26 iyul 2019 08:50

Saatlarla Günəşin altında qalır, daha sonra yer boşaldıqca soyuduculara yığılır - XƏBƏRDARLIQ

Su insan orqanizmini qoruyan ən önəmli faktorlardan biridir. Sağlamlığımızı qorumaq üçün gün ərzində xeyli su içirik, xüsusilə yay aylarında. Amma suyu içdiyimiz plastik qabların təhlükəsindən xəbərsizik.

Plastik qablarda satılan xeyli növdə adi, qazlı, şirin sulara bütün satış obyektlərində rast gəlirik. Amma müşahidələrə əsasən demək mümkündür ki, onların bəzilərində həmin suların saxlanma şəraiti normalara uyğun deyil. Bəllidir ki, yay aylarında suya tələbatın yüksəlməsi səbəbi ilə marketlərdə, mağazalarda daha çox su sifariş olunur. Nəticədə suların saxlanması üçün kifayət qədər yer olmadığından, həmin sular saatlarla açıq havada, birbaşa Günəşin düşdüyü yerlərdə qalır, daha sonra yer boşaldıqca soyuduculara yığılır. Sular istehsal yerindən topdansatış məntəqələrinə çatdırılana qədər də müəyyən zaman ərzində Günəşlə təmasa və istiliyə məruz qalırlar. Odur ki, bu şəraitdə saxlanılan, xüsusilə də Günəş şüalarının nüfuz etdiyi plastik şüşələrdəki sular insan orqanizmi üçün birbaşa təhlükə mənbəyinə çevrilir.

FED.az xəbər verir ki,Harvard Universitetinin "School of Public Health” araşdırmaçılarının tələbələr üzərində apardıqları yoxlamalardan sonra məlum olub ki, bir həftəboyu plastik şüşələrdən su içən tələbələrin orqanizmlərində Bisfenol A maddəsi yüzdə 69 faiz artıb. Plastik kütləyə bərkidici kimi qatılan təhlükəli maddə suda zəif həll olunsa da, çənlərdə uzun müddət qaldıqda, həmçinin istiliyə məruz qaldıqda suya diffuziya edə bilir və insan orqanizmi üçün təhlükə yaradır. Bisfenol A bir sıra xəstəliklərlə yanaşı prostat və süd vəzi xərçənginin inkişafına da yol açır.

İstilik nəticəsində kanserogen maddəyə çevrilir

Terapevt-qastroenteroloq Mətanət Cəfərova bildirir ki, xüsusilə yay aylarında su alarkən diqqətli olmaq vacibdir: "Bu aylarda plastik şüşələrdə satılan sulardan uzaq durmaq lazımdır, çünki istifadəsi qətiyyən məsləhət deyil. Plastik qablarda olan suların xüsusi saxlanma temperaturu var. Təəssüf ki, çox vaxt bu şərtlərə əməl olunmur və birbaşa Günəş şüaları altında qalan plastik şüşələrdəki sular satışa çıxarılır. Belə suları isə qətiyyən almaq olmaz və mütləq şüşə qablardakı sulardan istifadə etmək lazımdır. Plastik stəkanlardan da yalnız soyuq su içmək üçün istifadə edilməlidir. Həmin stəkanların isti çay, yaxud kofe üçün istifadə edilməsi yolverilməzdir. Yüksək istilik nəticəsində toksik maddələr çaya, kofeyə qarışır və birbaşa orqanizmə daxil olur ki, bu da acı nəticələr verir”.

 

Həkim plastik su qablarından təkrar istifadə hallarının da yolverilməz olduğunu bildirərək söyləyir ki, birdəfəlik istifadə üçün nəzərdə tutulsa da, sonradan su qablarında süd, qatıq, turşu tərkibli məhsulların saxlanması halları müşahidə edilir. Bu zaman plastik qabların tərkibindəki kimyəvi maddələr aktivləşir və qidaya qarışır. Həmin qida yeyildikdə insan orqanizmində zərərli maddələr toplanır. Plastik qablardakı təhlükəli maddə polivinil xlorid təkrar istifadə və istilik nəticəsində kanserogen maddəyə - vinilxloridə çevrilir. Bu qablardan davamlı istifadə bir müddət sonra ciddi fəsadlara gətirib çıxarır və nəticədə həmin qidanı qəbul edən insanlar xərçəng xəstəliyinə tutulurlar.

Plastik qablardakı sular Günəş şüaları altında saxlandıqda...

Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumatda bildirilir ki, qablaşdırma qida və qeyri-qida məhsullarının təhlükəsiz şəraitdə saxlanılması, ətraf mühitin zərərli təsirlərindən qorunması və rahat daşınması üçün əhəmiyyətlidir. Lakin son illərdə qida məhsullarının qablaşdırılması üçün istifadə edilən materialların təhlükəsizliyi və onların qidaya mümkün təsiri kifayət qədər aktual mövzulardan biri hesab edilir. Çünki, qablaşdırma materialları qida məhsulları ilə bilavasitə təmasda olduğundan, onlardan qidaya müxtəlif kimyəvi maddələrin miqrasiya etməsi mümkündür.

Qablaşdırma məhsulları plastik, metal, kağız, şüşə kimi materiallardan hazırlanır. Qida məhsullarının qablaşdırılmasında istifadə edilən materialların qida üçün təhlükəsiz və təsirsiz olması vacibdir. Lakin araşdırmalar göstərir ki, bu cür materialların heç də hamısı təhlükəsiz qablaşdırma materialları deyil. Buna plastik qablaşdırma materiallarını misal göstərmək olar. Belə ki, qida məhsullarının qablaşdırılması üçün istifadə olunan plastik qablardan toksiki xassəli kimyəvi maddələr qidaya qatıla bilər. Bunlar bilavasitə plastiklərin istehsalı prosesində yaranan və xammaldan gələn maddələrdir. Çünki plastik materialların əksəriyyəti yüksək temperatur şəraitində və neftin təkrar emal məhsullarından alınır. Bu da plastiklərdə sağlamlıq üçün təhlükəli olan zərərli kimyəvi maddələrin yaranmasına gətirib çıxarır. Belə maddələrə ağır metallar, ftalatlar, plastik monomerləri, bisfenol A və s. misal göstərmək olar. Plastik qablarda qablaşdırılan qida və içkilərin uzun müddət Günəş şüaları altında saxlanılması belə maddələrin qidaya miqrasiyasına əlverişli şərait yaradır. Nəticədə belə məhsullardan uzun müddət istifadə insan sağlamlığına mənfi təsir göstərir. Odur ki, plastik qablarda qablaşdırılan qida və içkilərin uzun müddət Günəş şüaları altında saxlanılması yolverilməzdir.

Kimyəvi-toksikoloji maddələr suyun tərkibinə nüfuz edir

Agentlikdən bildirilir ki, içməli suların qablaşdırıldığı materiallar düzgün seçilmədikdə, saxlanma şəraitinə əməl edilmədikdə və ya istifadə olunan material təkrar emaldan çıxıbsa, həmin materiallardan kimyəvi-toksikoloji maddələr suyun tərkibinə nüfuz edir. Qablaşdırılma materiallarından suya keçən toksikoloji maddələrin uzun müddət qəbulu daxili orqanlarda və mərkəzi sinir sistemində ciddi fəsadlara səbəb olur.

Dezinfeksiya, filtrasiya və qablaşdırma proseslərinə düzgün riayət edilməməsi suyun tərkibində olan mineralların böyük qisminin itirilməsinə, eyni zamanda rəng, dad, qoxu və turşuluq kimi keyfiyyət göstəricilərinin mənfi yöndə dəyişməsinə səbəb olur.

Sular istehsalat şəraitində uyğun şərtlər altında qablara doldurulmalı, daha sonra saxlanma şərtlərinə və ən sonda suların satışı zamanı müvafiq qaydalara əməl olunmaqla məhsulların satışı həyata keçirilməlidir. Bu zəncirin hər hansı bir hissəsində baş verən qırılma sonda təhlükəli məhsulun istehlakçıya qədər çatmasına gətirib çıxara bilər. İstənilən qida məhsulu kimi, qablaşdırılmış suların da saxlanılma şərtlərinə əməl olunmalı və daşınması həyata keçirilməlidir. Qablaşdırılmış sular sərin, təmiz, quru və qoxusuz şəraitdə saxlanılmalıdır. İstehlakçılar məhsulu alarkən plastik və ya şüşə butulka üzərində əks olunmuş istehsal və son istifadə tarixlərinə xüsusi diqqət etməlidirlər. Həmçinin qablaşma üzərində olan etiketdə qeyd edilən adla qapaq üzərindəki ad eyni olmalı, qapağın möhkəm bağlanıb-bağlanmamasına xüsusi diqqət yetirilməlidir. Plastik qablaşdırılmış suları mümkün qədər şüşə qablaşma ilə əvəz etməyin faydası var. Bununla bağlı agentlik tərəfindən məhsulların qida təhlükəsizliyi qaydalarına uyğun satışının təşkili məqsədi ilə satış müəssisələrində mütəmadi olaraq monitorinqlər həyata keçirilir və qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülür.

 

Dünya bu qablardan imtina edir

Hazırda bütün dünya plastik məhsulların istifadəsindən aktiv şəkildə imtina edir.

Artıq Avropa İttifaqı parlamenti 2021-ci ildən etibarən birdəfəlik istifadə olunan sərinləşdirici içkilər üçün plastik şüşələrin, qabların, paketlərin tam qadağan edilməsini təsdiq edib.

Ölkəmizdə də plastik qablar, torbalardan imtina ilə bağlı müəyyən addımlar atılır, maarifləndirmə işləri aparılır, amma hələlik bu kütləvi xarakter alaraq problemi kökündən həll edəcək miqyasda deyil.

Buna görə də istehlakçılar istifadə etdikləri suların və digər məhsulların plastik qablaşdırmada olmamasına, saxlanma şəraitinin düzgünlüyünə və digər önəmli məsələlərə xüsusi diqqət göstərməlidirlər. Əks təqdirdə kimsə su içib sağlam olmaq, sərinləmək əvəzinə xəstəliklərin məngənəsində boğula bilər...

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz