03 avqust 2019 14:12

Telefonunuzu kənar müdaxilələrdən qorumağın - 5 YOLU

Son on il ərzində smartfonlar həyatımızın ayrılmaz hissəsinə çevrilə bilib. Gündən günə böyüyən imkanlar artıq insanlar üçün daha əvvəl mövcud olmayan, yeni – digital dünyanın yaranmasına gətirib çıxarıb.
Mobil telefonlarımız üçün hazırlanan minlərlə tətbiq işlərimizi həm asanlaşdırır, həm də səmərəli edir. Ancaq bu texnologiyaların həyatımızın bir hissəsinə çevrilməsi bizi həm də bir sıra risklərlə üz-üzə qoyur. Bu yazımızda telefonunuzu təhlükəli tətbiqlərdən və ya kənar təsirlərdən qorumağın yolları haqqında məlumat verəcəyik.

1. Tətbiqləri yeniləyin.
Telefonunuzu kənar təsirlərdən qorumağın ən sadə yolu tətbiqlərin bütün yeniliklərinin yüklənməsidir. Bütün böyük tətbiqlər mütəmadi olaraq təkmilləşdirilir, yeni funksiyalar əlavə edilir. Bu təkmilləşdirmə işlərinin əsas istiqamətlərindən biri də məhz təhlükəsizlik tədbirlərinin gücləndirilməsidir. Tətbiq yaradıcıları zamanla yaranmış bütün riskləri aradan qaldırır və məhz yeni versiyaları yükləməklə siz telefonunuzu daha təhlükəsiz vəziyyətə gətirə bilərsiniz.

2. Tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin.
Tətbiqlərin son versiyalarını yükləməkdən başqa, tətbiqləri yüklədiyiniz mənbələr də çox önəmlidir. Telefonunuzun hansı əməliyyat sistemi ilə işləməsinin fərqi yoxdur, Android, iOS və ya Windows, hər sistemin rəsmi dükanı mövcuddur. Bu dükanlara yüklənən bütün tətbiqlər ciddi yoxlanışdan keçdikdən sonra sizin istifadənizə verilir. Əksər hallarda kənar resurslardan yüklədiyiniz tətbiqlər bu prosedurları keçmir və onların istifadəsi zamanı telefonunuzu risklə üz-üzə qoymaq ehtimalı böyükdür.

3. Tətbiqlərə verdiyiniz icazələrə diqqət yetirin.
Yəqin ki, telefonunuza yeni tətbiq yükləyərkən sizdən bir sıra icazələrin istəndiyinin şahidi olmusunuz. Bu tətbiqlər sizin şəxsi məlumatlarınıza, kamera, mikrofon və başqa məlumatlarınıza giriş icazəsi istəyir. Bəzən istifadəçilər tətbiqdən istifadəyə dərhal başlamaq üçün səbrsizlənir və bütün bu sorğulara diqqət etmədən hamısını qəbul edir.
Təcrübədə bəzi tətbiqlərin heç istifadə etməyəcəyi məlumatlara belə giriş icazəsi istəməsinə rast gəlinib. Əgər yükləyəcəyiniz tətbiqin istifadəsi zamanı kameranıza, mikrofonunuza və ya telefonunuzun başqa funksiyasına ehtiyac olmayacaqsa, bu halda həmin funksiyalara giriş icazəsi verməyə bilərsiniz. Əgər bundan əvvəl bu məqama diqqət etməmisinizsə, hələ də gec deyil. Siz sadəcə telefonunuzun ayarlarına daxil olmaqla bu statusları istədiyiniz zaman dəyişə bilərsiniz.

4. Daha güclü şifrələrdən istifadə edin.
Araşdırmalara görə, telefonlara edilən müdaxilələrin 80%-i istifadəçilərin zəif şifrə hesabı istifadə etməsi ilə bağlıdır. Buna görə də, şifrələrinizin daha çətin olmasına əmin olun. Digər vacib məqam isə, hər tətbiq üçün fərqli şifrədən istifadə etməklə bağlıdır. Fərqli şifrələrdən istifadə etməyə çalışın. Bu halda bir tətbiq üçün istifadə etdiyiniz şifrə itirilərsə, digər tətbiqləriniz daha təhlükəsiz vəziyyətdə qalacaq.
Bəzi tətbiqlər iki-addımlıq avtorizasiya sistemlərindən istifadə edir. Bu halda təyin etdiyiniz şifrədən başqa, sizə SMS, e-mail və ya başqa kanallarla göndərilən, daim yenilənən şifrələr də tətbiq edilir. Əgər istifadə etdiyiniz tətbiqlərdə bu sistemlər mövcuddursa, telefonunuzun təhlükəsizliyi üçün bu sistemlərdən istifadə edə bilərsiniz.

5. İctimai yerlərdə Wi-Fi istifadə edərkən diqqətli olun.
İctimai yerlərdə pulsuz Wi-Fi təklifi ilk baxışdan çox cazibədar görünür, lakin baş verə biləcək risklər barədə də məlumatlı olmalısınız. Bu şəbəkələrin hər kəs üçün açıq olması və heç bir şifrələnmədən istifadə edilməməsi telefonunuzu kənar müdaxilələrə daha əlçatan edir. Bu müdaxilələrin riskini azaltmaq üçün bəzi həllər təklif edilsə də, heç bir həll tam təhlükəsizliyə zəmanət vermir. İctimai yerlərdə pulsuz Wi-Fi istifadəsi ilə bağlı ən güclü təhlükəsizlik tədbiri həmin şəbəkələrdən istifadə etməməkdir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz