29 may 2019 17:14

«Novostroyka»lara şad xəbər - FHN MÜSBƏT RƏY VERMƏYƏ BAŞLAYIB

«Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» prezident İlham Əliyevin fərmanından sonra Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıdakı yeni tikililərə («novostroyka»lara) müsbət rəy verməyə başlayıb.

FED.az xatırladır ki, dövlət başçısının məlum fərmanı ilə 400-dən artıq binanın isttismara qəbul edilməsi gözlənilir. Bu binalardan bəziləri 10 ildən artıqdır ki, tikintisi başa çatmasına və burada yaşayışın olmasına baxmayaraq indiyədək istismara qəbul edilmirdi.

Eləcə də bax: "Hazırda əsasən 10 min manatdan aşağı olan torpaq sahələri alınır"

İndi isə Nazirlik bildirir ki, dövlət başçısının Fərmanın icrasının müəyyən olunmuş vaxtda başa çatdırılması üçün FHN və digər dövlət qurumları bütün lazımi addımları atır: «Fərman imzalandıqdan dərhal sonra yaşayış binalarının istismara hazırlığı ilə əlaqədar zəruri sənədlərin təqdim olunması, binaların sakinlərinin və sifarişçilərinin qəbulu işində operativliyin və şəffaflığın təmin edilməsi məqsədilə FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında “Azərsu” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İB, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə xüsusi qərargah yaradılıb və hazırda qərargah öz işini davam etdirir».

Fərmanla müəyyən olunduğu kimi, ilkin mərhələ olaraq iki ay ərzində faktiki istismar olunan, lakin müvafiq dövlət orqanları tərəfindən istismara qəbul edilməmiş binalarda müayinə işləri vaxtında başa çatdırılıb. Müayinənin və görülmüş operativ tədbirlərin nəticəsi olaraq 103 girişi, 7476 mənzili olan 39 binaya (kompleksə) dair sənədlər komplektləşdirilərək, müvafiq qaydada bu binaların istismara hazır olması barədə rəy tərtib edilib və aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Abşeron Rayon İcra Hakimiyyətinə təqdim edilib.

Bundan başqa, bugünə kimi qərargahda 290-dən çox yaşayış binasının (kompleksinin) nümayəndələri qəbul edilərək, onlara zəruri izahatlar verilib".

Qeyd edək ki, Fərmandan irəli gələn məsələlərin icrası davam etdirilir və görülən işlər ölkə başçısının nəzarəti altındadır.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz