15 iyul 2019 15:21

Xarici şirkət Azərbaycanda - QIZIL HASİLATINI ARTIRIB

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin bu ilin I yarısı ərzində Gədəbəy ərazisində hasilatı 7% artaraq 39 905 unsiya qızıl ekvivalenti olub.

FED.az xəbər verir ki, bu barədə şirkətin I yarımillə bağlı hesabatında qeyd olunub.

Hesabat dövründə qızıl hasilatı 34 394 unsiya, mis hasilatı 963 ton, gümüş hasilatı isə 84 586 unsiya təşkil edib. Qızıl hasilatında 3,4%, mis hasilatında 64% artım, gümüş hasilatında isə 0,23% azalma qeydə alınıb.

Bu həcmin 19 618 unsiyası II rübün payına düşüb. Bu isə ötən ilin müvafiq dövründən 3% artıqdır.

Şirkət II rübdə 17 149 unsiya qızıl, 450 ton mis, 33 292 unsiya gümüş hasil edib. Qızıl hasilatı ötən ilin müvafiq dövründən 2,3%, mis hasilatı 35,5% çox, gümüş hasilatı isə 24,7% az olub.

Şirkət II rübdə 13 467 unsiya qızıl külçə satıb və hər unsiya üçün orta satış qiyməti 1 332 dollar təşkil edib. Ötən ilin II rübündə isə 10 822 unsiya külçənin hər unsiya üçün orta satış qiyməti 1 307 dollar olub.

Qeyd edək ki, şirkət bu il 82-86 min unsiya qızıl ekvivalenti hasilat planlaşdırır.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur. 

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz