04 iyun 2019 17:57

Finala gələn xaricilərə vizalar – CƏMİ 20 SANİYƏYƏ VERİLİB

Bakıda keçirilən UEFA Avropa Liqasının final oyununa baxmaq üçün ümumi ziyarətçilər içərisindən viza almaq ehtiyacına malik olan 12 628  əcnəbi vətəndaş “ASAN Viza” sistemi vasitəsilə viza əldə edib. ASAN Xidmətdən FED.az-a verilən məlumata görə, prosesin rahat və daha tez olması məqsədilə əvvəlcədən “ASAN Viza” sistemində təkmilləşdirmə və optimallaşdırma işləri aparılıb.

Belə ki, Azərbaycana viza məqsədi ilə onlayn qaydada müraciət edənlər üçün www.evisa.gov.az  portalına “Europa League Final” seçimi əlavə edilərək həm finala gələn  əcnəbi və vətəndaşlığı olmayan şəxslərin rahat viza əldə etmələri təmin edilib, həm də statistik hesabatların və təhlillərin düzgün aparılması yerinə yetirilib.

Hazırlıqlar ərəfəsində, həmçinin Heydər Əliyev Beynəlxalq Hava Limanında “ASAN Viza” terminallarının və xidmət pəncərələrinin sayı iki dəfədən çox artırılaraq 44-ə çatdırılıb. Əcnəbilərin Gürcüstandan da Azərbaycana səfər edə biləcəklərini nəzərə alaraq Sınıq Körpü və Sadıxlı sərhəd keçid məntəqələrində “ASAN Viza” xidmət pəncərələrinin fəaliyyəti təmin edilib.

Eyni zamanda vurğulamaq lazımdır ki, hava limanlarında gəliş vizalarının verilməsi proseduru xüsusi UEFA modulu vasitəsilə 2 dəqiqədən 20 saniyəyə qədər azaldılıb. 

UEFA Avropa Liqası finalı üçün ölkəmizə səfər edən əcnəbilərin elektron viza haqqında məlumatlandırılmalarını təmin etmək məqsədilə AFFA, UEFA, Çelsi, Arsenal və Böyük Britaniyanın Azərbaycan Respublikasındakı səfirliyi ilə əməkdaşlıq  aparılıb və bu istiqamətdə bir sıra işlər görülüb.

UEFA Avropa Liqasının Bakı finalında iştirak etmək üçün ”ASAN Viza“ sistemi vasitəsilə  117 fərqli ölkədən olan əcnəbi vətəndaşa viza verilib. Final oyunu üçün əldə edilən vizaların 42%-i  son 10 gündə verilib. Bakı finalında iştirak üçün əcnəbilərə verilmiş vizaların maraqlı statistikası
 







 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz