18 dekabr 2018 11:00

Daşkəsəndəki torpaqların sahibləri - MƏLUM OLDU

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaradılan Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi üzrə daha bir rayonda torpaqların elektron uçotu başa çatıb.

Komitədən FED.az-a verilən məlumata görə, Daşkəsəndə yekunlaşan işlər nəticəsində məlum olub ki, rayonun bələdiyyə hüdudları daxilində torpaq islahatına cəlb edilmiş 53,3 min hektar torpaq sahəsi var. Bunun 31,9 min hektar bələdiyyə, 10,3 min hektar dövlət, 11,1 min hektar özəl torpaqların payına düşür.

Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 35,1 min hektara yaxını (65,8 %-i) kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 10,4 min hektarını əkin sahələri təşkil edir.

Torpaq islahatı aparılan zaman rayon üzrə əkin sahələri 16,8 min hektar olduğu halda, elektron uçot aparılan zaman bu ərazilər müxtəlif uqodiyaların  hesabına azalaraq 10,4 min hektar olub.

Uçot işləri zamanı müəyyən edilib ki, torpaq payı almış ailələrdən 7,8 minə yaxının torpaq ölçüləri 1 hektaradəkdir. Bu da onu göstərir ki, torpaq sahələrinin konsolidasiyasına, birləşməsinə ehtiyac vardır.

Eləcə də bax: Bakıda tikinti bumu mənzilləri -UCUZLAŞDIRACAQ

Həmçinin kənd təsərrüfatına yararlı olan sahələrdə (mülkiyyət növünə görə) yerləşən tikili və qurğular barədə müfəssəl məlumatlar da əldə edilmişdir. Belə ki, həmin ərazilərdə 179 tikili və qurğuların (bundan 3 dövlət mülkiyyətində, 149 bələdiyyə mülkiyyətində, 27 xüsusi mülkiyyətində) olduğu aşkar edilib.

Bu işlər nəticəsində əmlaka dair çıxarışların verilməsi və digər qeydiyyat xidmətləri də vətəndaşlara sadə və sürətli formada göstəriləcək. Belə ki, rayon ərazilərində yerləşən daşınmaz əmlaklar barədə məlumatlar bazaya daxil edilib. 

Görülən işlərlə paralel olaraq rayonunun torpaq xəritəsi, yay otlaqlarının geobotaniki xəritəsi, eləcə də eroziya xəritələri tərtib edilib. Bununla hansı ərazilərin münbit olduğunu, hansı torpaqların şorlaşmaya məruz qaldığını müəyyən etmək olur. Fermer isə torpaqda hansı növ fermer təsərrüfatı ilə məşğul olacağını planlaşdıra bilir, torpağın aqrar sahədəki yararlılıq dərəcəsi mülkiyyətçiyə bəlli olur.  

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz