Azərbaycanda tarifləri dövlət tərəfindən tənzimlənməyən az saylı sahələrdən olan taksi xidmətləri artıq bir neçə ildir ki, müxtəlif yerli və xaric şirkətlər ciddi rəqabət sahəsinə çevrilib.
FED.az xatırladır ki, hazırda yerli bazarda bir neçə yerli şirkət beynəlxalq taksi xidməti platformaları olan «UBER» və «BOLT»la rəqabətdədirlər.
Bazarda uzunmüddət fəaliyyət göstərən və daha çox tanınan «189 TAKSİ» tariflərinə görə digər rəqiblərinə uduzsa da, keyfiyyəti ilə daha öndədir.
Bir neçə gün əvvəl şirkət öz mobil tətbiqini yenilədiyin elan edib və bununla əlaqədar çoxsaylı suallarla üzləşib.
Şirkətin rəhbəri Samir Kərimov bu suallara cavab vermək, eləcə də ümumiyyətlə taksi xidmətləri sektorunda real vəziyyəti öz statusunda izah edib.
FED.az əhalinin böyük hissəsinin istifadə etdiyi xidmətlərlə bağlı statusu təqdim edir. Samir Kərimov yazır:
«4 gün öncə 189-un yeni mobil tətbiqin buraxılmasi ilə bağlı bir post yazmışdım (link şərhdə olacaq). Açığı gözlədiyimdən qat-qat çox reaksiya aldım və sözün düzü mənim üçün çox xoş oldu. İnşaallah, istifadəçilərimizin gözləntilərini doğruldacağıq. Amma mənə qiymət və sürücülərlə bağlı çoxlu suallar və müraciətlər ünvanlamışıdır. Onlara bu postda cavab vermək istəyirəm:
1. Qiymətlərimizin yüksək olması
1.1 Hər bir normal biznesin məqsədi pul qazanmaqdır. Eynən də bizim.
Lakin, təəsüf ki, son illərdə böyük startap və korporasiyaların məqsədi həmişə o deyil. Onların məqsədi daha qısa müddət ərzində daha çox istifadəçi əldə etməklə öz sərmayə qiymətlərini növbəti raundda qaldırıb daha baha satmaqdır. Və ya xüsusən bizim kimi kiçik bazarlarda böyük maliyyə hesabına yerli şirkətləri bazardan sıxışdırıb monopoliya yaratmaqdır. Bizim bazarda bu Bolt (indi daha az) və Uber-dir (indi çox aktiv). Məsələn, Uber-də siz o 1 manata getdiyiniz yola, Uber sürücüyə əlavə olaraq 0.6 manat kompensasiya edir. Təsəvvür edin təxmini 10 qəpik qazanır, amma 60 qəpik kompensasiya edir. İcra edilən sifarişlərə görə əlavə bonuslar verir. Və bu model ilə heç vaxt qazanclı ola bilməyəcək, məqsədi də o deyil. Rəsmi məlumatlara əsasən Uber şirkəti hər il 3-4 milyard dollar ziyanla başa vurur.
Və biz də orta yerli şirkət olduğumuza görə bu qədər sərmayə buraxmaq imkanımız yoxdur. O üzdən qiymətləri də bu qədər aşağıya sala bilmirik.
1.2 İkinci məsələ, Bolt Azərbaycan ərazisində taksi gedişlərinə görə vergi ödəmir (Uber-i bilmirəm).
Bu da qiymətlərin aşağı səviyyədə saxlanılmasına çox böyük imtiyazdır. Təsəvvür edin, milyonluq dövriyyəsi olan şirkət bir qəpik (birbaşa taksi və agentlik fəaliyyətindən olan vergilər) belə ödəmir. Yalnız müştərilər kartla ödədiyi halda 18% ƏDV tutulur, o da müştəridən. Bəs şirkət? Hesablamalarıma əsasən hər il iki milyondan çox mənfəət vergisi ödəməli olan şirkət qanunvericilyimizdə boşluqlardan istifadə edib, bu ödənişlərdən yayınır.
2. Onlarda sürücülər çoxdur, sizdə azdır.
Bu da doğrudur, amma bunun da iki səbəbi var
2.1 Müasir "quldarlıq" sistemi
Hamı bilir ki, indi kimdə 2-3 maşın var qoşur onları Bolt ya Uber-ə. Amma həmin maşınları idarə edən sürücülərin iş şərtlərinizdən xəbəriniz varmı? Tap.az kimi elan saytlarına daxil olun. Minimum 12 saatlıq iş rejimi, həftədə cəmi 1 istirahət günü. Və onların ortalama qazancı 800 manat civarındadır. Və əlbəttə, heç biri rəsmi qeydiyyat olunmur və onların nə DSMF nə gəlir vergisi ödənilmir. Belə şiddətli şəraitdə onların bir sifarişdən imtina etmək belə hüquqları yoxdur. Ona görə də tez gəlirlər. Amma ona görə də hər gün onlarla Bolt ya Uber maşınlarının iştirakı ilə yol nəqliyyat hadisələrinə rast gəlirik.
2.2 Onların sürücüləri həqiqi taksi sürücüləri deyil.
Bizimlə partnyorluq edən sürücülərin 90+% işlək VÖEN-ləri var, onlar xüsusi nəzarətdən keçirilib işə cəlb olunurlar. Amma Bolt ya Uber-də ikinci ya üçüncü iş kimi, heç bir VÖEN və digər sahibkarlıq fəaliyyətdə tələb olunan sənəd olmadan işləyirlər. Əlbəttə, belə sürücülərin sayı daha çox olar.
Bütün bu məsələlərdə qanunvericilikdə olan boşluqlar və müvafiq dövlət qurumların səriştəsizlikdən irəli gəlir. Vergi Xidməti, Əmək Müfəttişliyi, BNA və digərləri hara baxır? Göz görə-görə açıq aşkar qanun pozuntuları baş verir, amma nəticədə ziyan çəkən ancaq bizik.
Dövlət tərəfindən müvafiq tənzimləmələr olmasa, biz 189 olaraq yenə də təkbaşına bu nəhəng şirkətlərə görə belə haqsız rəqabət etməli olacağıq.