15 may 2019 08:13

Yeni sığorta kimləri hansı xəstəliklərdən qoruyacaq - MÜSAHİBƏ

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev yerli mətbuata müsahibə verib.

FED.az sizə həmin müsahibəni təqdim edir.

Eləcə də bax: “İcbari tibbi sığortanın tətbiqinədək “sənədsiz evlər” məsələsi həll olunacaq”

– 2017-ci ilin yanvar ayından etibarən ölkəmizdə İTS-in pilot layihə şəklində həyata keçirilməsinə başlanılıb. Pilot layihə üçün seçilən ərazilərdə hansı işlər görülüb, ümumi vəziyyət necədir və layihənin tətbiqi gözlənilən nəticəni veribmi?

– İTS-in pilot layihə çərçivəsində tətbiqi ilk olaraq Mingəçevir şəhəri və Yevlax rayonunda, 2018-ci ildən isə Ağdaş rayonunda həyata keçirildi. Qeyd edim ki, pilot layihə çərçivəsində bir sıra mühüm addımlar atılmışdır. Belə ki, əhalisi 340 min nəfər təşkil edən pilot ərazilərdə sığorta olunanlar və 30 minə yaxın məcburi köçkün baza zərfi çərçivəsində ödənişsiz tibbi xidmətlərlə təmin edilmiş və əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükü əhəmiyyətli dərəcədə azaldılmışdır. Mövcud maddi-texniki baza və kadr resursları ilə daha çox pasiyentə xidmət göstərilmiş və nəticədə 2018-ci ildə pilot ərazilərdə ambulator-poliklinik gəlişlərin sayı 1,1 milyon olmuş, adambaşına düşən həkimə gəlişlərin sayı 3,2 dəfə təşkil etmişdir. Evə yazılan xəstələrin sayı isə 21 min 454 nəfər olmaqla 2016-cı illə müqayisədə 11 faiz artmışdır. 2017-ci ildə cərrahi əməliyyatların sayı  9645, 2018-ci ildə isə 9346 olmuşdur. Ürək əməliyyatlarının sayı 2017-ci ildə 375, 2018-ci ildə isə 112 təşkil etmişdir. Bununla yanaşı, İTS-in tətbiqi nəticəsində pilot ərazilərdə anadangəlmə ürək qüsuru ilə doğulan 37 uşaq əməliyyat edilərək sağlamlıqlarına qovuşublar.

Pilot ərazilərdə kəmiyyət göstəricilərinin artması ilə yanaşı, rayon xəstəxanalarında əvvəllər aparılması mümkün olmayan endoprotezləşmə, TUR, laparoskopik cərrahi müdaxilələr və sair mürəkkəb əməliyyatlar həyata keçirilmişdir. Bu əməliyyatların bilavasitə rayon xəstəxanalarında aparılması əhalinin müasir və keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının təmin olunması istiqamətində atılan addımlardan biridir.

Kadr potensialının gücləndirilməsi məqsədilə pilot ərazilərin tibb işçiləri xarici ölkələrdə təlim və təcrübə proqramlarına göndərilmişdir. Eyni zamanda, ölkədə ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görülərək Ailə Sağlamlıq Mərkəzləri yaradılmışdır.

Pilot layihənin ən mühüm nəticələrindən biri də pilot ərazilərdə fəaliyyət göstərən həkimlərin əməkhaqlarının artırılması və nəticə etibarilə onların maddi rifahının əhəmiyyətli dərəcədə yüksəldilməsi olmuşdur. Belə ki, həkimlərin orta aylıq maaşı 2018-ci ildə ölkə üzrə orta aylıq əməkhaqqının 1,9 mislini təşkil etmişdir.

Bunlarla yanaşı, 2018-ci ildə icbari tibbi sığortanın vəsaitlərinə qənaət edilməsi məqsədilə pilot ərazilərdəki xəstəxanaların fəaliyyətində səmərəliliyin təmin edilməsi, idarəetmənin müasirləşdirilməsi və maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində də müvafiq işlər görülmüşdür. Tibb müəssisələrinin fəaliyyətinin elektronlaşdırılması tam təmin edilmişdir.

Əhalinin münasibətini öyrənmək məqsədilə aparılan sorğularda İTS-in tətbiq olunmasına respondentlərin Mingəçevirdə 88, Yevlaxda 79, Ağdaşda isə 86 faizi müsbət fikir bildirmişdir. Agentlik tərəfindən aparılan təhlillərə və beynəlxalq ekspertlərin rəylərinə əsasən pilot layihənin ikiillik nəticələrinə görə əminliklə demək olar ki, ölkəmiz İTS-in tətbiqi və sonrakı inkişafı üçün lazımi şəraitə, zəruri potensial, resurs və imkanlara malikdir.

 

– Zaur müəllim, pilot ərazilərdə sığorta olunanların baza zərfi çərçivəsində tibbi xidmətlər aldıqlarını qeyd etdiniz. İTS-in baza zərfinə hansı xidmətlər daxildir?

– Hazırda İTS-in baza zərfinə 1829 adda tibbi xidmət daxildir. Bunlardan 480-i  ambulator, 677-si stasionar, 18-i ilkin səhiyyə, 6-sı təcili və təxirəsalınmaz tibbi yardım, 23-ü isə fizioterapevtik xidmətlərdir. Baza zərfi həmçinin 459 adda laborator müayinəyə və 166 adda həyati vacib-dəyəri yüksək olan xidmətlərə də təminat verir.

2020-ci il 1 yanvar tarixində qüvvəyə minəcək “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən isə icbari tibbi sığortanın xidmətlər zərfi iki hissədən ibarət olacaq: baza və əlavə hissələrdən. Baza hissəyə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, əlavə hissəyə isə ixtisaslaşdırılmış tibbi yardım aiddir. Baza hissədən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istifadə edə bilərlər. Baza hissədən istifadə pulsuzdur və bu xidmətlər üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığortahaqqı ödənilməlidir.

Burada bir məqamı qeyd edim ki, ölkə əhalisinin 45 faizini təşkil edən uşaqlar, tələbələr, pensiyaçılar, sosial müavinət və ünvanlı sosial yardım alan şəxslər, hamilə və sosial məzuniyyətdə olan qadınlar (Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsi və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda) üçün sığortahaqqının dövlət büdcəsi tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur.

Nəzərinizə çatdırım ki, hazırda xidmətlər zərfi üzərində agentlik tərəfindən ciddi işlər həyata keçirilir. Yaxın zamanlarda xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları təsdiq olunduqdan sonra ictimaiyyətə açıqlanacaq.

 

– Prezident İlham Əliyev ölkədə İTS-in tətbiqinin təmin edilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin yaradılması haqqında 2018-ci ilin sonlarında fərman imzalayıb. Hansı tibb müəssisələri TƏBİB-in tabeliyinə veriləcək?

– Sözügedən fərmanın icrası məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 aprel tarixində bir sıra dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsi barədə qərar qəbul edib. Qərara əsasən TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısı təsdiq edilib. Qərar 2020-ci il yanvarın 1-də qüvvəyə minəcək. Siyahıya Bakı şəhəri və rayonlar üzrə tibb müəssisələri, elmi tədqiqat institutları, tibbi mərkəzlər və birliklər, stasionar müəssisələr, ambulator-poliklinika müəssisələri, təcili tibbi yardım müəssisələri və s. aiddir.

 

– TƏBİB-in fəaliyyət istiqamətləri nədən ibarət olacaq?

– TƏBİB-in inzibati məsələləri bu il öz həllini tapacaq. 2020-ci ildən fəaliyyətə başlayacaq olan TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini həyata keçirməkdir. TƏBİB tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin edəcək və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görəcək. TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaradacaq, tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdıracaq. Həmçinin tibb müəssisələrində göstəriləcək tibbi xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət edəcək.

Qeyd edim ki, TƏBİB publik hüquqi şəxsin yaradılması və dövlət tibb müəssisələrinin onun tabeliyinə verilməsi, dövlət tibb müəssisələrinin elektronlaşdırılması, habelə İTS-nin sonrakı inkişafı ilə bağlı qərarlar qəbul edilmiş və bundan irəli gələrək agentlik qarşısında mühüm vəzifələr qoyulmuşdur.

“Tibbi sığorta haqqında” Qanuna edilmiş dəyişikliklərin 2020-ci ildə qüvvəyə minməsini nəzərə alaraq, ölkənin səhiyyə sisteminin İTS-in tələblərinə uyğunlaşdırılması ehtiyacı yaranmışdır. Bu məqsədlə tibb müəssisələrinin ilkin qiymətləndirilməsi həyata keçirilmiş və nəticədə 2019-cu il üzrə görüləcək işlərə dair tədbirlər planı işlənib hazırlanmışdır. Tədbirlər planına uyğun olaraq  tibb müəssisələrinin elektronlaşdırılması ilə bağlı zəruri işlərin görülməsi və informasiya texnologiyalarının geniş tətbiqi nəzərdə tutulur.

Bununla yanaşı, tibb müəssisələrinin İTS sisteminə keçidini təmin etmək məqsədilə tibb işçilərinin biliklərinin artırılması və bacarıqlarının təkmilləşdirilməsi üçün bir sıra təlimlərin keçirilməsi planlaşdırılır.

Eyni zamanda, dövlət tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə agentlik Səhiyyə Nazirliyi ilə birgə tibb müəssisələri üçün keyfiyyət standartları üzərində işə başlayıb.  2020-ci il ərzində 20 standartın tətbiqi nəzərdə tutulub. Standartlara uyğun fəaliyyət göstərən tibb müəssisələri agentlik tərəfindən keyfiyyət indeksinə uyğun əlavə maliyyələşmə imkanı əldə edəcək. Sonrakı illərdə isə keyfiyyət standartlarının sayının 200-ə çatdırılması nəzərdə tutulub.

Əhalinin İTS çərçivəsində yararlana biləcəyi xidmətlərin toplusunu ehtiva edən xidmətlər zərfinin hazırlanması, habelə tibbi xidmətlərin tariflərinin müəyyənləşdirilməsi üzərində işlər aparılır. Həmçinin qarşıya qoyulan mühüm vəzifələrdən biri də səhiyyə işçilərinin gəlirlərinin əmək bazarının tələblərinə uyğun tənzimlənməsidir. Hazırda bu istiqamətdə işlər yekunlaşmaq üzrədir.

Nəzərinizə çatdırım ki, artıq 10 milyon olan əhalimizin icbari tibbi sığortalanması kimi şərəfli missiya bizə həvalə edilib. Bu səbəbdən də, tibb müəssisələrinin İTS-in məlumat bazasına inteqrasiyası, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə, TƏBİB-in tabeliyinə verilmiş tibb müəssisələrində gəlirlərin və xərclərin uçotu da daxil olmaqla, həmin tibb müəssisələrinin tam idarəedilməsini təmin edəcək proqram təminatının hazırlanması ilə bağlı tapşırıqlar icra edilməlidir.


© “Xalq qəzeti”

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz