25 fevral 2019 21:55

Mağaradan göydələnlərə gedən yol – PİLLƏLƏR - TARİX

Bir neçə il əvvəl Nyu-York meriyası  şəhər sakinlərini pilləkənlərdən daha çox istifadə etməyə çağırmışdı. FED.az xəbər verir ki, məqsəd – son vaxtlar şəhər əhalisi arasında çoxalan artıq çəki probleminin həlli idi. Meriyanın qərarı ilə şəhərin müvafiq orqanları pilləkəndən istifadənin sağlamlığa faydası barədə təbliğata başlamalı və pilləkənlərin dizaynını təzələməli idilər. Bu hadisə, yaranmasından neçə min il keçməsinə və çoxsaylı alternativlərinin olmasına baxmayaraq pilləkənlərin müasir insanların həyatında necə mühüm rol oynadığını göstərir.
Eləcə də bax: Londonun gizli, funtlu milyarder gildiyaları - BİZNES TARİXİ

Sivilizasiyanın simvolu
Pilləkən – bəşəriyyət tarixində və memarlıqda ən qədim qurğulardan biridir. İndiyədək dünyada tikilmiş heç bir binanı – qədim qəsrlərdən tutmuş müasir göydələnlərə qədər, Misir ehramlarından ticarət mərkəzlərinədək – pilləkənsiz təsəvvür etmək mümkün deyil. Ən sadə memarlıq elementləri olsa da, pilləkən, əslində sivilizasiyanın simvollarından biri sayılır. 

Eləcə də bax: Necə oldu ki, Norveçin Pensiya Fondu dünyanın ən böyük əmlak sahibinə çevrildi? – BİZNES TARİXİ  

Pilləkəni kim icad edib?
İnsanlar pilləkəndən istifadə etməyi hələ yazıya başlamazdan əvvəl öyrənmişdilər. Ona görə də pilləkənin nə vaxt və kim tərəfindən icad olunduğu dəqiq bilinmir. Yalnız o məlumdur ki, pilləkən paleolit dövründə ortaya çıxıb. Bu barədə çoxsaylı versiyalar var.
Eləcə də bax: 40 dolları 10 milyon dollara çevirənlər – BİR BANKİR BÜTÖV ŞƏHƏRİ NECƏ MİLYONÇU ETDİ? - BİZNES TARİXİ
 
Dağ keçilərinin yolu ilə
Ən geniş yayılan versiyaya görə, ilk pilləkənlər hələ ibtidai icma quruluşu zamanı yaranıb. İbtidai insanlar heyvanların dağa pilləkənə bənzəyən pilləli cığırlarla qalxdığını görərək bunun daha rahat olduğunu öyrənmişdilər. Sonradan bu üsulu təkmilləşdirərək yaşayış üçün tikilən bütün yerlərdə tətbiq etdilər. 
Digər versiyaya görə, qədim insanlar sığınacaq seçərkən, vəhşi heyvanlardan qorunmaq üçün hündürlükdəki mağaralara üstünlük verirdilər. Bu üsul heyvanların mağaraya girməsinə mane olsa da, insanlara da problem yaradırdı. Adamlar bu problemi yerdə səliqə ilə qazılmış kiçik çalalar vasitəsilə həll edirdilər. Sonradan bu çalalar sırası bizə məlum olan pilləkənə çevrildi.
Bəzi tarixçilər isə bildirir ki, pilləkən ideyası insanların ağlına ağaclara çıxarkən gəlib. Ağaca çıxarkən budaqlardan istifadə edən insanlar pilləkəni də budaqlara oxşadıblar. 

Eləcə də bax: Orta əsrlərin maliyyə tarixi dərsi - TÜLPANOMANİYA

Toxunma nərdivanla «bal ovu»
Başqa tədqiqatçılar bildirir ki, pilləkənin ilk variantı otlardan toxunan nərdivan olub. Bunu İspaniyanın Valensiya vilayətindəki Hörümçək mağarasında birində tapılmış qaya şəkilləri də təsdiqləyir. 8 min il əvvəl çəkilən şəkildə bal götürmək üçün arı yuvasına çıxan adam məhz belə – toxunma nərdivandan istifadə edir. Sonradan bu qurğu təkmilləşərək müxtəlif variantlara çevrilib və görməyə adət etdiyimiz pilləkən yaranıb. 

Eləcə də bax: Avropanın ən varlı ailəsi Azərbaycanda -  ROTŞİLDLƏRİN «QIZIL GENLƏRİ» - BİZNES TARİXİ

1000 yaşlı pilləkən
Ümumiyyətlə, pilləkənlərin yaranması ilə bağlı fikir və ehtimalların sayı böyük olsa da, təsdiqlənmiş fakt budur ki, tikintidə pilləkənlərin tətbiqinə min illər əvvəl başlanıb. 
Avropa sakinlərinin mağarada şəkil çəkdiyi vaxtlarda Yaxış Şərqdə ilk şəhərlər tikilirdi. Bunu qədim İerixon şəhərinin yerində aparılan arxeoloji qazıntılar sübut edir. Qazıntılar göstərib ki, şəhər sakinləri buradakı evləri çiy kərpicdən tikiblər.  Həmin vxat şəhərdə indiyədək də təyinatı bilinməyən hündürlüyü 8 metr, diametri 7 metr olan qüllə inşa edilmişdi.  Qüllənin daxilində bütünlüklə daş plitələrdən ibarət olan pilləkən var idi. Bu qurğu indiyədək gəlib çatan ən qədim pilləkəndir.
Eləcə də bax: Pul əzizdir, yoxsa əqidə? – DÜNYANIN ƏN QEYRİ-ADİ VƏSİYYƏTİ - BİZNES TARİXİ
 
Avropanın ən qədim pilləkəni
Avropanın ən qədim pilləkəninin yaşı isə 7 min ildir. 2004-cüı ildə Avstriyanın Halştadt kəndində aparılan qazıntılarda alimlər çox yaxşı qorunub saxlanmış pilləkən aşkar ediblər. Torpağın tərkibindəki duz cəmi 6 pillədən ibarət olan pilləkənin yaxşı qalmasına imkan verib. Alimlər bildirir ki, bu pilləkən eramızdan 5 min il əvvəl tikilib. İki və daha çox mərtəbəli evlərin tikintisinin başlanması ilə isə pilləkənlərə tələbat daha da artmağa başladı. Artıq pillələr hər bir evin ayrılmaz hissəsi idi.
Eləcə də bax: Tarixdə ən uğursuz əmlak müqaviləsi - BİZNES TARİXİ

 
Pillələrin tarixi
Tarixi mənbələrdə pilləkənin varlığı ən qədim ədəbiyyatlarda təsiqlənir. Pilləkənlər barədə qeydlər Qədim Misir papiruslarında tapılıb. Misir piramidalarının özləri də göyə yüksələn pilləkən şəklindədir. Mayya mədəniyyəti, qədim assuriyalılar və yunan memarlığında da pilləkənlər məşhur idi. Xüsusilə yunan-roma mədəniyyətinin məhsulu olan kolizeylər, amfiteatrlar və məbədlərdə pilləkənlər geniş istifadə olunurdu və obyektin bir hissəsi idi. Hələ qədim yunan tikililərində pilləkənlər təkcə təyinatına görə deyil, dekorativ məqsədlərlə də istifadə edilirdi. Belə tikililərin pillələri insan hündürlüyündə, təqribən 2 metr olması ilə seçilirdi. Bu ölçülər qədim yunan allahlarının inanılmaz göc-qüvətdə və ölçülərdə olmasının təsdiqi idi.
 
Müdafiə məqsadli pilləkənlər
Orta əsrlərdə isə pilləkənlər düşmən hücumundan qorunmaq üçün tikilən qəsrlərin vacib elementi idi. Burada ən geniş yayılan pilləkən növü vintvari pilləkənlər idi. Pillələri elə quraşdırırdılar ki, qəsrlərin müdafiəçiləri divar boyunca hərəkət edib hücumları dəf edə bilsinlər. Qəsrlərdəki vintvari pilləkənlər elə tikilirdi ki, onlarla qalxanlar saat əqrəbi istiqamətində hərəkət etsinlər.  Bu ona görə edilirdi ki, qəsr mühasirədə olanda və ya hücuma məruz qalanda qəsrin müdafiəçiləri əlbəyaxa döyüşdə üstünlük qazansınlar. Belə ki, ən güclü zərbəni sağ əllə, sağdan sola endirmək mümkündür. Pilləkənin belə quruluşunda isə hücum edənlər uğur qazana bilmirdilər. Bundan başqa, hücum edənlər qalxandan istifadə edəcəkdilərsə, silahı işə sala bilmirdilər.
Digər tərəfdən, qəsdən ensiz tikilən pilləkənlər düşmənlərə imkan vermirdi ki, onlar qəsrə iri qüvvələrlə hücum etsinlər. Nəticədə qarşı tərəf yalnız bir-bir irəli atıla bilirdi ki, onlar da qalanın müdafiəçiləri tərəfindən asanlıqla məhv edilirdi. Başqa sözlə, ilk baxışdan sadə bir element kimi görünən pilləkənin quruluşu belə xüsusi hallarda mühüm əhəmiyyət daşıyırdı.  Texnika və topların ixtirasından sonra pilləkənlərin bütün bu üstünlükləri əhəmiyyətini itirdi. Artıq qalaları almaq üçün yeni üsullar ortaya çıxmışdı.
 
Pilləkən ustalarının birliyi
İllər keçdikcə pilləkənlərin də çeşidi və növləri artır, konstruksiyası mürəkkəbləşirdi. Artıq müxtəlif pilləkən növlərinin, xüsusilə də vintvari pilləkənlərin quraşdırılması üçün çoxsaylı riyazi hesablamalar aparmaq lazım gəlrdi. Orta əsrlərdə hətta pilləkən ustalarının xüsusi cəmiyyətləri yaranırdı. Onlar pilləkənlərin quraşdırılması sənətini gizli saxlayır, nəsildən nəsilə ötürürdülər.
Orta əsrlərdə Fransa qəsrlərində pilləkən meydançası yaranmağa başladı. Bu meydançalar artıq binanın əsas girişi sayılırdı. İntibah dövründə isə pilləkənlərdə müxtəlif fiqurlar və heykəltaraşlıq nümunələri istifadə olunurdu.
Pilləkənlərin tikintisində istifadə olunan materialların növü, pilləkənlərin forması və görünüşü də dəyişirdi. O dövrdə pilləkənlərin hazırlanması üçün ən yaxşı material ağac idi, çünki onun hazırlanması daha sadə idi. Sonradan isə daş və mərmər pilləkənlər də geniş yayılmağa başladı.
Getdikcə pilləkənlərə olan tələblər də artırdı. İngilis memarı və diplomatı Ser Henri Uotton yazırdı ki: «Yaxşı pilləkən yaratmaq mürəkkəb memarlıq məsələsidir. Pilləkən elə işıqlandırılmalıdır ki, heç kim təsadüfən sürüşüb yıxılmasın, yuxarıda kifayət qədər yer saxlanmalıdır ki, çıxan adama hava çatsın». Bundan başqa, pilləkənlə çıxanların yorulmaması üçün memarlar pillələrin geniş, mailliyin isə az olmasını məsləhət görürdülər. Bu məsləhətlərdən indi də istifadə olunur.
 
Liftlər pilləkənləri silə bilmədi
Əsl təyinatına  - insanların yüksəyə daha rahat qalxmasına gəlincə, pilləkənlər bir neçə 100 il alternativsiz idi. Yalnız 20-ci əsrin ortalarından etibarən, yaşayış binalarında liftlərin kütləvi şəkildə quraşdırılmasından sonra pilləkənlərə alternativ tapıldı. Hərçənd pilləkənlər istənilən halda tikilirdi. Son illər isə pilləkəndən istifadənin sağlam həyat tərzi ilə əlaqələndirilməsi bu sahəyə marağı daha da artırıb. Amma hətta bundan sonra da pilləkənlər öz aktuallığını nəinki qoruyub saxladı, hətta bu sahədə böyük inkişaf baş verdi.
Hazırda pilləkən qurğularına qarşı ciddi tələblər irəli sürülür. Onlar komfortu təmin etməli və gözəl dizayna malik olmalıdırlar. Nəticədə piləkənlər  müasir memarlıq dizaynının elementlərindən birinə çevrilib.
 
Nyu-Yorkun pilləkənləri
Pilləkənlər bu gün də istifadə olunur, amma həm də başqa məqsədlərlə. Doğrudur, müasir meqapolislərdə binaları sürətli liftlərsiz təsəvvür etmək çətindir, üstəlik əgər bu binalar 10 və daha artıq mərtəbəlidirsə.  Amma bu dəyişikliklər pilləkənlərin əhəmiyyətini qətiyyən azaltmayıb. Əksinə, son vaxtlar pilləkənlərdən istifadənin əhəmiyyəti daha da artıb. Pilləkəndən istifadənin sağlam həyat tərzi üçün əhəmiyyətini göstərən misal  - real vəziyyəti yaxşı təsvir edir.
Qeyd edək ki, Yaponiyanın bəzi iri şirkətlərində də sağlam həyat tərzinin təbliği və pilləkəndən istifadənin artırılması üçün liftlərin hərəkətinə müəyyən məhdudiyyətlər qoyulur. Belə ki, pilləkən və lift sistemi elə tənzimlənir ki, işçilər onlara lazım olan mərtəbəyə qalxarkən təkcə liftdən yox, pilləkəndən də istifadə etməli olsunlar. 
 
180-200 kiloqrama davam gətirməlidir
Pilləkənlərin əsas  dekorativ elementlərindən biri sürahilər idi. Əslində sürahilər pilləkəndən istifadə edənlərin söykənməsi üçün nəzərdə tutulub. Amma zaman keçdikcə, onlar da pilləkənin özü kimi, dizayn elementinə çevrildi. 
Müasir pilləkənlərin əsas funksiyaları rahatlıq, möhkəmlik və gözəl görünüşdür.
İstənilən məkanda, binanın daxilində və ya açıq havada olmasından asılı olmayaraq – pilləkənlər yerləşdikləri ərazinin ümumi görünüşünü müəyyən edən əsas qurğulardandır. Ətrafındakı ağac, kollar və dibçəklər görünüşü daha da zənginləşdirir. Ümumi qaydalara görə, pilləkən 180-200 kiloqramlıq yükə davam gətirməlidir.
 
Dünyanın ən uzun pilləkəni
«Ayaqlarınızı məşq etdirmək istəyirsiniz? Siz hökmən buraya gədməlisiniz». İsveçrədə yerləşən dünyanın ən uzun pilləkənini təqdim edən rolik bu sözlərlə başlayırdı. Bu pilləkən Mülenen şəhərciyi ilə Nizen dağını birləşdirir. Nizen dağı Bern regionunun simvollarından biri sayılır. Dağa qalxmaq üçün burada funikulyor tikilib. Şvits şəhərciyi yaxınlığında yerləşən funikulyorla qalxdıqca ətrafdakı inanılmaz gözəllik və təbiətlə yanaşı, dünyanın ən uzun pilləkənini də seyr etmək olar. 
Məhz bu funikulyorun tikilməsi burada dünyanın ən uzun pilləkəninin tikintisinə səbəb oldu. Əslində pilləkən ona görə inşa edilib ki, funikulyora xidmət göstərmək mümkün olsun. Uzunluğu 3,5 kilometr olan pilləkəndə 11 674 pillə var. Pilləkən adamı 1669 metr hündürlüyə qaldırır. Adətən bura turistlər üçün bağlı olur, qonaqlar buradan ildə yalnız bir dəfə yay aylarında istifadə edə bilərlər. Bu pilləkəni ən tez 1990-cu ildə qət ediblər. Yarış iştirakçısı pilləkənlə aşağıdan yuxarıya 52 dəqiqəyə qalxıb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz