17 yanvar 2019 19:57

Novostroykalara 1 ay vaxt verildi – FƏRMAN

Prezidentin 16 yanvar 2019-cu il tarixli Fərmanı ilə İnzbati Xətalar Məcəlləsinə dəyişiklik edilib.
 
ELƏCƏ DƏ BAX: Prezidentdən “novostroyka”larla bağlı mühüm qərar – YENİ CƏRİMƏLƏR

FED.az-ın məlumatına görə, iqtisadçı ekspert Samir Əliyev “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, dəyişiklik əsasında Məcəllədə mənzil qanunvericliyinin pozulmasına görə əlavə cərimələr tətbiq ediliməsi nəzərdə tutulub.
 
Dəyişikliyə görə, MTK-lar bir ay müddətində ləğv edilərək mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə (MMMC) çevrilməli və ya həmin qərarla bağlı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidirlər:
 
“Əks halda vəzifəli şəxslər 2000 manat, hüquqi şəxslər isə 5000 manat cərimə ediləcək. Bunun üçün kooperativ binanın tikintisi tam başa çatmalı və həmin binada yaşayan sakinlərin 50%-dən çoxunun “kupçası” olmalıdır.
 
İnzbati Xətalar Məcəlləsinə dəyişiklik həmçinin bələdiyyələrin də məsuliyyətini artırır. Bələdiyyələr Məcəllənin tələblərinə uyğun olaraq çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi ilə bağlı tədbirlər görməlidirlər.
 
Mənzil Məcəlləsinin 141.4-cü maddəsinə görə, çoxmənzilli bina sakinləri altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçməzsə, bu halda bələdiyyə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Əgər bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilməzsə və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilməzsə, bələdiyyə idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Bütün bu addımlar atılmazsa, bələdiyyələrin vəzifəli şəxsləri 300 manatdan 500 manatadək cərimə ödəməli olacaqlar.
 
Bundan başqa müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydanı pozmaqla, çoxmənzilli binanın idarə edilməsi, habelə həmin qaydanın müddəalarının çoxmənzilli binanın idarə edilməsi müqaviləsində əks etdirilməməsinə görə vəzifəli şəxslər 500 manatdan 800 manatadək, hüquqi şəxslər isə 500 manatdan 2000 manatadək cərimə edilir.
 
Əgər bina sakini ona məxsus olan sahənin saxlanması xərclərini, habelə binanın ümumi əmlakının saxlanması xərclərini vaxtında və tam məbləğdə çəkməkdən boyun qaçırılmasına görə ödənilməli olan ödənişlərin məbləğinin 100%-dən 150%-nədək cərimə edilir.
 
Əgər kimsə çoxmənzilli binanın sahə mülkiyyətçilərinə binanın idarə edilməsi üsulunun seçilməsində maneçilik törədərsə, vəzifəli şəxslər 300 manatdan 800 manatadək, hüquqi şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə cərimə edilir”.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz