İnternet inkişaf etdikcə onun istifadəsini müsbət istifadə dairələri xaricində mənfi tərəflərə də çəkən şəxslərin sayı kifayət qədər çoxdur. Bir çox fırıldaqçılıq, oğurluq, kibercinayətlər və s. buna nümunədir.
Elə məhz bugün rastımıza çıxan bir reklam da bu tip hadisələrə aiddir və başlıqdan da anladığınız kimi bu hadisə Azərbaycanın ən böyük banklarından olan Bank of Baku-nun adından istifadə edilərək reallaşdırılır.
FED.az Brief.az-a istinadən növbəti fırıldaq əməli barədə məlumat təqdim edir.
Bugün yəni 29.06.2019-cu ildə qarşımıza çıxan bir reklamda Bank of Baku adındakı yerli bankın istifadəçilərinə 50.000 AZN məbləğində hədiyyə kartı sözü verdiyi qeyd edilirdi. İlk baxışdan təəccübləndiyim bu reklamda diqqətimi çəkən əsas məqam reklam mətninin, posterinin, link quruluşunun qeyri-professional olması idi. Aşağıdakı şəkildən də görə biləcəyiniz kimi “Sponsored” olaraq görülən bu paylaşımda Bank Of Baku səhifəsi və bankofbaku.com saytına keçid yerləşdirilib. İlk baxışdan çox inandırıcı görünsə də, xüsusi dəyərləri olan bir şirkətin adını kiçik hərflərlə qeyd etməsi təəccüblü göründüyü üçün linkə daxil oldum və açılan səhifə ilə bütün mövzu aydın oldu.
Beləki diqqət yetirsən qarşımızda Fişinq (Phishing) deyilən bir metoddan istifadə edən şəxs və ya şəxslər tərəfindən hazırlanmış olan saxta Bank of Baku səhifəsi və Bank of Baku-nun şəxsi kabinet səhifəsinin klon dizaynı var.
Yuxarıdakı şəkilə diqqət yetirsəniz açılan saytın linki ofbaku-login.com deyə bir saytı işarət edir. Biraz da dərinə getsək açılan saytın mənbə kodlarını çıxardaraq burada HTTRACK adlı HTML dizayn kopyalama proqramından istifadə olunaraq Bankofbaku.com saytının Şəxsi kabinet səhifəsinin saxta versiyasının əldə edildiyi açıqcasına görünür.
Buradan da anlamaq olar ki, Bank of Baku-nun adından istifadə edən fırıldaqçılar, Bank of Baku müştərilərinin hesab məlumatlarını əldə etməkdən ötəri hazırladıqları bu saytı ödənişli reklama yerləşdirərək, Azərbaycanda yaşayan şəxsləri hədəfləyirlər. Bunun üçün yaradılmış saxta Bank of Baku səhifəsinə də nəzər yetirsək sadəcə 1 bəyənməsi olan və saxta məlumatların qeyd olunduğu bir səhifə olduğunu görə bilərik.
Qeyd etmək istəyirik ki, bu hadisədə Bank of Baku adlı qurumun heç bir əli yoxdur və bu tamamilə fərqli insanlar tərəfindən (çox gümanki Türkiyədən) hazırlanmış bir tələdir.
Brief.az olaraq bu fırıldaqçılığı sizlərə çatdırmaqda əsas məqsədimiz şəxsi məlumatlarınızın təhlükəsizliyini qorumaq üçün daxil olduğunuz saytlara diqqət etməyiniz və buna bənzər hallarla rastlaşdıqda dərhal ətrafınızdakıları xəbərdar etməyinizdir. Siz də bu məlumatı paylaşaraq daha çox insanın xəbərdar olması, bu və buna bənzər fırıldaqçılıq hallarına qarşı diqqətli olması üçün dəstək ola bilərsiniz.