul ayının 1-nə ƏDV
ödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz, aktiv obyektlərin sayı isə 14 faiz
artıb.
“Kölgə” iqtisadiyyatının miqyasının azaldılmasına yönəlmiş vergi islahatları sırasında
iqtisadiyyatda əmək münasibətlərinin şəffaflaşması mühüm yer tutur. Cari ildən etibarən qeyri-neft
sektorunun özəl bölməsi üzrə fiziki şəxslərin aylıq əmək haqlarının 8 min manatadək olan
hissəsinin 7 il müddətinə gəlir vergisindən azad edilməsi artıq mühüm fiskal nəticələr verməkdədir.
Güzəştin tətbiqi nəticəsində cari ilin 6 ayı ərzində qeyri-dövlət bölməsində 77 mindən çox yeni
əmək müqaviləsi qeydə alınıb ki, bu da həmin dövr ərzində 101 mindən çox artmış əmək
müqavilələri sayının 75 faizini təşkil edir. Ən son məlumata görə cari ilin 7 ayının yekunu üzrə
ölkədə cəmi əmək müqavilələrinin sayında ilin əvvəlindən 109 minə qədər, o cümlədən qeyri-dövlət
bölməsində 84 minə qədər artım olub.

İşçi sayının şəffaflaşması prosesləri ilin əvvəlindən qeyri-dövlət təşkilatlarında çalışan
muzdlu işçilərin əmək haqqı kartlarının sahiblərinin say etibarilə 18 faizdən çox artmasına səbəb
olub. Nəticədə, cari ilin 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektorunun özəl
bölməsində əmək haqqı fondunun həcmi 22,8 faiz, o cümlədən cari ildə minimum əmək haqqının
artırılmasının təsirləri də çıxılmaqla 21,4 faiz artıb. Bu, ümumi əmək haqqı fondunun əhalinin pul
gəlirlərinə nisbətdə 2,5 faiz yüksəlməsinə səbəb olub. Bu dinamika sosial sığorta və işsizlikdən
sığorta haqlarının yüksək templə artmasını şərtləndirib.
Qeyri-neft sektorunun özəl bölməsində fiziki şəxslərin gəlir vergisi üzrə güzəştin tətbiqi
ölkədə məşğulluğun əhəmiyyətli hissəsini təşkil edən bu sahədə çalışan muzdlu işçilərin real
gəlirlərinə əhəmiyyətli təsir göstərib. Belə ki, vergi güzəştinin tətbiqindən ötən 6 ay ərzində bu
kateqoriya işçilərin sərəncamında qalan sərbəst vəsaitlərin məbləği 150 milyon manat təşkil edib.
Cari ilin sonunadək həmin məbləğin 300 milyon manatadək artacağı proqnozlaşdırılır. Bu məbləğ
əvvəlki illərdə dövlət büdcəsinə vergi şəklində ödənilirdi.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz