01 mart 2019 08:21

Lənkəranda ketçup və xardal müəssisələri yaradılır – YENİ LAYİHƏ

Sahibkarlığın İnkişafı Fondu(SİF) Lənkəran rayonunda maliyyələşdiriləcək prioritet sahələri müəyyənləşdirib. FED.az xəbər verir ki, bu barədə fonddan məlumat verilib.

SİF prioritet hesab olunan kənd turizmi, çəltikçilik, çayçılıq, bağçılıq, istixana və cins heyvandarlıq təsərrüfatlarının, ketçup, mayonez və xardal sousu istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir.

“Lənkəran rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə bilərlər”, – deyə məlumatda qeyd olunur.

Eləcə də bax: Azərbaycanda şirə istehsalı 40% artıb

Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.

Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 mlrd. 94 mln. 254,581 min manatdır.

2018-ci ildə fondun xətti ilə sahibkarlara 160,2 mln. manat məbləğində güzəştli kredit verilib. 2019-cu ildə bu məbləğ ən azı 160 mln. manat təşkil edəcək.

SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 mln. manatadək və 10 il müddətinə 1 mln. manatdan 10 mln. manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz