Məlum olduğu kimi “Rabitəbank” bu ilin birinci yarısına olan maliyyə vəziyyətini açıqlayıb. FED.az xəbər verir ki, adı çəkilən maliyyə qurumu “banka aidiyyatı olan şəxslər”ə 11 mln 554 min manat kredit verib. Bu məbləğ ötən ilin birinci yarısı ilə müqayisədə 9,75% çoxdur.
Banka aidiyyatı olan şəxslərə verilmiş kreditlərin məbləğinin məcmu kapitala nisbəti 10.7% təşkil edir.
Məlumat üçün bildirək ki, bank qanunvericiliyinə əsasən “banka aidiyyatı olan şəxslər” dedikdə aşağıdakılar nəzərədə tutulur:
Bankın inzibatçıları
Bankın struktur bölmələrinin rəhbərləri
Bankın qərarlarının qəbul edilməsində iştirak edən digər əməkdaşları
Bu bəndin “a”, “b”, “c” yarımbəndlərində göstərilən şəxslərə yaxın qohumluq münasibətlərində olan şəxslər (əri/arvadı, valideyini, o cümlədən ərinin/ arvadının valideyni, babası, nənəsi, övladı, o cümlədən övladlığa götürülən, qardaşı və bacısı)
Bankda mühüm iştirak payı olan hər hansı şəxs
Bankın mühüm iştirak payı olan hüquqi şəxs
Bu bəndin “d” və “e” yarımbəndlərində göstərilən hüquqi şəxslərdə mühüm iştirak payı olan hər hansı şəxs
Bu bəndin “d”, “e” və “ə” yarımbəndlərində göstərilən hüquqi şəxslərin icra orqanlarının rəhbərləri.
Banka aidiyyatı olan şəxslərə və onlar adından hərəkət edən şəxslərə verilən kreditin maksimum məbləği
Bu Qaydalarda nəzərdə tutulmuş hallar istisna olmaqla banka aidiyyatı olan şəxslərə və onlar adından hərəkət edən şəxslərə qarşı birbaşa və ya dolayı yolla olan kredit tələblərinin məbləği aşağıdakı normalardan (məhdudiyyətlərdən) çox olmamalıdır
Onlar hüquqi şəxs olduqda bankın məcmu kapitalının 10 faizindən
Onlar fiziki şəxs olduqda bankın məcmu kapitalının 3 faizindən
Bankın aidiyyatı olan şəxslərə və onlar adından hərəkət edən şəxslərə qarşı olan bütün kredit tələblərinin ümumi məbləği bankın məcmu kapitalının 20 faizindən çox olmamalıdır.
Banka aidiyyatı olan şəxslərə və onlar adından hərəkət edən şəxslərə qarşı bankın kredit tələbləri aşağıdakı kimi təmin edilməlidir:
Bazar dəyəri kreditin məbləğinin 125 faizindən az olmaması şərti ilə, əgər təminat Azərbaycan hökumətinin buraxdığı qiymətli kağızlar və ya İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olan ölkələrin mərkəzi hakimiyyət orqanları və ya mərkəzi bankları tərəfindən buraxılmış qiymətli kağızlardan ibarətdirsə
Bazar dəyəri kreditin məbləğinin 150 faizindən az olmaması şərti ilə, əgər təminat predmeti hər hansı bir başqa formada verilirsə.
Əgər təminatın bazar dəyəri 2.3 yarımbəndinin tələb olunan miqdarından aşağıdırsa, bu təminat 10 iş günü ərzində dəyişdirilməli, yaxud tamamlanmalıdır.
Banklar 2.1 və 2.2 yarımbəndlərində müəyyən olunmuş normalarda kredit tələblərinə yalnız müstəsna hallarda yol verə bilər. Banklara daxili prosedurlarında bir qayda olaraq bu normaların daha aşağı səviyyədə təsdiq olunması tövsiyə olunur.
Banka aidiyyatı olan şəxslər və onlar adından hərəkət edən şəxslər bu Qaydaların tələblərinə uyğun olmayan qaydada aldıqları kreditlərin etibarsız olmasını iddia edə bilməzlər.