Xəbər verildiyi kimi, martın 13-də Almaniyada səfərdə olan prezident İlham Əliyev bu ölkədə fəaliyyət göstərən aparıcı iş adamları ilə görüşüb.
FED.az-ın məlumatına görə, görüşdə iş adamları dövlət başçısına bəzi təkliflər verib və biznes imkanlarla maraqlanıblar.
Görüşdə “Rhenus SE & CO. KG” lagistika şirkətinin təmsilçisi Haynrix Kerstgens dövlət başçısına bildirib ki, Xəzər dənizində baş verən quruma nəticəsində burada gəmiçiliyə baxış dəyişməlidir, yəni Xəzərdə başqa dizaynlı və fərqli ölçülü gəmilər işləməlidir. İş adamı bildirib ki, Xəzər dənizindəki gəmiçiliyin hazırkı potensialı gələcəkdə ehtiyac olacaq nəqliyyat axınına tab gətirə bilməyəcək. Haynrix Kerstgens bu məsələni artıq Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə də müzakirə edib: «Xəzər dənizi üçün optimal ölçüdə olan gəmilərin layihələndirilməsi zəruridir. Artıq iki dəfə qeyd etdiyiniz kimi, Xəzər dənizi getdikcə dayazlaşır. Beləliklə, problem quraqlıqdır».
İş adamı xatırladıb ki, oxşar problem Almaniyada Reyn çayı ilə bağlı da yaranıb: «Xüsusi gəmiçilik konsepsiyasının hazırlanmasına ehtiyac duyulur. Yəni, onun göyərtəsinin qabaq və arxa hissələri başqa cür layihələndirilə bilər. Hesab edirik ki, gələcəkdə optimallaşdırılmış gəmilərə ehtiyac olacaq. 20-40 belə gəmi Qazaxıstanla Azərbaycan arasında bölüşdürülə bilər. Çünki gəmilər 20 ildən 40-50 ilə kimi istismar oluna bilər. Eyni zamanda, mühərrik təkcə daxiliyanma mühərriki olmalı deyil. Bütün bunlar nazirliklərlə, sənaye sahəsindən olan insanlarla, universitetlərlə birlikdə edilməlidir, investisiya təkcə bir özəl şirkət tərəfindən yatırıla bilməz, dövlətin birgə səyi olmalıdır».
Prezident İlham Əliyev iş adamının təklifini müsbət qarşılayıb: «Dəyərli fikirlərinizə görə təşəkkür edirəm. Şadam ki, bu yaxınlarda Bakıda olmusunuz və bütün rəsmi şəxslərlə görüşmüsünüz. Siz Ələt Azad İqtisadi Zonasını, limanı, Nəqliyyat və İqtisadiyyat nazirliklərini qeyd etdiniz. Bununla bağlı yaxşı təmaslar var və əlbəttə ki, sizin gəmilərin dizaynının optimallaşdırılması ilə bağlı tövsiyələriniz yüksək qiymətləndirilir. Çünki mənim bildiyimə görə ideya bizdə olan gəmilərin, istər quru yük gəmisi və ya tankerlərin inşasının davam etdirilməsindən ibarətdir. Əgər hansısa səbəblərdən və ya bəlkə dayaz sular səbəbindən, bəzi kanalların qazılması ilə əlaqədar, - biz hələ də Xəzərin hər iki tərəfində kanallar qazmalıyıq, - gəmilərin optimallaşdırılması ilə, imkanların genişləndirilməsi və ya sürətinin artırılması ilə bağlı yeni yanaşma olsa, düşünürəm ki, bu, nəzərə alınacaq».