10 may 2019 11:10

Azərbaycanda 181 min fermer - QEYDİYYATA ALINIB

Bu həftə Şəmkir rayonunda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi ilə bağlı maarifləndirmə işlərinə başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyindən FED.az-a verilən məlumata görə, Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzində fermerlərə informasiya-məsləhət xidməti göstərəcək könüllülərə təlimlər keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən keçirilən təlimlərdə könüllülərə sistemin funksiyaları, xidmət reqlamenti, məlumatların daxil edilmə ardıcıllığı izah olunub.

EKTİS-in tətbiqi prosesinə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də dəstək verir. Səyyar ASAN xidmət avtobusu rayonun Təzəkənd kəndində fermerlərə xidmət göstərməyə başlayıb. Fermerlər səyyar xidmətlərdən yararlanaraq öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil ediblər. Analoji proses Şəmkir DAİM-də yaradılmış xidmət pəncərələrində də həyata keçirilir. Həftə ərzində rayonun digər kəndlərində də fermerlərə səyyar xidmət göstəriləcək.

Eləcə də bax: AQTA-nın sədri: "Sahibkarlar bütün sanitar normalara riayət etməlidirlər"

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, fermerlər www.eagro.az saytına daxil olaraq özlərinə şəxsi kabinet yarada və aqrar fəaliyyətlərini EKTİS-də bəyan edə bilərlər: “Fermerlərimizi bu prosesdə daha aktiv olmağa çağırırıq. Fermerlər Dövlət Aqrar İnkişaf Mərkəzlərinə, “ASAN xidmət” mərkzələrində yaradılmış xüsusi xidmət pəncərələrinə yaxınlaşaraq və Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə zəng vuraraq qeydiyyat proseduru ilə bağlı yarana biləcək sualları ünvanlaya bilərlər. Əməkdaşlarımız və könüllülərimiz bütün suallara tam şəkildə aydınlıq gətirəcəklər”.

Bu günə qədər EKTİS-də 181 169 fermer qeydiyyatdan keçib. Sabirabad rayonunda 11,789, Şəkidə 7278, Saatlıda 6739, Zaqatalada 6708, Biləsuvarda 6637, Cəlilabadda 6471 fermer yeni sistemdə özlərinə şəxsi kabinet yaradaraq, aqrar fəaliyyətlərinə dair məlumatları müvafiq bölmələrdə qeyd ediblər. Əksər rayonlarda fermerlərin EKTİS-də qeydiyyatdan keçmə göstəricisi 40%-dən çoxdur.

Nazirlik tərəfindən növbəti həftələrdə digər rayonlarda da analoji maarifləndirmə işlərinin aparılması, fermerlərə səyyar informasiya-məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulur.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz