01 avqust 2019 10:22

Bizdə sığorta var ki?! - ŞÜKÜR HÜSEYNOV YAZIR

FED.az sığorta mütəxəssisi Şükür Hüseynovun məqaləsini təqdim edir.

Milli sığorta bazarının hazırkı durumuna dair tənqidi-yumoristik qeydlər:

Son təlimlərdən birində gənc dinləyici eynən bu yazının başlığındakı sualla hamının
diqqətini özünə cəlb etdi. Auditoriyada həmin sual ətrafında isti fikir mübadiləsi, hətta
bəzən kəskin müzakirələr bir neçə dəqiqə çəksə də, birmənalı yekun qənaət hasil
olmadı. Təlim iştirakçısının bir qədər də ritorik səslənən bu sualı məni qarşınızdakı
yazını işləməyə sövq etdi. Ümidvaram ki, aşağıdakılar sizin də bu məsələdə
tərəddüdlərinizə son qoyacaqdır.

Məlumdur ki, dövlət səviyyəsində həyata keçirilən son məqsədyönlü tədbirlər, iqtisadi
islahatlar ölkənin sığorta bazarının da inkişafı üçün əlverişli imkanlar açmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlum sərəncamı ilə təsdiq edilmiş
“Sığorta sektorunun inkişafına dair 2019-2021-ci illlər üçün Tədbirlər Planı”nın qəbul
edilməsi və bu istiqamətdə atılan müvafiq addımlar da bunun bariz göstəricisidir. Hələ
bu tədbirlərədək də sığortada kifayət qədər nailiyyətlər əldə olunmuş və uğurlara imza
atılmışdır. Bunları danmaq ədalətsizlik olardı. Belə ki, 20 il bundan əvvəlki bazarla
indiki durumu müqayisə etsək, müsbətə doğru dəyişikliklərin, müəyyən tərəqqinin
şahidi ola bilərik. Lakin elə həmin bu bazarda saysız-hesabsız çatışmazlıqların
olduğunu da müşahidə etməkdəyik.

Bir qədər diqqətli oxucularımız təsdiq edər ki, bu bazarda hələ nələrsə çatışmır.
O zaman çatışmayan nədir? Bu suala cavab olaraq, bu
dəfə sözü gedən çatışmazlıqları bir qədər adət etmədiyimiz qeyri-ənənəvi səpkidə,
yumorlu boyalarla və obrazlı şəkildə təsvir etməyə çalışacağıq. Nə qədər formal
dəyişikliklər aparılsa da, bazarın məzmun, keyfiyyət göstəriciləri bu dəyişikliklərə
əsla yaxın gəlmir. Başqa sözlə, bu iki fəlsəfi anlayış bir-birini tamamlamalı olduğu
halda, biz onların arasında böyük uçurumun olduğunu görməkdəyik. Nə isə, gəlin,
‘əslində biz necə olmalıyıq və faktiki necəyik’ sualı ətrafında sadə bir təhlil aparaq.
Axı hərdən kənardan da özümüzə baxmalıyıq ki, necə göründüyümüzün şahidi olaq,
nöqsanlarımıza birlikdə gülək və düzəlməyə çalışaq. Gəlin, dünyanın ən öndə gedən
ölkələrinin sığortaçılarında (bundan sonra bu yazının mətnində “onlarda”) və milli
sığorta bazarının mövcud durumunda (bundan sonra bu yazının mətnində “bizdə”)
müşahidə etdiyimiz bəzi məqamlara işıq salaq ki, onları hamı görə bilsin. Bundan
sonra bizdə sığortanın hansı durumda olmasına özünüz obyektiv qiymət verə
biləcəksiniz. Beləliklə,

Onlarda:
Sığorta bazarı alıcıların və satıcıların ümumi iş birliyi yaratdığı, sığorta
məhsulları ilə bağlı alqı – satqının qanun çərçivəsində reallaşdırıldığı sivil bir
mexanizmdir. Burada satıcılar maksimum mənfəətlə işləyən, sabit maliyyə
durumlu və ödəniş qabiliyyətli, sağlam rəqabət prinsiplərinə sadiq olan ən
mükəmməl sığorta təşkilatları, vasitəçilər yalnız bazarın səlahiyyətli peşəkar
iştirakçıları, alıcılar isə sığortanı bilən, risklərinin düzgün yerləşdirilməsində
maraqlı olan, sığortasız həyatı təsəvvür belə etməyən elit təbəqədir, habelə
geniş əhali kütləsidir, sahibkardır, kommersiya strukturlarıdır, eyni zamanda
dövlət və qeyri-dövlət təşkilatlarıdır.

Bizdə:
Sığorta bazarının bəzi iştirakçıları maliyyə durumuna görə ‘krasnı’ zonasından
çıxa bilməyən, sərbəst resurslarının çoxunu öz bankında yerləşdirən, sağlam
rəqabətə girməkdən qorxan, bazarı inhisara almağa çalışan, görünüşü
mükəmməl, mahiyyəti ‘zavallı’ təsiri bağışlayan sığortaçılardır. Sığorta bazarı
qaz-vurub, qazan dolduran stajlı agentlərdən ibarət (qoca qurdlar üçün) dəllal
bazarıdır, yeni başlayan gənc agentlərin ümid yeridir. Alıcılar meşşan
təfəkkürlü taksi şoferləridir, nə üçün sığortalandığını tam anlamayan, yalnız yol
polisindən canını qurtarmağı hədəfləyən sürücülərdir, nəqliyyat sahibləridir,
vergidən, əmək müfəttişliyindən, sahə müvəkkilindən, fövqəladədən, sanitariya-
gigiyenadan, qida təhlükəsizliyindən, reklamdan, bələdiyyədən, icradan və s.
gözü-qıpıq olan, ‘bu gün yeyib-sabahı düşünən’,
‘miskin’ durumlu obyekt sahibləri – kiçik sahibkarlardır. (Böyük sahibkarlara
gəldikdə isə, onların bununla bağlı heç bir problemi yoxdur!!!).

Onlarda:
Sığortaçılarda mükəmməl kapitallaşma siyasəti aparılır, həcmi yüz milyonlarla
ölçülən səhm kapitalına və fondlara malikdirlər. Səhmləri hamı üçün əlçatandır.
Likvidli və likvidli olmayan vəsaitləri norma çərçivəsindədir. Adambaşına
düşən sığorta haqqı min manatdan çoxdur. Məsələn, bu rəqəm İsveçrədə 7 min,
Danimarkada 6 min, Finlandiyada, İrlandiya və Niderlandda 5 min dollar
civarındadır. Toplanan sığorta haqları ABŞ-də 1,37 trilyon, Çində 540 milyard,
Yaponiyada 422 milyard, Birləşmiş Krallıqda 283 milyard, AFR-də 223
milyard ABŞ dolları civarında dəyişir. Nəzərə alaq ki, dünya üzrə bir ildə
təxminən 5 trilyon ABŞ dolları sığorta haqqı toplanır və bu beş ölkənin bazar
payı həmin məbləğin təxminən 60 faizini təşkil edir.

Bizdə:
Sığortaçıların kapitallaşması lazımi səviyyədə aparılmır. Bütün yerli
sığortaçıların toplam nizamnamə kapitalı orta səviyyəli bir Avropa
sığortaçısının kapitalından on dəfə aşağıdır. Səhmlər hamı üçün əlçatan
deyildir. Sərbəst resurslar düzgün diversifikasiya olunmur. Adambaşına düşən
orta sığorta haqqı təxminən 43 dollardır (bu da əsasən icbarinin hesabına). İl
ərzində yığılan sığorta haqları təxminən 430 milyon dollar təşkil edir.

Onlarda:
Uğurlu sığorta ilini layiqincə, sivil qaydada qiymətləndirirlər – xalis
mənfəətdən coşqu yaşayan təsisçilər özlərinə çatası dividentlərdən müəyyən
hissəni şirkətin inkişafına, ofisin genişləndirilməsinə, yeni texniki/elektron
avadanlıqların alınmasına, təlimə və ya işçilərin digər formada motivasiyasına
vəsait ayırırlar. Sığortaçıların rəhbərləri yüksək mənfəət ilində möhtəşəm
korporativ ‘Party’ təşkil edir, hamılıqla qələbənin dadını çıxarırlar, mənfəətdən
də hər bir əməkdaşa pay düşür. Əməkdaşlar həm də təsisçi olduqlarından,
şirkətin ümumi inkişafında maraqlı olurlar. Onlar mənfəət vergisini şəstlə
ödəyərək, şellənir, necə deyərlər, “papaqlarını da əyri qoyurlar”.

Bizdə:
Mövcud bazarın ‘tələblərini’ nəzərə alaraq, ‘qara’ kassa yaradır, satıcılara
qeyri-rəsmi fond ayırırlar ki, onlar ‘nisyələri’ yoluna qoya bilsinlər. Qızlarına
bahalı cehiz, oğlanlarına lüks avtomobil alırlar ki, tay-tuşdan geri qalmasınlar.
Arvadlarına bahalı təbii kürk alırlar ki, fərqli olduqlarını qonum-qonşuya
göstərə bilsinlər. (Onu da göstərə bilmirlər, necə ki, bədbəxtçilikdən Bakıda son
illər qış da keçmir.) Bütün əməkdaşları bahalı restorana övladının toyuna
toplayır, min bir büsat çıxarır, pul toplayır, özlərini göstərir, eqolarını nümayiş
etdirir, forslanırlar. Yazıq işçilər də qorxusundan boğazlarından kəsib toya
babat pul salırlar. Nədən? Çünki müdirləri çox kinlidir.

Onlarda:
Ümumi daxili məhsulda sığorta haqlarının xüsusi çəkisi faiz nisbətində xeyli
yüksəkdir. Məsələn, müqayisə üçün qeyd edək ki, bu nisbət Tayvanda 21%,
Honq Konqda 18%, Cənubi Koreyada 12%, Finlandiyada 11%, Böyük
Britaniyada və Niderlandda 10%, Fransada 9% təşkil edir.

Bizdə:
Sığorta haqlarının ÜDM-də xüsusi çəkisi 0,91% təşkil edir. Məncə, bir qədər də
dərinə getsək, digər anlaşılmaz mənzərənin də şahidi ola bilərik. Görəsən, bizdə
birbaşa sığortadan daxil olan sığorta haqlarının məcmu məbləği hesablanarkən
həmin məbləğdən təkrarsığortaya ötürülən risklərə görə xarici sığortaçılara
köçürülən müvafiq sığorta haqqı məbləğləri çıxılırmı?

Onlarda:
Qəza ekspertləri tıxaclarda problem yaşanmasın deyə, vaxta və pula qənaət
etmək məqsədilə hadisə yerinə motosikl və ya velosipedlə gedirlər. Zərərçəkənə
ürək-dirək verir, onlara empatik yanaşma sərgiləyir və ən çətin anlarda onların
yanında olduqlarını isbat edirlər. Hadisəni qanun çərçivəsində, eyni zamanda
humanist meyarlara söykənərək, tənzim etməyə çalışırlar. Konkret hadisədə
müştəri məmnunluğunu qoruyub saxlamağın sığortaçının imici, reputasiyası
baxımından nə dərəcədə vacib olduğunu onlara sübut etməyə ehtiyac yoxdur.

Bizdə:
Elə onların istehsal etdikləri köhnə avtomobillərlə bu işi görməyə çalışır,
saatlarla tıxacda qalır, vaxt, pul və əsəb xərcləyirlər və bu paydan zavallı
zərərçəkənə də ərməğan edirlər. Onlar hadisə yerinə çatan kimi bir şeyi bəhanə
edib dərhal ‘ehtimal ki, sənə ödəniş düşməyəcəkdir’ ifadəsini vurğulayır,
müdirinin mümkün qədər ‘otkaz edin’ ismarıcını canla-başla yerinə yetirir, hətta
bəzən qəzəblənmiş, hadisədən sonra stres yaşayan zərərçəkəndən bir çənə
zərbəsi də alırlar. (Şirkətlərdən birində qəza ekspertlərindən ikisini burnu əzik
gördüm, işçilərdən biri pıçıldadı ki, hadisədə ‘reski’ yox dediklərinə görə
əsəbləşmiş zərərçəkən onları bu hala salmışdır!)

Onlarda:
Vasitəçilər daimi əsasda müştəri xidmətlərinin səviyyəsini yüksəltməklə, təmsil
etdikləri qurumun da adını yüksəltmiş olurlar. Onlar sığorta fəaliyyətində əsas
devizə çevrilmiş ‘səmimiyyət, inam və etimad’ prinsiplərini rəhbər tuturlar,
satış üçün münasib yer və vaxt seçirlər, öz reputasiyalarını qoruyurlar. Onlar
dərk edirlər ki, bu prinsiplərdən kənara çıxan sığortaçı rəqabət bazarında duruş
gətirə bilməz. Müştəri məmnuniyyətinə nail olmaq və onu saxlamaq vacib
şərtdir. Vasitəçilərin bəzən hətta sığortaçılardan da yaxşı ofisləri, avtomobilləri
olur və onlardan da zəngin yaşayırlar.

Bizdə:
İstənilən məkanda və günün 24 saatı ərzində xidmət var. Ofis də lazım deyil,
bu cür avtomobillər heyıf deyil?!

Sığortanı maşının kapotunun üstündə də yazmaq olar. Reputasiya vacib deyil,
vacib olan puldur, pul! Müştəri məmnuniyyətinın olmaması qorxulu deyil,
‘bəyəm müştəri özbaşınadır, məcbur edərik, sığortalatdırarıq, çünki biz
güclüyük, arxalıyıq’! .

Onlarda:
Kağız üzərində müqaviləyə son qoyulmuşdur. Sığorta vasitəçiləri onlayn
qaydada elektron müqavilələr bağlayırlar. İKT-nin ən son nailiyyətlərini
məharətlə tətbiq edirlər.

Bizdə:
Kağız üzərində işləyir və topladıqları məlumatları axşam evə gətirirlər. Bundan
sonra kağızda işlədiklərini evdə tələbə oğlu və ya qonşunun qızı yenidən
sistemə işləyir. (İndi belələrinin sayı azalmaqdadır).

Onlarda:
Müştəri normal sığorta haqqı ödəyib, güvənli təminat almaqda maraqlı olur. Bu
məqsədlə fərqli sığortaçıların fərqli təkliflərini təhlil edir, ən yaxşı hesab etdiyi
təminat şərtlərini qəbul edir, itindən-pişiyindən tutmuş, məmə yeyəndən-pəpə
deyənədək bütün ailə üzvlərini sığortalayırlar.
Bizdə:
Müştəri sığorta haqqını az ödəməyə, hətta icbarini belə ucuz almağa köklənir.
Sığorta təminatı isə onu sanki heç maraqlandırmır. O, bu başda sığorta haqqını
az ödəmək üçün gah yalvarır, gah əsib-coşur, haldan-hala düşür, səviyyəsizlik
göstərir. Eynilə, o başda, yəni sığorta hadisəsindən sonra da eyni ssenari təkrar
olunur, mənlik, şərəf və ləyaqət hissi tam unudulur, əzilib-büzülür, nəsə almağa
çalışırlar.

Onlarda:
Sığorta vasitəçiləri kiçik mühasiblər qismində öz hesabatlarını özləri hazırlayır,
gəlir və xərclərini çıxarır, vergini ödəyir, vergi orqanlarının dostlarına
çevrilirlər və elektron qeydiyyat işlərini müvafiq qaydada yerinə yetirirlər.

Bizdə:
Sığorta vasitəçiləri özlərinə çatası puldan başqa hər şeyi qatıb-qarışdırır, uçot və
hesabat işlərində bacarıqları yox dərəcəsində olur, 20 manat pul verərək, rüblük
hesabatlarını peşəkar mühasiblərə gördürürlər. Onlar vergi orqanlarının
təqiblərinə məruz qalır, bəzən işləri Konstitusiya Məhkəməsinədək gedib çıxır.
Onlarda:
Əməkdaşların peşəkarlıq qabiliyyətinin artırılması məqsədilə onları
şirkətdənkənar təlimlərə, seminarlara, görüşlərə, digər tədbirlərə göndərir,
kvalifikasiyanın davamlı şəkildə artırılması qayğısına qalırlar. Sığorta
vasitəçisinin isə ən azı 100 akademik saat xüsusi kurs keçməsi tələbi vardır.
Inkişaf etmiş ölkələrdə isə bu sahədə tələblər daha da yüksəkdir. Məsələn,
AFR-də sığorta vasitəçiləri üçün 4 mərhələli təhsil sistemi mövcuddur.

Bizdə:
Nəinki bunları etmir, Londona da, Moskvaya da, hətta Baden Badenə də hər il
özləri gedirlər. Allah köməyiniz olsun, ay müdirlər, eyni yerə və oxşar
tədbirlərə neçə dəfə getmək olar?! Sığorta vasitəçilərinin attestasiyadan keçməsi
və lisenziya alması üçün cəmi 10-12 saat hazırlıq məşğələləri təşkil olunur
(Son dövrlər heç bu təlimlər də keçirilmir). Bizimkilər təlimdən, öyrənməkdən
daim qaçırlar. Hesab edirlər ki, əsas işləri, onların özlərinin təbirincə desək,
müştərini bişirmək, sığorta haqqını almaq və məlumatı sistemə vurmaqdan
ibarətdir. Bizdə sığorta bazarının bütün əməkdaşlarının peşəkar bilik, bacarıq və
qabiliyyətlərinin artırılması üçün daha mükəmməl, daimi və işlək təhsil
sisteminin yaradılmasına ehtiyac vardır.
Onlarda:
Sığorta bazarının, eləcə də özlərinin bir şirkət olaraq inkişafı məqsədilə müasir
marketinq metodlarını tətbiq edirlər. Bu metodlardan biri və ən effektlisi,
təbiidir ki, reklamdır. Sığortaçılar sağlam rəqabətin ən güclü vasitəsi kimi rolu
və faydası gündən-günə artan reklam materiallarından məharətlə istifadə edirlər.
Məhz reklamın köməyi ilə inkişaf etmiş ölkələrin sığortaçıları sığortalıların
gözü qarşısında öz şirkətlərinin müsbət imicini yaratmağa çalışırlar. Reklam və
təbliğat işləri qanun çərçivəsində və sivil qaydada aparılır.

Bizdə:
Teleməkanda mükəmməl reklam məhsulu gözə dəymir. Sanki şirkətlər
reklamdan qorxurlar. FM-lərin bu yönümdə işi isə ət tökəndir, çünki orada
səslənən fikirlərlə real həyatdakı vəziyyət heç də həmişə üst-üstə düşmür. Daha
çox şişirdilmiş, mübaliğəli, həqiqəti əks etdirməyən məlumatlar verilir. Real
vəziyyət isə tam başqadır. Hər kəs kustar üsulla özünüreklamla məşğuldur, lap
elə bu şəkildə gördüyünüz kimi:

Dostlar, indi necə fikirləşirsiniz?
Bizdə sığorta var, ya yox? “Bizdə sığorta var ki?” söyləyən tələbə nə qədər
haqlıdır?
Ümid edirəm ki, indi siz buna birmənalı şəkildə ‘yoxdur’ deyərək, sonda
‘möhürünüzü’ sıxmayacaqsınız.
Mənə gəldikdə isə, düşünürəm ki, olmağına bizdə sığorta var, ancaq bir qədər
özümüzəməxsus şəkildə.

P.S. Yuxarıda yazılanların lətifəsi milli sığorta bazarının ləyaqətli peşəkarlarına
dəyməsin. Heç də hamı bu nöqsanları özlərinə çıxmamalıdır. Bu yazını yay
istirahət mövsümünə salmaqla, əhvalınıza bir yüngüllük gətirməyi də
hədəflədik. Məncə, fəaliyyətimizdəki gülüş doğuran mənfilikləri elə gülüşlə də
aradan qaldırmalıyıq, ağlamaqla deyil!

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz