28 dekabr 2018 08:58

Türkiyə İspaniyadan önə keçməyi planlaşdırır - Əcnəbilərə əmlak satışında  

"Yeni şafak" qəzetində dərc olunmuş xəbərə görə qardaş ölkə yaxın illərdə xarici vətəndaşlara 10 milyard dollarlıq daşınmaz əmlak satmağı planlaşdırır. Bu istiqamətdə qabaqcıl addım atan Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi yeni bir qurumun yaradılmasına start verib.

FED.az xəbər verir ki, "Əcnəbilərə Ev Satışı Koordinasiya Mərkəzi" adı daşıyacaq bu qurumun ilk hədəfi 50 min satış rəqəmi ilə İspaniyanı geridə buraxaraq ölkəyə valyuta axınını təmin etmək olacaq. Bu qurum həmçinin Türkiyə ərazisində əcnəbilərə ev satışı zamanı baş verən bürokratik əngəlləri də ortaya çıxaracaq. 

Türkiyə Ətraf Mühit və Şəhərsalma Nazirliyinin hesabatinda bildirilir ki bu ilin avqust-noyabr aylarında əcnəbilərə əmlak satışı xeyli artıb. 2017-ci ilin noyabr ayında əcnəbilərə satış 2000 idisə 2018-ci ilin müvafiq dövründə bu rəqəm 5000-i keçib. O da qeyd olunur ki, əcnəbilərin Türkiyə vətəndaşlığına keçməsi şərtləri bu ilin sentyabr ayında dəyişdirilərək daha da asanlaşdırılıb. Hazırda türk pasportuna sahib olmaq istəyən əcnəbi minimum 250.000 dollar dəyərində əmlak almalıdır. 

Eləcə də bax: Türkiyə vətəndaşlığı almaq - QAYDASI DƏYİŞİR

Satılan evlərin siyahısında liderliyi hər zamankı kimi İstanbul qoruyur. Megapolisi Antalya, Bursa, Ankara, Yalova, Trabzon ve Sakarya izləyir. 2018-ci ildə Türkiyədə ev alanlar ən çox İraq vətəndaşlarıdır. Bu ölkəni İran, Səudiyyə Ərəbistanı, Rusiya, Kuveyt, Əfganıstan ve Almaniya izləyir. 
2017-ci ildə əcnəbilərə 22.200 ev satışından Türkiyəyə 4,6 milyard dollar valyuta daxil olub. Əmlak satışları kiçik və orta biznesin inkişafına da təkan verəcək. İnşaat materiallarının təqribən 90%-i yerli istehsaldır. Əcnəbilərin ev alımı məişət texnikası, elektronika, mebel, tekstil və digər sahələrin də dirçəlməsinə səbəb olacaq. 

Hesabatda həmçinin qeyd olunur ki, Hazırda Türkiyənin inşaat sektorunun qarşısında 3 vacib məsələ durur. İlk məsələ əcnəbilərə əmlak satışının valyuta qazandıran prioritet sahə kimi qiymətləndirilməsidir. Digər məsələ 2012-ci ildə əcnəbilərə əmlak satışını tənzimləyən müvafiq qanunun yenidən işlənməsidir. Sonuncu məsələ isə hazırda vətəndaşlıq almaq üçün təyin olunmuş 250.000 dolların bir qədər də aşağı salınması kimi təkliflərin müsbət həllini tapmasıdır. 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz